13.1. İnvestisiyanın dövlət ehtiyacları üçün, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə alınması, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 209-cu maddəsi ilə nəzərdə tutulan rekvizisiya istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində investisiyanın və investisiya qoyuluşunun investorun razılığı olmadan alınmasına və milliləşdirilməsinə yol verilmir.
13.2. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilmir. İnvestisiyaların dövlət ehtiyacları üçün, strateji əhəmiyyətə malik olan investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investordan alınması ayrı-seçkilik hesab edilmir.
13.3. Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara bu Qanunun 13.4-cü maddəsi nəzərə alınmaqla kompensasiya ödənilir.
13.4. Bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulan kompensasiya investisiya müqaviləsində müəyyən edilmiş qaydada, belə qayda olmadıqda isə investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) sonra bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun müəyyən olunur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödənilir.
13.5. Strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə milliləşdirilməsi və ya dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilir.