1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. investisiya fəaliyyəti – investorların Azərbaycan Respublikasının ərazisində investisiya qoyuluşu ilə bağlı olan hərəkətlərinin məcmusu;
1.1.2. investisiya – gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar;
1.1.3. investor – Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətini həyata keçirən yerli və xarici investor;
1.1.4. yerli investor – investisiya fəaliyyətini həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasının hüquqi şəxsi;
1.1.5. xarici investor – investisiya fəaliyyətini həyata keçirən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, habelə xarici dövlət;
1.1.6. investisiya layihəsi – investisiya fəaliyyətinin həyata keçirilməsi üçün investisiya qoyuluşunu və onun icrasını şərtləndirən tədbirlərin məcmusu.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.