25.1. İnvestisiya fondunun səhmlərinin (paylarının) saxlanılması, onlara hüquqların, yüklülük faktlarının uçotu və təsdiqi, habelə investisiya fondunun idarəçilikdə olan aktivlərinin, onlara dair sənədlərin saxlanılması və uçotunun aparılması qanunvericilikdə digər hal nəzərdə tutulmadıqda, depozitar tərəfindən həyata keçirilir. Mərkəzi depozitar müvafiq lisenziya almadan investisiya fondunun depozitarı fəaliyyəti ilə məşğul ola bilər.
25.2. Depozitarın idarəçi və səhmdar investisiya fondu ilə qarşılıqlı münasibətləri Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktların tələblərinə uyğun olaraq onlar arasında bağlanılmış müqavilə ilə tənzimlənir.
25.3. Depozitar bu Qanunun 25.1-ci maddəsində göstərilənlərlə yanaşı investisiya fondunun idarə edilməsi ilə bağlı pul hesablarının açılmasını, aparılmasını və pul köçürmələrini həyata keçirir.
25.4. Depozitar mərkəzi depozitarda, mərkəzi depozitar isə Mərkəzi Bankda müxbir hesab aça bilər.
25.5. Depozitar tərəfindən pul hesablarının açılması və aparılması, pul köçürmələrinin həyata keçirilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.
25.6. Depozitar investisiya fondunun aktivlərinin uçotunu özünə məxsus olan aktivlərindən və müştərilərinin aktivlərindən ayrı aparır.
25.7. İnvestisiya fondunun aktivlərinin ölkədən kənarda yerləşdirildiyi hallar istisna olmaqla investisiya fondunun eyni zamanda yalnız bir depozitarı ola bilər. İnvestisiya fondunun aktivləri ölkədən kənarda yerləşdirildikdə, onların saxlanılması və uçotunun aparılması yalnız həmin ölkədə müvafiq lisenziyaya və ya icazəyə malik olan xarici depozitara həvalə edilə bilər. Aktivlərin saxlanılması və uçotunun aparılması Mərkəzi Bankın icazəsi alındıqdan sonra xarici depozitara həvalə edilə bilər.
25.8. Aktivlərin saxlanılması və uçotunun aparılmasının xarici depozitara həvalə olunmasına icazənin alınması məqsədilə Mərkəzi Banka edilən müraciətdə xarici depozitarın adı, yerləşdiyi ünvan və lisenziyasının rekvizitləri göstərilməlidir. Mərkəzi Bank müraciətə 30 gün ərzində baxaraq, icazənin verilməsinə və ya bundan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edir. Aktivlərin saxlanması və uçotu yalnız qanunvericiliyi depozitar fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edən ölkədə fəaliyyət göstərən xarici depozitara həvalə oluna bilər. Mərkəzi Bankdan müvafiq icazə alındıqdan sonra idarəçi 3 iş günü ərzində bu barədə məlumatı mediada açıqlamalıdır.
25.9. Aktivlərin saxlanılması və uçotunun aparılmasının xarici depozitara həvalə olunması investorların hüquqlarının müdafiəsi baxımından qeyri-qənaətbəxş hesab edildikdə, habelə, xarici depozitar bu Qanunun 25.7-ci və 25.8-ci maddələri ilə müəyyən edilən tələblərə cavab vermədikdə, Mərkəzi Bank icazənin verilməsindən imtina edir.
25.10. İnvestisiya fondunun aktivlərinin uçotu və saxlanılması, habelə həmin aktivlərlə bağlı əməliyyatlar üzrə hesablaşmaların aparılması məqsədi ilə depozitar investisiya fondu üçün ayrıca hesablar açır və onların idarəçinin sərəncamında olması barədə qeyd edir.
25.11. Depozitarın vəzifələri aşağıdakılardır:
25.11.1. qanunvericiliklə müəyyən edilmiş qaydada fondun aktivlərinin uçotunu aparmaq, fonda məxsus pul vəsaitlərini, qiymətli kağızları və əmlak hüquqlarını təsdiq edən sənədlərin əslini qəbul etmək və saxlamaq;
25.11.2. fondun səhmlərinin və ya paylarının yerləşdirilməsinə (satışına) və geri satın alınmasına nəzarət etmək;
25.11.3. fondun aktivləri ilə əqdlərin bağlanılmasına nəzarət etmək, həmin əqdlər bu Qanunun tələblərinə, investisiya bəyannaməsinə və ya fondun qaydalarına zidd olduqda, idarəçinin müvafiq tapşırıqlarının icrasından imtina etmək;
25.11.4. fondun aktivlərinin dəyərinin, hərəkətinin və tərkibinin uçotunu aparmaq, habelə fondun formalaşdırılması bitdikdən sonra payların dəyərinin düzgün hesablanmasına nəzarət etmək;
25.11.5. fondun aktivlərinin dəyərinin, hərəkətinin və tərkibinin idarəçi, kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) və ya səhmdar investisiya fondunun icra orqanı ilə üzləşdirilməsini aşağıdakı müddətlərdə həyata keçirmək:
25.11.5.1. açıq paylı investisiya fondları üzrə – həftədə azı 2 dəfə;
25.11.5.2. səhmdar investisiya fondları, interval və qapalı paylı investisiya fondları üzrə - ayda azı bir dəfə.
25.11.6. idarəçi, kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) və ya səhmdar investisiya fondunun icra orqanı tərəfindən yol verilmiş pozuntular haqqında onların aşkar edildiyi tarixdən 1 iş günü ərzində Mərkəzi Banka yazılı məlumat vermək;
25.11.7. vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinə Azərbaycan Respublikasının ərazisində hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etmək.
25.12. İdarəçi və ya səhmdar investisiya fondu ilə depozitar arasında bağlanmış müqaviləyə xitam verildikdə, tərəflər həmin müqaviləyə xitam verilməsinin səbəblərini göstərməklə, bu barədə dərhal Mərkəzi Banka məlumat verməlidir.
25.13. İdarəçi və ya səhmdar investisiya fondu ilə depozitar arasında bağlanılmış müqaviləyə xitam verildikdə, həmin depozitar idarəçinin digər depozitar ilə müvafiq müqavilə bağlaması barədə məlumatı alanadək fond ilə bağlı bütün sənədlərin saxlanılmasını və uçotunun aparılmasını, idarəçi və digər depozitar arasında bağlanılmış müqavilə barədə məlumat aldıqdan sonra isə fond ilə bağlı bütün sənədlərin yeni depozitara ötürülməsini təmin etməlidir. Bu zaman göstərilən xidmətlərin haqqı xitam verilən müqavilə ilə müəyyən edilmiş qaydada ödənilir.