3.1. Səhmdar investisiya fondunun adında “səhmdar investisiya fondu” sözləri olmalıdır.
3.2. Paylı investisiya fondunun adında “paylı investisiya fondu” sözləri olmalı və fondun açıq, interval və ya qapalı olması göstərilməlidir.
3.2-1. Vençur kapitalı fondunun adında “vençur kapitalı fondu” sözləri olmalıdır. Hüquqi şəxs statusu almaq istəyən azad hesabatlı vençur kapitalı fondunun dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxsin nizamnaməsində (adında) dəyişiklik edilməsi zamanı bu sözlərdən istifadə edilməsi üçün Mərkəzi Bankın ilkin razılığı alınmalıdır. İlkin razılığın alınması qaydası Mərkəzi Bankın qəbul etdiyi normativ xarakterli aktlarla müəyyən edilir.
3.3. Azərbaycan Respublikasında “İnvestisiya fondu” və ya “Vençur kapitalı fondu” sözlərini öz adında yalnız Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq yaradılmış investisiya fondları (vençur kapitalı fondları), həmin fondlara münasibətdə onların idarəçiləri, habelə müvafiq lisenziyaya malik olan xarici hüquqi şəxslər istifadə edə bilərlər.
3.4. İnvestisiya fondunun və İdarəçinin adında “dövlət”, “milli”, “mərkəzi”, “hökumət”, “zəmanətli” və ya “sığortalanmış” kimi sözlərin işlənməsi qadağandır. İnvestisiya fondunun adı əldə olunan gəlirlərin sığortalanmış və ya zəmanətli olması, habelə investorların məruz qala biləcəyi risklər barədə onlarda yanlış təəssürat yarada biləcək digər sözləri özündə əks etdirməməlidir.