İnvestisiya xidmətləri üzrə tələblərin, həmçinin investisiya xidmətlərinin həyata keçirilməsinə dair hüquqi tənzimləyici çərçivənin və nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1.1. Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 30.1-ci, 30.6-cı, 38.13-cü, 41.4-cü, 43.3-1-ci və 74-2.1.4-cü maddələrinə müvafiq olaraq hazırlanmışdır və investisiya şirkətləri və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və xarici bankların yerli filialları (bundan sonra - banklar) tərəfindən həyata keçirilən investisiya xidmətlərinə (əməliyyatlarına), müştəri sifarişlərinə, onların icrası və ya dayandırılmasına, müştərilərə hesabatların təqdim edilməsinə və investisiya şirkətləri və banklar tərəfindən öz fəaliyyəti ilə bağlı həyata keçirilən əməliyyatların uçotunun aparılmasına dair tələbləri, habelə banklar tərəfindən göstərilən investisiya xidmətlərinin həcmini və qaydasını müəyyən edir.
1.2. İnvestisiya şirkətləri və banklar investisiya xidmətlərinin həyata keçirilməsi, o cümlədən müştəri sifarişlərinin qəbulu və icrası zamanı bu Qaydanın, Qanunun və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - ƏL/TMM Qanunu) tələblərinə əməl etməlidirlər.
1.3. Banklar tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə yalnız Azərbaycan Respublikasının ərazisində ticarətə buraxılmış qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə Qanunun 30.3.1-ci və 30.4.1-ci maddələrində, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) buraxdığı qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə Qanunun 30.3.6-cı maddəsində göstərilən investisiya xidmətləri (əməliyyatları) həyata keçirilir. Banklar tərəfindən Qanunun 30.4.1-ci maddəsi ilə müəyyən edilən investisiya xidməti yalnız Qanunun 30.3.1-ci maddəsi ilə müəyyən edilən investisiya xidməti çərçivəsində həyata keçirilir.
1.4. Bu Qaydanın 3-cü, 7-ci, 8-ci, 13-15-ci, 17-19-cu hissələrinin tələbləri bu Qaydanın 1.3-cü bəndi nəzərə alınmaqla banklara da şamil edilir.
1.5. Banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələblər aşağıdakılardır:
1.5.1. investisiya xidmətləri (əməliyyatları) yalnız bu xidmətlərin göstərilməsi məqsədilə yaradılmış struktur bölmə (departament, şöbə, bölmə və s.) vasitəsilə həyata keçirilməli;
1.5.2. investisiya xidmətlərini (əməliyyatlarını) göstərən əməkdaşları bu Qaydanın 12.3-cü bəndinə uyğun olaraq ixtisas şəhadətnaməsinə, müvafiq struktur bölmənin rəhbəri investisiya xidmətləri sahəsində və ya qiymətli kağızlara və törəmə maliyyə alətlərinə investisiyalarla bağlı minimum 2 (iki) illik iş təcrübəsinə malik olmalı;
1.5.3. müştərilərə investisiya xidmətlərinin göstərilməsi üçün müvafiq strategiyaya, risklərin idarəedilməsi qaydasına və rəqəmsal texnologiyalara malik olmalıdır.
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. müştəri aktivləri – müştəriyə məxsus olan, investisiya şirkətinin və ya bankın daxili uçot sistemində qeydiyyata alınan qiymətli kağızlar, törəmə maliyyə alətləri və ya pul;
2.1.2. marja hesabı – investisiya şirkəti tərəfindən marja ticarətinin aparılması məqsədi ilə müştərilərə açılmış hesab;
2.1.3. fərdi investor – institusional investor da daxil olmaqla qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq təklifini verən şəxs;
2.1.4. bazar qiyməti – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin ticarət olunduğu fond birjasındakı cari qiyməti;
2.1.5. ədalətli dəyər – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin bazar iştirakçıları arasında müəyyən edilmiş tarixdə normal şərtlər çərçivəsində satılmasına görə alına bilən və alınmasına görə ödənilə bilən qiymət.
2.2. Bu Qaydada istifadə edilən digər anlayışlar Qanunda nəzərdə tutulmuş mənaları ifadə edir.
3.1. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi əsas investisiya xidməti olaraq investisiya şirkəti ilə müqavilə bağlayan və yalnız mərkəzi depozitarda depo hesabı olan müştəriyə münasibətdə həyata keçirilir.
3.2. Müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətinin (əməliyyatının) göstərilməsi zamanı investisiya şirkəti müştərinin aktivlərinin uçotunun aparılması məqsədilə öz daxili uçot sistemində müştəri üçün hesab açır.
3.3. Müştəri qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə fond birjasında aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətini (əməliyyatını) göstərən investisiya şirkətinə aşağıdakı sifarişləri verir:
3.3.1. rəqabətli sifariş - müştərinin təyin etdiyi qiymətdən aşağı və ya yuxarı olmamaq şərtilə qiymətli kağızları və ya törəmə maliyyə alətlərini sifarişdə göstərilən miqdarda almaq və ya satmaq (rəqabətli sifarişin icra şərtləri fond birjasının daxili qaydalarına uyğun olaraq müəyyən edilir);
3.3.2. qeyri-rəqabətli sifariş - qiymətli kağızları və ya törəmə maliyyə alətlərini ən əlverişli qiymət ilə sifarişdə göstərilən miqdarda almaq və ya satmaq.
3.4. İnvestisiya şirkəti müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətini (əməliyyatını) fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) istisna olmaqla, yalnız müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin sifarişi əsasında həyata keçirir. Sifarişin müddəti müqavilənin qüvvədə olma müddətindən artıq olmamalı, müqavilənin qüvvədə olma müddəti bir ildən artıq olduqda, sifariş ən azı ildə bir dəfə yenilənməlidir.
3.5. Elektron formada və ya telefon vasitəsilə təqdim edilən sifariş istisna olmaqla, sifariş iki nüsxədə tərtib edilir, imzalanır və bir nüsxəsi investisiya şirkətinin ixtisas şəhadətnaməsinə malik olan əməkdaşının sifarişi qəbul etməsi barədə yazılı qeydi və imzası ilə müştəriyə təqdim edilir. Müştərini səlahiyyətli nümayəndəsi təmsil etdikdə, sifarişdə həmin şəxsə verilmiş etibarnamənin nömrəsi, verilmə, qüvvədə olma tarixləri və etibar edilmiş hərəkətlər göstərilir.
3.6. Müştəri sifarişində aşağıdakı məlumatlar öz əksini tapır:
3.6.1. sifarişin ünvanlandığı investisiya şirkətinin tam adı;
3.6.2. müştərinin eyniləşdirilmə məlumatları (fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi), hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
3.6.3. müştərinin depo hesabının nömrəsi;
3.6.4. sifarişin qüvvədə olma müddəti;
3.6.5. qiymətli kağız və ya törəmə maliyyə alətinin növü, forması və dövlət qeydiyyat nömrəsi;
3.6.6. emitentin adı;
3.6.7. sifarişin istiqaməti (alış və ya satış);
3.6.8. qiymətli kağız və ya törəmə maliyyə alətinin sayı;
3.6.9. sifarişin növü (rəqabətli və ya qeyri-rəqabətli);
3.6.10. qiymətli kağızın nominal dəyəri və bazar qiyməti, törəmə maliyyə alətinin bazar qiyməti;
3.6.11. sifarişlərin icra olunması yeri (fond birjası və ya birjadankənar);
3.6.12. valyuta mübadiləsinin məzənnəsi və ya məzənnə dəhlizi (əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı sifarişlərdə).
3.7. Müştəri sifarişlərinin uçotu investisiya şirkətinin daxili uçot sistemində aparılır.
3.8. Müştəri sifarişi aşağıdakı hallarda qüvvədən düşmüş hesab olunur və icrası dayandırılır:
3.8.1. müştəri tərəfindən ləğv edildikdə;
3.8.2. sifarişdə göstərilmiş icra müddəti başa çatdıqda;
3.8.3. sifarişdə olan mexaniki səhvlər (qiymət, miqdar səhvi, simvol səhvi və s.) nəticəsində sifarişin icrası mümkün olmadıqda.
3.9. Bütün müştəri sifarişləri ən azı 5 (beş) il müddətində investisiya şirkətində (sifariş telefon vasitəsi ilə qəbul edildikdə telefon danışıqları yazılmış formada) saxlanılır.
3.10. Telefon və elektron vasitələrlə sifarişin qəbulu zamanı investisiya şirkəti müştərini dürüst müəyyənləşdirməlidir. Bu zaman tətbiq edilən üsullar əməliyyatların risk dərəcəsinə adekvat olmalı və onların təhlükəsiz aparılmasını təmin etməlidir.
3.11. İnvestisiya şirkəti qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti və sifarişin icra olunması ilə bağlı xərclər də daxil olmaqla ümumi xərclər baxımından müştəri üçün ən yaxşı qiyməti müəyyən edir.
3.12. Müştəri sifarişinin icra olunması ilə bağlı xərclərə aşağıdakılar daxil edilir:
3.12.1. sifarişlərin icra olunması yeri üzrə ödənişlər;
3.12.2. klirinq haqları;
3.12.3. sifarişin icrasına cəlb edilmiş üçüncü tərəfə ödənişlər.
3.13. Müştəri sifarişlərinin qəbulu və icrası ilə bağlı digər məsələlər Qanunun 38-ci maddəsi ilə tənzimlənir.
4.1. Əsas investisiya xidmətinə aid olan fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) göstərən investisiya şirkəti eyni zamanda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətini (əməliyyatını), habelə qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması xidmətlərini göstərməlidir.
4.2. İnvestisiya şirkəti fərdi investorun portfelinin idarə edilməsi xidməti üzrə müştəri ilə müqavilə bağlamazdan əvvəl bu Qaydanın 16-cı hissəsinə uyğun olaraq investisiya xidmətinin müştəri üçün uyğun olduğunu müəyyən etməlidir.
4.4. İnvestisiya şirkəti müqavilədə göstərilmiş investisiya siyasətinə uyğun olaraq və portfel ilə bağlı yarana biləcək riskləri nəzərə almaqla qiymətli kağızlar və törəmə maliyyə alətlərinin alqı-satqısı, dəyişdirilməsi və digər əqdlər bağlayır.
4.5. İnvestisiya şirkəti portfelin idarə edilməsi zamanı aktivlərin bazar qiymətindən, bu mövcud olmadıqda ədalətli dəyərindən yuxarı qiymətə satın alınmasına və ya portfeldə olan aktivlərin onların bazar qiymətindən, bu mövcud olmadıqda ədalətli dəyərindən aşağı qiymətə satılmasına, həmçinin özünün və ya üçüncü tərəflərin maraqlarının təmin edilməsi məqsədi ilə aktivlərin satın alınmasına və ya satılmasına yol verməməlidir.
4.6. İnvestisiya şirkəti tərəfindən fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) üzrə müştərilərə mütləq gəlirin vəd edilməsinə yol verilmir.
4.7. İnvestisiya şirkəti fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) üzrə alqı-satqı əməliyyatlarını icra edərkən faktlara, məlumatlara, hesabatlara və təhlillərə əsaslanmalı və bu materiallar ən azı fərdi investora portfelinin idarə edilməsi xidmətinin təklif edildiyi müddətdə saxlanılmalıdır.
5.1. İnvestisiya məsləhətləri əsas investisiya xidmətlərinin bir növü olaraq investisiya şirkəti ilə müqavilə bağlamış müştəriyə verilir.
5.2. İnvestisiya şirkəti investisiya məsləhətlərinin verilməsi xidməti üzrə müştəri ilə müqavilə bağlamazdan əvvəl bu Qaydanın 16-cı hissəsinə uyğun olaraq investisiya xidmətinin müştəri üçün uyğun olduğunu müəyyən etməlidir.
5.3. İnvestisiya məsləhətlərinin verilməsi zamanı investisiya şirkəti aşağıdakı tələbləri yerinə yetirir:
5.3.1. investisiya məsləhətləri etibarlı faktlara, məlumatlara, hesabatlara və təhlillərə əsaslanır;
5.3.2. qiymətli kağızların kütləvi təklifi ilə bağlı investisiya məsləhətinin hazırlanması zamanı həmin qiymətli kağızların emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilən məlumatlardan istifadə edir;
5.3.3. investisiya məsləhətlərində əks olunan rəy, təhlil, proqnoz, qiymət hədəfləri və tövsiyələr obyektiv şəkildə hazırlanır;
5.3.4. investisiya məsləhətlərində mütləq gəlirə dair vəd və ya təminat verilmir;
5.3.5. investisiya məsləhətində çaşdırıcı, yayındırıcı, səhv və ya həqiqəti əks etdirməyən məlumatlardan və ifadələrdən istifadə edilmir;
5.3.6. investisiya məsləhətinin nəticələri investora təqdim edilməzdən əvvəl investisiya şirkəti tərəfindən özünün və ya üçüncü şəxsin mənafeyi üçün istifadə edilmir.
5.4. İnvestisiya şirkəti tərəfindən investisiya məsləhəti verilən zaman müştəri ən azı aşağıdakı məlumatlarla təmin olunur:
5.4.1. investisiya şirkətinin adı və ünvanı;
5.4.2. investisiya məsləhətini verən şəxsin adı və soyadı, vəzifəsi, ixtisas şəhadətnaməsinin seriya nömrəsi, verilmə tarixi;
5.4.3. investisiya məsləhətinin hazırlanmasında istifadə edilmiş məlumat mənbələri, investisiya strategiyaları və təhlil metodları barədə məlumat;
5.4.4. investisiya məsləhətinin verilməsi tarixi və vaxtı barədə məlumat;
5.4.5. investisiya məsləhətinin məzmunu;
5.4.6. mümkün maraqlar münaqişəsi barədə məlumat.
5.5. İnvestisiya məsləhəti yalnız investisiya şirkətinin müvafiq ixtisas şəhadətnaməsinə malik olan əməkdaşları tərəfindən verilir və investisiya şirkətində investisiya məsləhətlərinin uçotu aparılır.
6.1. Qiymətli kağızların anderraytinqi əsas investisiya xidməti olaraq emitent ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq qiymətli kağızların yerləşdirilməsi zamanı investorlar tərəfindən əldə edilməyən qiymətli kağızların investisiya şirkəti tərəfindən satın alınması üzrə öhdəlik götürməklə və ya belə öhdəlik götürmədən həyata keçirilə bilər.
6.2. Qiymətli kağızların öhdəlik götürməklə abunə yazılışı və ya hərrac vasitəsi ilə yerləşdirilməsi zamanı investisiya şirkəti öz öhdəliyini emitent ilə bağlanmış müqaviləyə uyğun olaraq aşağıdakı üsullarla həyata keçirir:
6.2.1. qiymətli kağızların yerləşdirilməsi zamanı investorlar tərəfindən əldə edilməyən qiymətli kağızları tam həcmdə və ya qismən satın alır;
6.2.2. yerləşdirilməsi nəzərdə tutulan qiymətli kağızları tam həcmdə və ya qismən satın alır və investorlara təklif edir.
6.3. Anderraytinq xidməti bir investisiya şirkəti tərəfindən və ya bir neçə investisiya şirkəti tərəfindən birgə təklif edilə bilər. Anderraytinq xidməti bir neçə investisiya şirkəti tərəfindən birgə təklif edildikdə, bir investisiya şirkəti əsas anderrayter qismində müəyyən edilir.
6.4. Anderrayter tərəfindən yerləşdirilməsi nəzərdə tutulan qiymətli kağızlar üzrə bu Qaydanın 17.2.9-cu yarımbəndində müəyyən edilən daxili qaydalara uyğun olaraq mövcud və ya əmələ gələ biləcək risklər barədə təhlil aparılır və bu barədə investorlara yazılı məlumat verilir.
7.1. Mərkəzi depozitarın və fond birjasının üzvü qismində müştərilərilə öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatların aparılması zamanı investisiya şirkəti müştəri sifarişlərini ən yaxşı qiymət prinsipi ilə icra edir.
7.2. Müştəri sifarişlərinin icrası qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin bazar qiyməti, bu mövcud olmadıqda ədalətli dəyəri ilə həyata keçirilir.
7.3. Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparan investisiya şirkəti marketmeyker kimi çıxış etdikdə, Qanunun 30.5-2-ci maddəsinin tələbi nəzərə alınmaqla fond birjası ilə bağlanılan müqavilə ilə müəyyən edilən vəzifələri həyata keçirir.
8.1. İnvestisiya şirkəti tərəfindən qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması mərkəzi depozitarda müştərinin adına açılan hesab vasitəsilə həyata keçirilir.
8.2. Qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması müştərinin kağız daşıyıcıda və ya elektron qaydada təqdim edilmiş razılığı əsasında həyata keçirilir.
9.1. İnvestisiya şirkəti əsas investisiya xidmətini göstərdiyi müştəriyə qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi xidmətini (əməliyyatını) yalnız qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin satın alınması məqsədilə göstərə bilər.
9.2. İnvestisiya şirkəti investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi xidmətini (əməliyyatını) göstərdikdə, eyni zamanda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi xidmətini (əməliyyatını) göstərməlidir.
9.3. İnvestisiya şirkəti kredit və ya digər formada borc verilməsi xidməti (əməliyyatı) göstərdikdə müştəri ilə müqavilə bağlayır və müştəriyə müqavilədə nəzərdə tutulan müddətlərdə, lakin ildə iki dəfədən az olmamaq şərtilə borc üzrə qalıq məbləğ haqqında hesabat təqdim edir.
10.1. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı aparan investisiya şirkəti investisiya tədqiqatına aid olan sənədlərdə “investisiya tədqiqatı” sözlərini qeyd edir.
10.2. İnvestisiya tədqiqatında olan istənilən tövsiyə aydın, birmənalı və anlaşılan olmalıdır.
10.3. İnvestisiya tədqiqatına və onu hazırlayan şəxslərə dair digər tələblər Qanunla və Qanunun 37.3-cü maddəsinə müvafiq olaraq qəbul edilən hüquqi aktla tənzimlənir.
11.1. İnvestisiya şirkəti əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi məqsədilə müştəriyə xarici valyuta mübadiləsi xidmətini göstərə bilər. Valyuta mübadilə əməliyyatının aparılması zamanı tətbiq olunan məzənnə investisiya şirkəti tərəfindən müstəqil olaraq təyin edilir.
11.2. Xarici valyuta mübadiləsi xidməti göstərildiyi zaman müştəri investisiya şirkəti tərəfindən təqdim edilən mübadilə məzənnəsi barədə məlumatlandırılır.
11.3. Əməliyyat günü ərzində məzənnələr investisiya şirkətinin qərarı ilə dəyişə bilər. Valyuta məzənnəsinə edilən hər bir dəyişiklik tarix və vaxt daxil olmaqla investisiya şirkətinin daxili reyestrində qeyd olunur və müştəriyə bildirilir.
11.4. Xarici valyuta əməliyyatı investisiya şirkətinin əməliyyat sistemində qeyd edilir və müştəriyə əməliyyat ilə əlaqəli təqdim olunan hesabatda bu Qayda ilə müəyyən edilmiş məlumatlardan əlavə olaraq aşağıdakılar əks olunur:
11.4.1. xarici valyuta mübadiləsi ilə əlaqəli əsas investisiya xidmətinin (əməliyyatının) növü;
11.4.2. mübadilə olunan xarici valyutanın adı, məbləği və investisiya şirkətinin həmin günə müəyyən etdiyi məzənnə.
12.1. İnvestisiya şirkətinin və bankın müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə investisiya xidməti (əməliyyatı) ilə məşğul olan əməkdaşı Qanunun 30.3.6-cı maddəsi ilə müəyyən edilmiş investisiya xidməti (əməliyyatı) ilə eyni zamanda məşğul ola bilməz.
12.2. İnvestisiya şirkətinin Qanunun 30.3.6-cı maddəsi ilə müəyyən edilmiş investisiya xidməti (əməliyyatı) ilə məşğul olan əməkdaşı eyni zamanda investisiya məsləhətlərinin verilməsi və ya fərdi investorların portfelinin idarə edilməsi üzrə investisiya xidməti (əməliyyatı) ilə məşğul ola bilməz.
12.3. Bankın investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bütün işçiləri müvafiq ixtisas şəhadətnaməsinə malik olmalıdır.
13.1. İnvestisiya şirkəti ilə müştəri (o cümlədən, onun səlahiyyətli nümayəndəsi) arasında investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi üzrə yazılı müqavilə (bundan sonra – müqavilə) bağlanılır.
13.2. Kağız daşıyıcıda tərtib edilən müqavilə tərəflərin imzası ilə, elektron qaydada tərtib edilən müqavilə isə bu Qaydanın 13.10-cu bəndinin tələbləri nəzərə alınmaqla təsdiq edilir.
13.2-1. Müqavilə aydın və oxunaqlı olmalıdır. İnvestisiya şirkəti müştərinin tələbi ilə elektron formada bağlanmış müqavilənin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim etməlidir.
13.3. Müqavilədə ən azı aşağıdakılar əks olunur:
13.3.1. müqavilənin bağlandığı yer və tarix;
13.3.2. müştəri fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi), bank rekvizitləri (olduqda), hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ünvanı və bank rekvizitləri;
13.3.3. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi fəaliyyətinə verilmiş lisenziyanın nömrəsi və tarixi;
13.3.4. müqavilənin predmeti və göstərilən investisiya xidmətlərinin növləri;
13.3.5. tərəflərin hüquq və vəzifələri;
13.3.6. müqavilədən irəli gələn pul öhdəlikləri üzrə hesablaşma qaydası;
13.3.7. investisiya şirkətinin xidmət haqqı, sifarişlərin icra olunması ilə bağlı xərclər və onların ödənilməsi qaydası;
13.3.8. müştərinin aktivlərinin qaytarılması müddəti və qaydası, o cümlədən müştərinin və ya investisiya şirkətinin təşəbbüsü ilə qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əqdin bağlanmasından imtina halında qarşılıqlı hesablaşmaların aparılması şərtləri;
13.3.9. müqavilənin qüvvədə olduğu müddətdə sifarişin ləğv edilməsi və ya icra edilməmiş hissəsinin tam və ya qismən ləğv edilməsi və bu barədə müştəriyə məlumatların verilməsi qaydası;
13.3.10. müştəriyə hesabatların təqdim edilməsi qaydası;
13.3.11. müqavilənin müddəti;
13.3.12. müqavilənin müddətinin uzadılması qaydası;
13.3.13. tərəflərin məsuliyyəti;
13.3.14. Mərkəzi Bankın ünvanı və qaynar xətti;
13.3.15. mübahisələrin həlli üsulları.
13.4. Bu Qaydanın 13.3-cü bəndi ilə müəyyən edilənlərdən əlavə fərdi investorun portfelinin idarəedilməsi üzrə müqavilədə ən azı aşağıdakılar əks olunur:
13.4.1. müştəri aktivlərinin investisiya şirkətinə idarəetməyə verilməsi qaydası;
13.4.2. müştəri aktivlərinin idarə edilməsi üzrə öhdəliklərin yaranması və başa çatması tarixləri;
13.4.3. idarəetməyə verilən müştəri aktivlərinin məbləği;
13.4.4. investisiya siyasəti.
13.5. Bu Qaydanın 13.4.4-cü yarımbəndində müəyyən edilən investisiya siyasətində ən azı aşağıdakılar əks olunur:
13.5.1. qiymətli kağızların və törəmə maliyyə alətlərinin növləri;
13.5.2. qiymətli kağızların və törəmə maliyyə alətlərinin ayrı-ayrı növlərinə edilən investisiyaların maksimum məbləği və ya payı;
13.5.3. investisiyanın riskini müəyyən etməyə imkan verən göstəricilər.
13.6. Qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması üzrə müqavilədə bu Qaydanın 13.3-cü bəndi ilə müəyyən edilənlərdən əlavə ən azı aşağıdakılar əks olunur:
13.6.1. mərkəzi depozitarda müştərinin adına açılmış və investisiya şirkətinin idarə edilməsinə verilən hesabın rekvizitləri;
13.6.2. qiymətli kağızların hesabının idarə edilməsinin, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsinin, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanmasının başlama və başa çatma tarixləri;
13.6.3. idarəetməyə verilən hesabda olan qiymətli kağızlar və törəmə maliyyə alətləri (olduqda), onların müvafiq olaraq nominal dəyəri və qiyməti.
13.7. Müqavilə bağlandıqdan sonra investisiya şirkəti tərəfindən daxili uçot sistemində müştəriyə unikal müştəri kodu təyin edilir.
13.8. Qanunla nəzərdə tutulmuş və ya müştəri ilə yazılı qaydada razılaşdırılmış hallar istisna olmaqla, investisiya şirkəti öz müştəriləri haqqında məlumatları üçüncü şəxslərə açıqlamamalıdır.
13.9. İnvestisiya şirkəti müştəri aktivlərini yalnız müqavilənin şərtlərinə uyğun olaraq istifadə edir.
13.10. Məsafədən müştəri ilə müqavilənin bağlanması və müştəri hesabının (depo və marja hesabı) açılması zamanı bu Qaydanın və Mərkəzi Bankın İdarə Heyətinin 16 dekabr tarixli 44/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məsafədən hesabların açılması Qaydası”nın tələblərinə əməl edilməlidir.
14.1. Müştəriyə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsindən əvvəl investisiya şirkəti müştəri uyğunluğu tədbirlərini həyata keçirir. İnvestisiya şirkəti müştəri hesablarının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün müraciət edən şəxsdən ƏL/TMM Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin 21 fevral 2023-cü il tarixli 3-21-28/3-6-4/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın (bundan sonra – MUT Qaydaları) 2-ci hissəsinə uyğun olaraq məlumatları və bu Qaydaya 1 və 2 nömrəli əlavələrdə müəyyən edilmiş formada imza və möhür nümunələri vərəqələrini əldə edir.
14.2. Müştəridən əldə olunmuş məlumatların verifikasiyası Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn sənədlər və MUT Qaydalarının 6-cı hissəsinə uyğun olaraq təqdim edilən digər sənədlər əsasında həyata keçirilir.
14.4. İnvestisiya şirkəti tərəfindən əldə edilən sənədlər yoxlanılır, o cümlədən təmsilçilik əsasında investisiya şirkəti ilə müqavilə bağlandıqda, həmin investisiya şirkəti tərəfindən səlahiyyətli şəxsin şəxsiyyəti müəyyən edilir və onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumatların etibarnamədə göstərilmiş məlumatlarla uyğunluğu tutuşdurulur. Sənədlərdə uyğunsuzluqlar olduqda, investisiya şirkəti investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsindən imtina edir.
14.4-1. Dövlət informasiya sistemlərinə inteqrasiya təmin olunduğu halda müştəri hesabının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün tələb edilən sənəd və məlumatlar, o cümlədən surətinin notariat qaydasında təsdiq edilməsi tələb olunan sənədlər həmin informasiya sistemlərindən əldə olunur.
14.4-2. Sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri ƏL/TMM Qanununun, habelə MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.
14.4-3. Müştəri hesabının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün tələb edilən sənədlər bu Qaydanın 13.2-ci bəndinə uyğun olaraq təsdiq olunmaqla təqdim edilir.
14.4-4. Müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlər ƏL/TMM Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş müddətdə saxlanılır. Elektron formada əldə edilmiş məlumat və sənədlər kağız daşıyıcıya köçürülmədən elektron formada saxlanıla bilər.
15.1. İnvestisiya şirkəti tərəfindən müştəri hesablarına (depo və marja hesablarına) və hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqinə dair ƏL/TMM Qanunu və MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.
15.2. Bu Qaydanın 15.1-ci bəndində nəzərdə tutulmuş tədbirlərin davamlı tətbiqi nəticəsində uyğunsuzluqlar müəyyən edildikdə 5 (beş) iş günü ərzində müştəridən və ya onun səlahiyyətli nümayəndəsinin bunun səbəblərini açıqlayan məlumatların və ya onları təsdiq edən sənədlərin, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri üzrə məlumatların yazılı (fiziki imza, gücləndirilmiş müştəri autentifikasiyası və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş) şəkildə 30 (otuz) təqvim günü ərzində verilməsi tələb olunur.
15.3. İnvestisiya şirkəti davamlı nəzarət çərçivəsində aşkar etdiyi mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, şübhəli, açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan hesablar və əməliyyatlarla bağlı ƏL/TMM Qanununa uyğun olaraq tədbirlər görür.
16.1. Fərdi investorun portfelinin idarə edilməsi və ya investisiya məsləhətinin verilməsi üzrə xidmət göstərən investisiya şirkəti müştəri ilə müqavilə bağlamazdan əvvəl müştərinin maliyyə vəziyyəti və investisiya məqsədləri barədə yazılı qaydada (kağız daşıyıcıda və ya elektron formada) ətraflı məlumat alır.
16.2. Müştərinin təqdim etdiyi maliyyə vəziyyəti haqqında məlumatda aşağıdakılar əks olunmalıdır:
16.2.1. MUT Qaydalarına uyğun olaraq gəliri və gəlir mənbələri;
16.2.2. aktivləri, o cümlədən pul vəsaitləri, investisiyaları və daşınmaz əmlakı;
16.2.3. maliyyə öhdəlikləri.
16.3. Müştərinin investisiya məqsədlərinə dair məlumatına ən azı investisiyanın müddəti və müştərinin üzərinə götürə biləcəyi riskin maksimum həcmi daxil edilir.
16.4. İnvestisiya şirkəti bu Qaydanın 16.2-ci və 16.3-cü bəndlərində müəyyən edilən məlumatlar əsasında müştərini aşağıdakılar barədə 3 (üç) iş günü müddətində yazılı qaydada (kağız daşıyıcıda və ya elektron formada) məlumatlandırır;
16.4.1. investisiya xidmətinin (əməliyyatının), qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin müştəri üçün uyğun olması barədə;
16.4.2. məlumatların təqdim edilməməsi səbəbindən investisiya şirkəti tərəfindən müştəriyə təklif edilən və ya müştəri tərəfindən sifariş edilən investisiya xidmətlərinin (əməliyyatlarının) və ya aktivlərin müştəri üçün uyğunluğunun qiymətləndirilməsinin mümkün olmaması barədə;
16.4.3. təqdim olunan məlumatların qiymətləndirilməsi nəticəsində müştəri tərəfindən sifariş edilən investisiya xidmətlərinin (əməliyyatlarının) və ya aktivlərin müştəri üçün uyğun olmaması barədə.
16.5. Qaydanın bu hissənin tələbləri institusional investorlara şamil edilmir.
17.1. İnvestisiya şirkəti investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üzrə müşahidə şurası tərəfindən təsdiq edilən daxili qaydalara malik olmalıdır.
17.2. İnvestisiya şirkəti aşağıdakıları əhatə edən daxili qaydalara malik olmalıdır:
17.2.4. müştəri sifarişlərinin icrası, o cümlədən ən yaxşı qiymət prinsipi ilə icrası prosedurları;
17.2.5. müştəri aktivlərinin uçotunun aparılması qaydası;
17.2.6. əməliyyatların uçotunun aparılması qaydası;
17.2.7. müştəri şikayətlərinə baxılması qaydası;
17.2.8. maraqlar münaqişəsinin qarşısının alınması ilə bağlı tədbirlər;
17.2.9. anderraytinq zamanı emitentin maliyyə dayanıqlığının və korporativ idarəetməsinin effektivliyinin, o cümlədən risklərin idarəedilmə səviyyəsinin təhlili qaydası.
17.3. Marja ticarəti üzrə investisiya xidmətinin (əməliyyatının) həyata keçirilməsi üzrə daxili qaydalar həmçinin marja ticarəti qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə uyğun olaraq hazırlanır.
18.1. İnvestisiya şirkəti Qanunla müəyyən edilmiş hallarda və müddətdə müştərilərə hesabatlar təqdim edir.
18.2. Fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) istisna olmaqla, müştərinin adından sifarişi icra etmiş investisiya şirkəti müştəriyə sifarişin icra edilməsindən sonra bir iş günündən gec olmayaraq sifarişin icrasına dair hesabat təqdim edir. Hesabatda ən azı aşağıdakı məlumatlar əks olunur:
18.2.1. hesabatın dövrü və tərtib edilmə tarixi;
18.2.2. müştərinin eyniləşdirilmə məlumatları (adı, soyadı və (və ya) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (olduqda);
18.2.3. müqavilənin nömrəsi və tarixi;
18.2.4. sifariş haqqında məlumat;
18.2.5. qiymətli kağız və ya törəmə maliyyə alətləri ilə aparılmış əməliyyatların tarixi və vaxtı;
18.2.6. əqdin istiqaməti (alqı və ya satqı);
18.2.7. əqdin istiqaməti alış və ya satış olmadıqda sifarişin xarakteri;
18.2.8. qiymətli kağızın emitentinin adı və ya törəmə maliyyə alətinin baza aktivinin adı;
18.2.9. qiymətli kağızların və ya törəmə maliyyə alətinin növü, forması, dövlət qeydiyyat nömrəsi;
18.2.10. bir qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti;
18.2.11. qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı;
18.2.12. qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə aparılmış əqdlərin məbləği;
18.2.13. hesabatın dövrü ərzində investisiya şirkətinə ödənilmiş xidmət haqqı və sifarişlərin icra olunması ilə bağlı xərclərin məbləği.
18.3. İnvestisiya şirkəti fərdi investorun portfelinin idarə edilməsi xidmətini (əməliyyatını) göstərdikdə, müştəriyə həyata keçirdiyi əməliyyatlara dair hesabat Qanunun 35.3-cü maddəsinə uyğun olaraq təqdim edilir. Hesabatda ən azı aşağıdakı məlumatlar əks olunur:
18.3.1. investisiya şirkətinin adı, ona verilmiş lisenziyanın nömrəsi və tarixi;
18.3.2. müştərinin eyniləşdirilmə məlumatları (adı, soyadı və (və ya) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (olduqda);
18.3.3. portfelin tərkibinə və ya dəyərinə dair hesabat, o cümlədən portfelə daxil olan hər bir qiymətli kağız və törəmə maliyyə alətinin bazar qiyməti, bu mövcud olmadıqda ədalətli dəyəri, hesabat dövrünün əvvəlində və sonuna olan pul qalığı və dövr ərzində portfelin göstəriciləri;
18.3.4. portfelin idarə edilməsi ilə bağlı ödəniş və sifarişlərin icra olunması ilə bağlı xərclər ayrı-ayrılıqda göstərilməklə, dövr ərzində edilmiş ödənişlərin və çəkilmiş xərclərin ümumi məbləği;
18.3.5. portfel ilə əlaqədar hesabat dövründə dividend, faiz və digər gəlirlərin ümumi məbləği.
18.4. İnvestisiya şirkəti müqaviləyə əsasən, lakin ildə bir dəfədən az olmamaq şərti ilə müştəriyə aşağıdakı məlumatlara dair hesabat təqdim edir:
18.4.1. hesabat dövrü ərzində müştərinin aktivlərinin hərəkəti və qalığı;
18.4.2. müştərinin aktivləri ilə aparılmış əməliyyatlar;
18.4.3. müştərinin aktivlərində baş vermiş dəyişikliklər;
18.4.4. xidmət haqları və sifarişlərin icra olunması ilə bağlı xərclər.
18.5. Marja ticarəti xidməti üzrə müştərilərə məlumatlar verilərkən həmçinin marja ticarəti qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə əməl edilməlidir.
18.6. İnvestisiya şirkəti tərəfindən müştərilərə verilən hesabatlar və məlumatlar müştəri ilə bağlanmış müqaviləyə uyğun olaraq kağız daşıyıcıda və ya elektron formada təqdim edilir.
19.1. İnvestisiya şirkəti həyata keçirdiyi əməliyyatların və apardığı əməliyyatlarla bağlı müştəri şikayətlərinin uçotunu aparır. Uçot elektron formada və ya kağız daşıyıcıda aparılır.
19.2. İnvestisiya şirkətinin apardığı əməliyyatların uçotu aşağıdakıları əhatə edir:
19.2.1. müştəri sifarişlərinin uçotu;
19.2.2. qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə apardığı əməliyyatların uçotu;
19.2.3. pul vəsaitlərinin uçotu.
19.3. Müştəri sifarişlərinin qəbulu və icrası fəaliyyətini həyata keçirən investisiya şirkəti müştəri sifarişini aldığı gün aşağıdakı məlumatları uçota almalıdır:
19.3.1. müştərini eyniləşdirən məlumatlar;
19.3.2. müştəri ilə bağlanmış müqavilənin nömrəsi və tarixi;
19.3.3. sifarişin növü;
19.3.4. sifarişin verilmə forması (telefon, elektron, digər vasitələr);
19.3.5. sifarişin icraya qəbul edilmə tarixi, vaxtı və nömrəsi;
19.3.6. sifarişin qüvvədə olma müddəti;
19.3.7. sifarişin predmeti;
19.3.8. sifarişi qəbul edən məsul şəxsin adı və soyadı, atasının adı və vəzifəsi;
19.3.9. müştərini səlahiyyətli nümayəndəsi təmsil etdikdə, həmin şəxsin eyniləşdirilmə məlumatları (fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi), hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
19.4. İnvestisiya şirkəti əqdin bağlanması ilə bağlı müştərinin sifarişinin icrasından dərhal sonra uçot aparmalıdır. Əqdlərin uçotunda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
19.4.1. müştərini eyniləşdirən məlumatlar;
19.4.2. əqdin bağlandığı yer və eyniləşdirmə kodu;
19.4.3. əqdin bağlanma tarixi və vaxtı;
19.4.4. əqdin istiqaməti (alış və ya satış);
19.4.5. xidmət haqları və yığılmış faiz istisna olmaqla hər qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti;
19.4.6. əqdin predmeti olan qiymətli kağızın və ya törəmə maliyyə alətinin sayı;
19.4.7. əqdin məbləği;
19.4.8. əqd üzrə kontragent (qarşı tərəf);
19.4.9. əqdi icra etmiş şəxsin adı, soyadı və atasının adı, vəzifəsi.
19.5. Müştərinin investisiya şirkətində olan pul vəsaitlərinin uçotu hər bir müştəri üzrə ayrılıqda aparılmalı və aşağıdakıları əks etdirməlidir:
19.5.1. pul əməliyyatlarının tarixi;
19.5.2. əqdlər və əməliyyatlar üzrə ödənişləri təsdiq edən sənədin nömrəsi və tarixi;
19.5.3. pul vəsaitlərinin mədaxilinin məbləği, mənbəyi və təyinatı;
19.5.4. pul vəsaitlərinin məxaricinin məbləği və təyinatı;
19.5.5. müştərinin pul vəsaitlərinin qalığı;
19.5.6. investisiya şirkətinin müştəridən tutduğu xidmət haqqının məbləği.
19.6. Əməliyyatların uçotu milli valyutada aparılır. Qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar xarici valyutada aparıldıqda, uçot xarici valyutada, habelə manat ekvivalenti göstərilməklə milli valyutada aparılır. Manat ekvivalenti Mərkəzi Bankın həmin günə rəsmi məzənnəsi əsasında hesablanır.
19.7. Marja ticarəti xidməti üzrə əməliyyatların uçotu aparılarkən həmçinin marja ticarəti qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə əməl edilməlidir.
19.8. İnvestisiya şirkəti tərəfindən aparılan əməliyyatlarla bağlı müştəri şikayətlərinin uçotu ən azı aşağıdakı məlumatları əks etdirir:
19.8.1. şikayət edən müştərinin eyniləşdirilmə məlumatları (fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
19.8.2. unikal müştəri kodu;
19.8.3. şikayətin tarixi;
19.8.4. şikayətin məzmunu;
19.8.5. şikayətlə əlaqədar investisiya şirkəti tərəfindən görülmüş tədbirlər barədə məlumat.
19.9. Müştəri şikayətlərinin qəbulu ilə əlaqədar ünvan və əlaqə məlumatları müştərilərə təqdim olunan sənədlərdə və investisiya şirkətinin rəsmi internet səhifəsində yerləşdirilir.
“İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na
______________ №li hesab
Soyadı, adı, atasının adı
Fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi)
İmza: ___________/________________________/
(soyadı, adı, ata adı, vəzifəsi)
“____”____________ “_______” il
“İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na
_______________ №li hesab
Hesabın sahibi (tam adı)
Telefon nömrəsi/Faks nömrəsi
Qeyd: Bir neçə imza olduqda, hesab üzrə sərəncamın etibarlı olması barədə qeyd:
1. 31 yanvar 2024-cü il tarixli 06/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202401310061, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 fevral 2024-cü il)
2. 10 dekabr 2024-cü il tarixli 49/4 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100494, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 dekabr 2024-cü il)
3. 16 dekabr 2025-ci il tarixli 44/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512160445, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2025-ci il)