Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. investisiya fondu – səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur;

1.1.2. səhmdar investisiya fondu – səhmdar investisiya fondu fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti səhmlərinin yerləşdirilməsindən əldə edilən pul vəsaitlərinin investisiya bəyannaməsi ilə nəzərdə tutulmuş qaydada qiymətli kağızlara və digər əmlaka yatırılmasından mənfəət əldə edilməsi olan açıq səhmdar cəmiyyətidir;

1.1.3. paylı investisiya fondu – ümumi paylı mülkiyyət hüququ əsasında investisiya fond paylarının mülkiyyətçilərinə məxsus və investisiya fondunun idarəçisinin idarəetməsində olan əmlak toplusudur. Paylı investisiya fondu hüquqi şəxs statusuna malik deyil və onun aktivləri paylarının satışından daxil olan pul vəsaitlərindən, həmin vəsaitlərin investisiyası nəticəsində əldə olunan digər aktivlərdən ibarətdir. Paylı investisiya fondu açıq, qapalı və interval formada yaradıla bilər;

1.1.4. açıq paylı investisiya fondu – paylarının satışını və geri satınalınmasını həftədə bir dəfədən az olmamaq şərti ilə həyata keçirən və aktivləri yalnız pul vəsaitləri və qiymətli kağızlardan ibarət olan paylı investisiya fondudur;

1.1.5. interval paylı investisiya fondu – paylarının satışını və geri satınalınmasını ildə bir dəfədən az olmamaq şərti ilə həyata keçirən və aktivləri yalnız pul vəsaitləri və qiymətli kağızlardan ibarət olan paylı investisiya fondudur;

1.1.6. qapalı paylı investisiya fondu – paylarının satışını və geri satın alınmasını fondun fəaliyyət müddətinin sonunda, bu Qanunun 18.6-cı maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirən və aktivləri yalnız pul vəsaitləri, qiymətli kağızlar və daşınmaz əmlakdan ibarət olan paylı investisiya fondudur;

1.1.7. investisiya fond payı (bundan sonra - pay) – öz mülkiyyətçisinin paylı investisiya fondunda payına mülkiyyət hüquqlarını təsdiq edən, paylı investisiya fondu ləğv edildikdən sonra fondun aktivlərinin satışından payına müvafiq pul vəsaitlərini almaq hüququnu, habelə bu Qanunla və müvafiq normativ hüquqi və normativ xarakterli aktlarla nəzərdə tutulmuş digər hüquqları verən sənədsiz adlı qiymətli kağızdır;

1.1.7-1. vençur kapitalı fondu – fəaliyyətinin müstəsna predmeti investorların mənfəət əldə etməsi məqsədilə yalnız peşəkar investorlardan cəlb edilmiş pul vəsaitlərinin investisiya bəyannaməsinə uyğun olaraq investisiya edilməsi olan və aşağıdakı meyarlara cavab verən, habelə bu Qanunla nəzərdə tutulmuş təşkilati-hüquqi formalarda yaradılan investisiya fondudur:

1.1.7-1.1. əsas fəaliyyətinin investisiya qoyuluşundan ibarət olması və bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla digər kommersiya fəaliyyəti həyata keçirməməsi;

1.1.7-1.2. fondun investorları üçün ortaq gəlir əldə etmək məqsədilə cəlb edilmiş kapitalı birləşdirməsi;

1.1.7-1.3. maliyyə və əməliyyat fəaliyyəti istiqamətlərinin müəyyən edilməsində, investisiya qərarlarının qəbulunda bütün təsisçilərin (iştirakçıların) birgə şəkildə davamlı iştirakının olmaması;

1.1.7-2. peşəkar investor – “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsi ilə müəyyən edilmiş institusional investorlar, iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafının maliyyələşdirilməsi və innovasiya fəaliyyətinin həyata keçirilməsi məqsədilə fəaliyyət göstərən dövlət adından yaradılan publik hüquqi şəxslər və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və ya bu Qanunun 1.1.7-3-cü maddəsində müəyyən edilmiş tələblərə cavab verən akkreditə olunmuş investorlardır;

1.1.7-3. akkreditə olunmuş investor – bu Qanunun 9-1.3-cü maddəsində göstərilən fəaliyyətə vençur kapitalı fondu vasitəsilə investisiya edən, investisiya ilə bağlı riskləri dərk etmək üçün maliyyə təcrübəsinə və ya potensial itkiləri qarşılamaq üçün maliyyə imkanlarına malik olan və aşağıdakı meyarlardan azı birinə cavab verən fiziki və ya hüquqi şəxsdir:

1.1.7-3.1. son 2 ilin hər birində illik gəliri 150.000 (yüz əlli min) manatdan çox olan və cari ildə də eyni gəlir səviyyəsini əldə edəcəyini əsaslı şəkildə gözləyən fiziki şəxslər;

1.1.7-3.2. əsas yaşayış yeri olan daşınmaz əmlakının dəyəri istisna olmaqla, xalis maliyyə aktivlərinin dəyəri 500.000 (beş yüz min) manatdan çox olan fiziki şəxslər;

1.1.7-3.3. siyahısı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş sertifikatlara malik olan şəxslər;

1.1.7-3.4. xalis aktivlərinin dəyəri 5.000.000 (beş milyon) manatdan çox olan və ya bütün iştirakçıları bu Qanunun 1.1.7-3.1 – 1.1.7-3.3-cü maddələri ilə müəyyən edilmiş meyarlardan birinə cavab verən hüquqi şəxslər;

1.1.7-3.5. bütün iştirakçıları akkreditə olunmuş investorlardan ibarət olan hüquqi şəxslər;

1.1.7-3.6. vençur kapitalı fondunun idarəçisi (hüquqi şəxs olduqda isə onun rəhbər şəxsləri) və investisiya qərarlarının qəbulunda bilavasitə iştirak edən şəxslər;

1.1.7-4. azad hesabatlı vençur kapitalı fondu - bu Qanunun 9-2-ci maddəsində müəyyən edilmiş meyarlara cavab verən, fəaliyyəti üçün lisenziya tələb olunmayan və Mərkəzi Bank tərəfindən aparılan reyestrdə qeydə alınan vençur kapitalı fondudur;

1.1.7-5. lisenziyalaşdırılan vençur kapitalı fondu – bu Qanunun 9-3-cü maddəsinə uyğun olaraq Mərkəzi Bank lisenziyası əsasında fəaliyyət göstərən vençur kapitalı fondudur;

1.1.7-6. idarə edilən aktivlərin həcmi – vençur kapitalı fondunun idarə etdiyi bütün aktivlərinin, o cümlədən cəlb edilmiş, lakin hələ investisiya edilməmiş kapitalın və investorların ödənilməmiş kapital öhdəliklərinin bu Qanunun 9-1.7-ci maddəsinə əsasən hesablanan ümumi dəyəridir;

1.1.7-7. ödənilməmiş kapital öhdəliyi – vençur kapitalı fondunun təsis sənədlərinə (müqaviləsinə) əsasən fondun çağırışı əsasında investorun gələcəkdə fonda ödəməyi öhdəsinə götürdüyü, lakin hələ ödənilməmiş vəsaitin məbləğidir;

1.1.7-8. investorlardan pul vəsaitlərinin cəlb edilməsi – fond (və ya onun adından çıxış edən şəxs) tərəfindən kənar investorlardan (onların fondun təsisçisi qismində çıxış edib-etməməsindən asılı olmayaraq) investisiya məqsədilə fonda vəsaitin köçürülməsini (və ya bu barədə öhdəliyin götürülməsini) təmin etmək üçün həyata keçirilən fəaliyyətdir;

1.1.8. investisiya bəyannaməsi – investisiya fondunun investisiya qoyuluşu məqsədlərini, istiqamətlərini, obyektlərini və investisiya fəaliyyəti üzrə məhdudiyyətlərini əks etdirən sənəddir;

1.1.9. investisiya fondlarının idarə edilməsi – müstəsna predmeti müştəriyə məxsus olub, idarəçiliyə verilmiş pul vəsaitləri, qiymətli kağızlar və qanunvericiliklə müəyyən edilmiş digər əmlakla müştərinin və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün əməliyyatların aparılmasından ibarət olan lisenziyalaşdırılan fəaliyyətdir;

1.1.10. investisiya fondunun idarəçisi (bundan sonra - idarəçi) – müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxs və ya investisiya şirkətləridir;

1.1.11. investisiya fondunun depozitarı (bundan sonra - depozitar) – investisiya fondunun depozitarı fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan şəxsdir;

1.1.12. investisiya fondunun xalis aktivlərinin dəyəri – fondun aktivləri ilə öhdəlikləri arasındakı fərqin pulla ifadəsidir;

1.1.13. paylı investisiya fondunun idarə edilməsi haqqında müqavilə – idarəçi ilə bağlanılan, şərtləri idarəçi tərəfindən paylı investisiya fondunun idarə edilməsi qaydalarında müəyyən edilən, investorun payın alınması ilə qoşulduğu razılaşmadır;

1.1.14. məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz;

1.1.15. vətəndaş qüsursuzluğu tələbi – mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri, benefisiar mülkiyyətçilər üçün – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, səhmdar investisiya fondunda və idarəçidə rəhbər vəzifə tutan şəxslər, əmlak inzibatçısı və bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan digər şəxslər üçün – məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağanın qoyulmaması, məhkəmə qaydasında müflis elan edilməsi, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsi faktının olmamasıdır;

1.1.16. mühüm iştirak payı – səhmdar investisiya fondunun və ya idarəçinin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir;

1.1.17. səhmdar investisiya fondunda və ya investisiya fondunun idarəçisində rəhbər vəzifə – səhmdar investisiya fondunun və ya investisiya fondunun idarəçisinin idarəetmə orqanlarında (müşahidə şurası (olduqda), icra orqanı), həmçinin audit komitəsində üzvlük və ya kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunda işləri aparan tam ortaqdır (ortaqlardır);

1.1.18. benefisiar mülkiyyətçi – son nəticədə müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);

1.1.19. nümayəndəlik – hüquqi şəxs olmayan, investisiya fondunun və ya idarəçinin olduğu yerdən kənarda yerləşən və fəaliyyəti onların mənafelərini təmsil və müdafiə etməklə məhdudlaşdırılan, investisiya fondunun və ya idarəçinin ayrıca bölməsidir;

1.1.20. ixtisas şəhadətnaməsi – Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən keçirilən attestasiyada məqbul və ya daha yüksək nəticə əldə etmiş fiziki şəxslərə verilən rəsmi sənəddir.

1.2. Bu Qanunda xüsusi olaraq fərqləndirilmədikdə, bu Qanunun investisiya fondlarına, o cümlədən səhmdar investisiya fondlarına, qapalı paylı investisiya fondlarına, onların idarəçilərinə, depozitarlarına və investorlarına dair müddəaları (bu Qanunun 42-ci və 43-cü maddələri istisna olmaqla) vençur kapitalı fondlarına, onların idarəçilərinə, depozitarlarına və peşəkar investorlarına da şamil edilir. Bu Qanunun lisenziyalaşdırmaya, habelə prudensial tənzimləməyə və nəzarətə dair müddəaları yalnız lisenziyalaşdırılan vençur kapitalı fondlarına şamil edilir. Azad hesabatlı vençur kapitalı fondlarının fəaliyyəti bu Qanunun II-I fəslində nəzərdə tutulmuş rejimə əsasən tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver