37.1. Mərkəzi Bank lisenziyanın verilməsi üçün ilkin müraciətlə bağlı sənədlərə təqdim edildiyi tarixdən 60 təqvim günü ərzində baxır.
37.2. Mərkəzi Bank baxılmaq üçün təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə (bu Qanunun 36.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), bu barədə müraciət edənlərə 15 iş günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Bu təklif 10 iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 37.1-ci maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır. Sənədlərin təqdim edilməsindən sonra 15 iş günü ərzində Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul olunmuş hesab edilir.
37.3. Mərkəzi Bank təqdim edilən sənəd və məlumatların, o cümlədən səhmdar investisiya fondu və idarəçinin kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və bu Qanunun 40-cı maddəsində göstərilən şəxslərin məqbul və lazımi keyfiyyətlərə malik olması və səhmdar investisiya fondu və idarəçinin nizamnamə kapitalının mənbəyi barədə məlumatların yoxlanılması məqsədilə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməzlər.
37.3-1. Bu Qanunun 37.3-cü maddəsi sonradan səhmdar investisiya fondu və idarəçidə mühüm iştirak payı əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə) və (və ya) benefisiar mülkiyyətçi olan şəxslərə, bu Qanunun 40-cı maddəsinə uyğun olaraq səhmdar investisiya fondu və idarəçidə rəhbər və digər vəzifələrə yeni təyin olunan şəxslərə də şamil edilir.
37.4. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciəti aşağıdakı hallarda rədd edir:
37.4.1. bu Qanunun 36-cı maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə (bu Qanunun 36.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 37.2-ci maddəyə uyğun olaraq tələb olunan qaydada tamamlanmadıqda, habelə mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin səhmdar investisiya fondu və ya idarəçiyə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya səhmdar investisiya fondu və ya idarəçinin ilkin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda;
37.4.2. bu Qanunun 34.5-ci və 40-cı maddələrinin tələbləri təmin olunmadıqda, habelə benefisiar mülkiyyətçilər məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;
37.4.2-1. təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;
37.4.3. biznes-plan gələcək fəaliyyət zamanı maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin, investisiya fondunun və idarəçinin normal fəaliyyət göstərməsinin təmin edilməsi, investorların hüquqlarının pozulması təhlükəsi müəyyən edildikdə.
37.5. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciətə baxılmasının nəticəsi barədə əsaslandırılmış qərar qəbul edir və bu Qanunun 37.1-ci maddəsində göstərilən müddətdə həmin qərarı müraciət edənə göndərir. İlkin müraciət rədd edildikdə, qərarda imtinanın əsasları göstərilməlidir.
37.6. Mərkəzi Bankın ilkin müraciətin rədd edilməsi ilə bağlı qərarından məhkəməyə şikayət edilə bilər.
37.7. Lisenziya verilməsi üçün ilkin müraciətinə Mərkəzi Bank tərəfindən müsbət cavab verildikdən sonra təsis edilən hüquqi şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınır. Mərkəzi Bankın lisenziya verilməsi üçün ilkin müraciətə müsbət cavab verdiyi tarixdən etibarən 90 təqvim günü müddətində lisenziya almaq üçün yekun müraciət təqdim olunmalıdır.