Qanunvericilik › “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 08.02.2024) › Tam mətn

“İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 08.02.2024)

“İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 08.02.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 31.13-cü maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” dərc edildiyi gündən bir il sonra qüvvəyə minsin.

3. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

1.1. Bu Standartlar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 31.13-cü maddəsinə müvafiq olaraq beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla hazırlanmış və investisiya şirkətlərində korporativ idarəetmə standartlarını müəyyən edir.

1.2. Bu Standartların müəyyən edilməsində məqsəd korporativ idarəetməyə dair qanunla müəyyən olunmuş tələbləri əsas tutaraq investisiya şirkətlərində etibarlı, şəffaf idarəetmə və hesabatlılıq sisteminin təşkili, daxili nəzarətin və risklərin idarə olunmasının effektivliyinin təmin edilməsidir.

1.3. Bu Standartların 3.9-cu bəndi, 14-cü və 15-ci hissələri xarici investisiya şirkətlərinin yerli filiallarına da şamil edilir.

2.1. Bu Standartlarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. korporativ idarəetmə - investisiya şirkətinin strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərinin müəyyən edilməsini, onlara nail olması üçün alət və proseslərin mövcudluğunu, bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsinə və fəaliyyətinin şəffaflığına nail olunması məqsədi ilə effektiv daxili nəzarət sisteminin tətbiqini təmin edən idarəetmə üsulu;

2.1.2. daxili nəzarət sistemi - risklərin idarəedilməsi, komplayens və daxili audit funksiyaları daxil olmaqla investisiya şirkətinin fəaliyyəti üzərində monitorinqi təmin edən idarəetmə və təşkilati strukturu əhatə edən sistem;

2.1.3. strateji baxış - investisiya şirkətinin bazar mövqeyinin möhkəmləndirilməsinə və dəyərinin artırılmasına hədəflənən uzunmüddətli fəaliyyət hədəfi;

2.1.4. missiya bəyanatı - strateji baxışın əsas prinsiplərinin qısa icmalı;

2.1.5. strateji plan - investisiya şirkətinin strateji baxışını aydın müəyyən edilmiş, ölçülə bilən məqsədlərə çevirən, razılaşdırılmış tədbirlərlə əlaqələndirən dövri plan;

2.1.6. fidusiar vəzifələr – investisiya şirkətinin cari və gələcək maraqlarının qorunmasına yönəldilmiş vəzifələr;

2.1.7. risklərin idarə edilməsi - investisiya şirkətinin fəaliyyətinə xas olan risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə olunması, monitorinqi və onlar üzrə hesabatlılığı əks etdirən proses;

2.1.8. strateji planlaşdırma prosesi – investisiya şirkətinin uzunmüddətli fəaliyyət hədəflərinin müəyyənləşdirilməsi, bu hədəflərə nail olunması məqsədi ilə strateji planın tərtib edilməsi prosesi;

2.1.9. müstəqillik - investisiya şirkətinin və (və ya) digər kənar şəxslərin birbaşa və (və ya) dolayı təsiri altında qalmadan obyektiv və müstəqil qərar qəbuletmə bacarığı;

2.1.10. maliyyə göstəriciləri - investisiya şirkətinin fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadə edilən və maliyyə hesabatları əsasında hesablanan nisbi kəmiyyət göstəriciləri;

2.1.11. insayd məlumat - açıqlanmamış, birbaşa və ya dolayı yolla bir və ya bir neçə emitentə, qiymətli kağızlara və ya törəmə maliyyə alətlərinə aid olan və açıqlandığı təqdirdə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin qiymətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək dəqiq xarakterli məlumat;

2.1.12. xüsusi kateqoriyaya aid olan işçilər - investisiya şirkətinin risk profilinə əhəmiyyətli təsiri olan funksiyanı icra edən aşağıdakı işçilər:

2.1.12.1. investisiya şirkətinin icra orqanının üzvləri (təkbaşçı icra orqanının rəhbəri);

2.1.12.2. investisiya şirkətinin nəzarət funksiyasının (risklərin idarə edilməsi, komplayens və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələr) rəhbərləri;

2.1.12.3. ötən il ərzində investisiya şirkətindən əldə etdiyi ümumi gəliri (əmək haqqı və mükafatlar) investisiya şirkətinin icra orqanının üzvlərinə (təkbaşçı icra orqanının rəhbərinə) mükafatlar istisna olmaqla, investisiya şirkətinin işçilərinə ödənilən orta illik gəlirdən az olmayan və investisiya şirkətinin mükafatlandırma siyasətində müəyyən edilmiş investisiya şirkətinin risk profilinə əhəmiyyətli təsiri olan struktur bölməsində (məsələn, Qanunun 30.3.2-ci, 30.3.5-ci və 30.3.6-cı maddələri ilə müəyyən edilən investisiya xidmətlərini göstərən struktur bölmələr və s.) fəaliyyət göstərən və fəaliyyəti investisiya şirkətinin risk profilinə təsiri olan investisiya şirkətinin işçisi;

2.1.13. məlumat istifadəçiləri - mövcud və potensial səhmdarlar, bazar iştirakçıları və investisiya şirkətinin fəaliyyəti ilə bağlı məlumatın əldə edilməsində maraqlı olan digər şəxslər;

2.1.14. mükafat - işçilərin peşəkar fəaliyyəti qarşılığında investisiya şirkəti tərəfindən pul, səhm və digər maliyyə alətləri formasında edilən ödənişlər. Əmək haqqı sistemi ilə nəzərdə tutulmayan və investisiya şirkətinin rəhbərliyinin qərarı əsasında investisiya şirkətinin işçilərinə ödənilən birdəfəlik mükafatlar-hədiyyələr (bayramlar, əlamətdar günlər ilə əlaqədar ödənilən və digər sosial xarakter daşıyan ödənişlər) bu anlayışa aid edilmir;

2.1.15. risk – ehtimal olunan və ya gözlənilməz hadisələrin baş verməsi nəticəsində yaranan xərclərin (zərərin) investisiya şirkətinin kapitalına mənfi təsir göstərməsi ehtimalı;

2.1.16. risklərin idarə edilməsi sistemi – risklərin idarə edilməsi üzrə bu Standartlarda müəyyən edilmiş elementlərdən ibarət sistem;

2.1.17. risk limiti – investisiya şirkətinin göstərdiyi xidmətlər üzrə qəbul edilən riskin maksimal həddi;

2.1.18. risk profili - investisiya şirkətinin məruz qaldığı risklərin ümumiləşdirilmiş səviyyəsi;

2.1.19. risk iştahası – investisiya şirkətinin strateji hədəflərinə çatması üçün riskgötürmə qabiliyyəti çərçivəsində qəbul etmək istədiyi riskin həcmi;

2.1.20. riskgötürmə qabiliyyəti – prudensial tələbləri pozmamaq şərti ilə investisiya şirkətinin götürə biləcəyi riskin maksimum həcmi;

2.1.21. risk iştahası bəyannaməsi – investisiya şirkətinin biznes məqsədlərinə çatması üçün qəbul edəcəyi məcmu risk limitlərinin əks olunduğu sənəd;

2.1.22. risk mədəniyyəti – investisiya şirkətinin riskin müəyyən edilməsi, riskin qəbulu və idarəedilməsi, habelə risk üzrə qərarların qəbul edilməsi üzrə norma, yanaşma və davranışlarının məcmusu;

2.1.23. komplayens riski – investisiya şirkətinin qanunvericiliyə, o cümlədən maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə, habelə investisiya şirkətinin daxili qaydalarına riayət etməməsi nəticəsində üzləşə biləcəyi təsir tədbirləri və sanksiyalar, maliyyə itkiləri və ya nüfuzunun itirilməsi riski.

2.2. Bu Standartlarda istifadə olunan digər anlayışlar Qanun və Azərbaycan Respublikasının digər hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

3.1. İnvestisiya şirkətində korporativ idarəetmənin tətbiqi Müşahidə Şurası tərəfindən təmin olunur. İcra orqanı Müşahidə Şurası tərəfindən təsdiqlənmiş strategiya və siyasətlərin effektiv icrasını təmin etməlidir.

3.2. İnvestisiya şirkəti əsas fəaliyyət istiqamətlərini, səlahiyyət bölgüsünü, risklərin effektiv idarə edilməsini, adekvat daxili nəzarət sistemini, o cümlədən uçot prosedurlarını, effektiv informasiya sistemlərini ehtiva edən və effektiv mükafatlandırma siyasətinə əsaslanan idarəetmə və təşkilati struktura malik olmalıdır. İnvestisiya şirkətinin təşkilati strukturu səhmdarların ümumi yığıncağı və ya səlahiyyət verildiyi halda Müşahidə Şurası tərəfindən təsdiq edilir. Təşkilati struktur investisiya şirkəti tərəfindən mütəmadi olaraq nəzərdən keçirilməli və zərurət olduqda yenilənməlidir.

3.3. İdarəetmə və təşkilati struktur, habelə səlahiyyətlər bölgüsü investisiya şirkəti tərəfindən göstərilən xidmətlərin xüsusiyyətinə, əməliyyatların həcminə və mürəkkəbliyinə uyğun olmalı, maraqlar münaqişəsinə yol verməməli, anlaşıqlı olmalı və investisiya şirkəti daxilində bütün əməkdaşlarla kommunikasiya edilməlidir.

3.4. Hər bir investisiya şirkəti öz strateji baxışını müəyyən edir və onun əsasında strateji planlaşdırma dövrü üçün missiya bəyanatını hazırlayır. Strateji baxış və missiya bəyanatı Müşahidə Şurası tərəfindən təsdiq edilir və məlumat üçün səhmdarların ümumi yığıncağına təqdim edilir.

3.5. İnvestisiya şirkətinin strateji baxış və missiya bəyanatı əsasında strateji plan hazırlanmalıdır. Strateji plan Müşahidə Şurası tərəfindən təsdiq olunur. Strateji plan azı üç illik dövrü əhatə edir, hər il başa çatdıqdan sonra ötən ilin nəticələri əsasında strateji plana yenidən baxılır və investisiya şirkətinin biznes modelində dəyişiklik baş verdikdə, habelə investisiya şirkətinin fəaliyyətinə təsir edən kənar mühitdə baş verən hadisələr və təhdidlər olduqda strateji planda müvafiq dəyişikliklər edilir. Strateji plan və onda edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən 30 (otuz) gün ərzində məlumat üçün səhmdarların ümumi yığıncağına və Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) təqdim edilir. Strateji planda investisiya şirkətinin strateji baxışı, missiya bəyanatı, risklərin təhlili, inkişaf prioritetləri və həyata keçiriləcək xidmətlərin (əməliyyatların) dairəsi, onlar üzrə strateji hədəflər və tədbirlər planı, strateji planın həyata keçirilməsi üçün tələb olunan təşkilati struktur və maliyyə proqnozları əks etdirilir.

3.6. İnvestisiya şirkəti fəaliyyətinin uzunmüddətli dövr üzrə dayanıqlılığını təmin etmək məqsədilə strategiyasında əməliyyatlarına əhəmiyyətli təsiri olan və ya ola biləcək ekoloji (iqlim dəyişmələri, ətraf mühitin deqradasiyası, ekosistemdə pozuntular və s.), sosial (gender məsələləri, inklüzivlik, əmək münasibətləri, insan resurslarına investisiya və s.) və idarəetmə (təşkilati struktur, mükafatlandırma, işçi münasibətləri, müxtəliflik və bərabərlik və s.) amillərini (bundan sonra - ESİ amilləri) nəzərə almalıdır.

3.7. İnvestisiya şirkətinin Müşahidə Şurası və icra orqanı investisiya şirkətinin məqsədi, fəaliyyət hədəfləri, daxili riskləri, habelə investisiya şirkəti fəaliyyətinə təsir edən kənar mühitdə baş verən hadisələr və təhdidlər barədə məlumatlı olmalıdır. İnvestisiya şirkətinin xarici ölkədə yerləşən törəmə investisiya şirkətində bu Standartların tələbləri yerləşdiyi ölkədə müəyyən edilən korporativ idarəetmə standartlarına zidd olmayan hissədə tətbiq edilir.

3.8. İnvestisiya şirkəti öz əməliyyatları, maliyyə vəziyyəti, qarşılaşdığı risklər və investisiya şirkətinin biznes proseslərinə təsir edən qərarları barədə Müşahidə Şurasına və icra orqanına məlumatlandırmanı effektiv şəkildə təmin edən hesabatlılıq sisteminə malik olmalıdır.

3.9. İnvestisiya şirkəti öz işçilərinə münasibətdə etik davranış qaydalarını müəyyən edir. Bu sənəddə ən azı işçinin işdə və investisiya şirkətinin adından işdən kənar davranışı və reputasiya riski yaradan ictimai açıqlamalara, korrupsiya və vəzifədən sui-istifadə hallarına yol verilməməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, başqa təşkilatlarda işləməsi və rəhbər vəzifələr tutması, investisiya şirkətinin əmlakına münasibət, investisiya şirkəti rəhbərliyinə qanunvericiliyin və investisiya şirkətinin daxili qaydalarının pozulması barədə məlumatların verilməsinə görə məlumat verən şəxsin təzyiqlərdən, o cümlədən maddi və ya mənəvi ziyandan, təhqir və təhdidlərdən qorunması, habelə konfidensiallıq rejiminin, etik normaların və qanunçuluğun qorunması, səriştəlilik və davamlı inkişaf, maliyyə bazarlarında dürüstlük, məlumatların açıqlanmasında şəffaflıq, maraqlar münaqişəsinin qarşısının alınması, müştərilərlə ədalətli rəftar, müştərilərin maraqlarına uyğun məhsulların təqdim edilməsi, sosial məsuliyyət və cəmiyyətə töhfə məsələləri əks olunmalıdır. İnvestisiya şirkəti etik davranış qaydalarına əməl edilməsinə nəzarət etmək üçün zəruri tədbirlər görməlidir.

4.1. Müşahidə Şurası investisiya şirkətinin, onun struktur bölmələrinin və törəmə təsərrüfat cəmiyyətlərinin qanunvericiliyə və investisiya şirkətinin daxili qaydalarına müvafiq qaydada fəaliyyət göstərməsinə nəzarət edir.

4.2. İnvestisiya şirkətinin idarə edilməsinə və fəaliyyətinə nəzarəti daha da səmərəli həyata keçirmək üçün Müşahidə Şurası investisiya şirkətinin fəaliyyəti haqqında istənilən hesabatı və məlumatı nəzarət etdiyi idarəetmə orqanları və investisiya şirkətinin daxili komitələrindən, habelə struktur bölmələrindən almaq hüququna malikdir.

4.3. Müşahidə Şurası Qanuna müvafiq olaraq yaradılmış investisiya şirkətinin törəmə təsərrüfat cəmiyyətində korporativ idarəetmə sisteminin, reqlamentin və daxili idarəetmə mexanizmlərinin cəmiyyətin fəaliyyətinə xas olan risklərə uyğun olmasını təmin edir, onlara qarşı adekvat nəzarət tətbiq edir, həmçinin törəmə təsərrüfat cəmiyyətlərinin bir-biri ilə və investisiya şirkəti ilə münasibətlərini vaxtaşırı qiymətləndirir.

4.4. Müşahidə Şurası uçot siyasətində müəyyən edilmiş metod və daxili prosedurların lazımi qaydada və vaxtında yerinə yetirilməsinə nəzarəti təmin edir.

4.5. İnvestisiya şirkəti digər hüquqi şəxsin törəmə təsərrüfat cəmiyyəti olduqda Müşahidə Şurası əsas cəmiyyətin verdiyi göstərişləri onların investisiya şirkətinin maliyyə vəziyyətinə mənfi təsir edib-etməməsi və qanunvericiliyə, o cümlədən prudensial qaydalara zidd olub-olmaması baxımından qiymətləndirir və qiymətləndirmənin nəticəsinə müvafiq olaraq zəruri tədbirlər görür.

4.6. Müşahidə Şurasının iclaslarının keçirilmə qaydası müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınmalıdır:

4.6.1. Müşahidə Şurasının növbəti və növbədənkənar iclasları keçirilə bilər. Növbəti iсlasın ehtimal olunan yeri və vaxtı ən geci Müşahidə Şurasının cari iclasında müəyyən edilir. İclasın keçirilmə yeri və vaxtı, həmçinin iclasın keçirilməsi ilə bağlı hər hansı dəyişikliklər olduqda bu barədə investisiya şirkətinin Müşahidə Şurasının üzvləri, habelə aidiyyəti struktur bölmələri əvvəlcədən məlumatlandırılmalıdır;

4.6.2. Müşahidə Şurasının hər bir üzvünə iсlasın gündəliyi barədə yazılı (elektron və ya kağız daşıyıcıda) bildirişin verilməsi qaydası və müddəti müəyyən edilməlidir;

4.6.3. gündəliyə iclasda müzakirə olunaсaq məsələləri əks etdirən dolğun və tam açıqlanmış yazılı materiallar əlavə edilməlidir. Müşahidə Şurasının hər bir üzvünə növbəti iclasın gündəliyi ilə birlikdə investisiya şirkətinin daxili qaydaları ilə müəyyən edilmiş dövrilik üzrə təqdim edilməsi nəzərdə tutulan məlumat və hesabatlar da təqdim edilməlidir. Məlumat və hesabatlarda ən azı investisiya şirkətinin maliyyə vəziyyəti və dayanıqlılıq göstəriciləri, illik büdcənin təhlili, Mərkəzi Bank, vergi, icra və digər dövlət orqanları (qurumları) ilə bütün əhəmiyyətli yazışmalar (investisiya şirkətinin fəaliyyətində aşkar olunmuş nöqsanlar, məcburi göstərişlər, sərəncamlar və s.) və nəzərdə tutulan tədbirlər planı, investisiya şirkəti fəaliyyətini tənzimləyən hüquqi çərçivədə yeniliklər, daxili və kənar auditin təklifləri, tövsiyələri və onların icra vəziyyəti, investisiya şirkətinin məruz qaldığı risklərin təhlili əhatə olunmalıdır;

4.6.4. gündəlik Müşahidə Şurası, Audit Komitəsi və icra orqanı üzvləri (təkbaşçı icra orqanının rəhbəri), habelə mühüm iştirak payına malik olan səhmdarlar və ya səsvermə hüququ olan səhmlərin azı 5 (beş) faizinin mülkiyyətçiləri olan səhmdarlar tərəfindən verilən təkliflər nəzərə alınmaqla tərtib olunur. İclasda gündəliyə daxil edilən məsələlər müzakirə edilir. Gündəlikdə nəzərdə tutulmayan təxirəsalınmaz və gözlənilməz məsələlərin müzakirəsinə və müvafiq qərarların qəbul edilməsinə həmin iclasda Müşahidə Şurasının bütün üzvləri iştirak etdikdə və sadə səs çoxluğu ilə razılıq olduqda yol verilir;

4.6.5. iclasda müzakirə edilən məsələ ilə bağlı Qanunun 61.16-cı maddəsinə müvafiq olaraq Müşahidə Şurası üzvünün açıqladığı marağı barədə məlumat iclas protokoluna daxil edilir.

4.7. Müşahidə Şurasının üzvləri iсlaslarda şəxsən və ya telekommunikasiya vasitələri (video görüntü, telefon bağlantısı və ya xüsusi kommunikasiya proqramı (tətbiqi) ilə, habelə elektron poçt vasitəsilə iştirak edə bilərlər. İclas protokolunda üzvün telekommunikasiya vasitəsilə iştirak etməsi barədə qeyd olmalı, həmin iclasın video və ya audio yazılışı, yaxud iştiraka dair digər təsdiqedici sənədlər davamlı daşıyıcılarda ən azı 3 (üç) il müddətində investisiya şirkətində saxlanılmalıdır. Müşahidə Şurasının hər bir üzvü səsvermədə iclasın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz (lehinə və ya əleyhinə) bildirməklə, protokolu şəxsən imzalamalı və ya imzası qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməklə məsələyə münasibəti barədə yazılı sənəd təqdim etməlidir. Müşahidə Şurasının sədri iclasda iştirak edə bilmədikdə onu Müşahidə Şurasının sədrinin müavini, müavin olmadıqda isə Müşahidə Şurasının iclasında səsvermə əsasında təyin edilmiş Müşahidə Şurasının digər üzvü əvəz edə bilər. Müşahidə Şurasının hər hansı bir üzvü ardıсıl olaraq 3 (üç) iсlasda şəxsən iştirak etmədikdə Müşahidə Şurasının sədri, yaxud onu əvəz edən şəxs sonuncu iclas tarixindən 5 (beş) iş günündən gec olmayaraq bu barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.

4.8. Müşahidə Şurasının iclaslarında qəbul edilən qərarların ümumi sayı və məzmununa dair aylar üzrə bölgüsü, o cümlədən həmin qərarların qəbulunda iştirak edən üzvlərin sayı, səsləri (lehinə, əleyhinə və s.), icra orqanı və təşkilati strukturuna daxil olan bölmələr tərəfindən təqdim edilən təkliflər qəbul edilmədikdə və ya fərqli tərzdə qəbul edildikdə həmin qərarların sayı və səbəbi barədə məlumat rüblük əsasda növbəti ayın sonundan gec olmayaraq Mərkəzi Banka təqdim edilir.

5.1. Müşahidə Şurasının hər bir üzvü aşağıdakı fidusiar vəzifələri daşıyır:

5.1.1. investisiya şirkətinin maliyyə vəziyyətindən, habelə onun bütün mühüm əməliyyatlarından xəbərdar olmalı və daxili komitələr tərəfindən təqdim olunmuş hesabatları mütəmadi olaraq təhlil etməlidir;

5.1.2. qiymətli kağızlar bazarında və digər maliyyə sektorlarında baş verən mühüm hadisələr və mövcud olan meyillər haqqında məlumatlı olmalıdır;

5.1.3. investisiya şirkətinin mənafelərini qorumaq məqsədi ilə yalnız öz şəxsi mühakiməsinə və daxili inamına əsaslanaraq qərar qəbul etməli və səs verməlidir;

5.1.4. səsvermə və ya qərar qəbul etmə zamanı hər hansı bir səhmdarın və ya səhmdarlar qrupunun maraqlarına üstünlük verməməli və ya onların göstərişləri ilə hərəkət etməməlidir, investisiya şirkətinin mənafeyinə uyğun olmayan və ya uzunmüddətli risklər hesabına qısamüddətli gəlirin əldə edilməsinə yönəlmiş qərarların qəbul edilməsinə yol verməməlidir;

5.1.5. investisiya şirkətinin qanuni maraqlarını qorumalı, investisiya şirkətini, habelə investisiya şirkətində Qanunun 63-cü maddəsi ilə müəyyən olunmuş rəhbər və digər vəzifə tutan şəxsləri ictimaiyyət qarşısında tənqid etməməlidir;

5.1.6. öz biznes fəaliyyətinin investisiya şirkətinə mənfi təsir etməsinə yol verməməlidir;

5.1.7. vəzifə borcunun yerinə yetirilməsi ilə bağlı investisiya şirkəti, onunla investisiya şirkətinə aidiyyəti olan şəxslər, müştərilər və investisiya şirkəti ilə biznes əlaqəsi olan başqa şəxslər haqqında ona məlum olan hər hansı bir konfidensial məlumatı, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, heç bir şəxsə açıqlamamalıdır;

5.1.8. insayd məlumat əsasında digər şəxsləri qiymətli kağızların və törəmə maliyyə alətlərinin alınmasına (satılmasına) və ya alınmasından (satılmasından) imtina edilməsinə təhrik etməməli və ya tövsiyələr verməməlidir;

5.1.9. özünün və ya digər şəxslərin hesabına insayd məlumatdan istifadə etməklə birbaşa və ya dolayı yolla qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirməyə və ya belə əqdlərin bağlanmasına cəhd etməməlidir;

5.1.10. xidməti vəzifələrin həyata keçirilməsi ilə əlaqədar insayd məlumatın açıqlanması halları istisna olmaqla, digər şəxslərə həmin məlumatı ötürməməlidir;

5.1.11. investisiya şirkətində daxili nəzarət, maliyyə fəaliyyətinin nəticələri və strateji planın icrası ilə bağlı problemləri investisiya şirkətinin aidiyyəti vəzifəli şəxsləri ilə müzakirə etməlidir;

5.1.12. Audit Komitəsinin müstəqil olmasını təmin etməlidir;

5.1.13. daxili auditorların fəaliyyətinin müstəqilliyini təmin etməli, yalnız Audit Komitəsinə daxili audit planının əsas istiqamətlərini müəyyən edən tövsiyələr verməli və daxili audit xidmətinin Audit Komitəsinə tabe olmasını təmin etməlidir;

5.1.14. daxili auditorlara investisiya şirkətinin əməkdaşları tərəfindən investisiya şirkəti və investisiya şirkətinə aidiyyəti olan şəxslər haqqında bütün lazımi məlumatların və sənədlərin verilməsini təmin etməlidir;

5.1.15. ildə ən azı bir dəfə icra orqanı üzvlərinin (təkbaşçı icra orqanının) peşəkarlığını, investisiya şirkətinin mənfəətlə işləməsində, maliyyə vəziyyətinin sabit olmasında və strateji məqsədlərə vaxtında nail olunmasında onların xidmətlərini, habelə tutduqları vəzifəyə uyğunluğunu qiymətləndirməlidir.

5.2. Müşahidə Şurasının risklərin idarə edilməsinə dair əsas vəzifələri aşağıdakılardır:

5.2.1. risk iştahası bəyannaməsini, risklərin idarə edilməsi siyasətini və qaydalarını, risk limitlərini, habelə onlara dəyişiklikləri təsdiq edir;

5.2.2. investisiya şirkətinin fəaliyyətinin risklərin idarə edilməsi siyasətinə uyğunluğunu təmin edən prosedurların mövcudluğuna, habelə icra orqanı tərəfindən risk iştahası bəyannaməsinin tətbiqinə nəzarət edir;

5.2.3. risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələrin fəaliyyətinə nəzarət edir;

5.2.4. kapital və likvidliyin idarəedilməsi üzrə investisiya şirkətinin hədəflərinin, habelə investisiya şirkətinə xas bütün risklərin investisiya şirkətinin risk iştahasına uyğunluğuna nəzarət edir;

5.3. Müşahidə Şurasının korporativ idarəetməyə dair əsas vəzifələri aşağıdakılardır:

5.3.1. investisiya şirkətinin fəaliyyətinin, təşkilati və idarəetmə strukturunun korporativ idarəetmə standartlarına uyğunluğuna nəzarət edir, aşkar olunan uyğunsuzluqların aradan qaldırılması və korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə tədbirlər görür;

5.3.2. investisiya şirkətinin korporativ idarəetməsinə dair ictimaiyyətə açıqlanacaq məlumatların vaxtında açıqlanmasını və dürüstlüyünü təmin edir.

5.4. Müşahidə Şurasının mükafatlandırmaya dair əsas vəzifələri aşağıdakılardır:

5.4.1. investisiya şirkətlərinin mükafatlandırma siyasətini təsdiq edir;

5.4.2. mükafatlandırma prosesinə nəzarəti həyata keçirir, o cümlədən azı ildə bir dəfə mükafatlandırma sisteminin səmərəliliyini qiymətləndirir;

5.4.3. daxili və kənar hadisələrin investisiya şirkətinin mükafatlandırma siyasəti və prosesi üzərində təsirini nəzərdən keçirir.

5.5. Müşahidə Şurasının təyinatlara dair əsas vəzifələri aşağıdakılardır:

5.5.1. Müşahidə Şurası, icra orqanı (səhmdarların ümumi yığıncağı tərəfindən təyin edildiyi hallarda) və Müşahidə Şurasının komitələrinin üzvlüyünə yeni və potensial namizədlərlə bağlı tövsiyə və rəy verir;

5.5.2. Müşahidə Şurası, onun komitələri və icra orqanı üçün kadr ehtiyatının formalaşdırılması prosesinə nəzarət edir;

5.5.3. Müşahidə Şurasının komitələrinə kənar şəxslərin (olduqda) təyinatı, vəzifələri və muzdun ödənilməsinə dair meyarları müəyyənləşdirir.

6.1. Müşahidə Şurası 3 (üç) nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Üzvlərin sayı investisiya şirkətinin ölçüsünə və fəaliyyət istiqamətlərinə uyğun olaraq müəyyən edilir.

6.2. Müşahidə Şurasının üzvləri investisiya şirkətinin nizamnaməsində başqa hal nəzərdə tutulmadığı halda səhmdarların ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya müstəqil kənar şəxslərdən 3 (üç) ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir.

6.3. Müşahidə Şurası müxtəlif bacarıq, ixtisas və təcrübəyə malik üzvlərdən təşkil olunmalı, habelə Şuranın tərkibində gender müxtəlifliyi prinsipi də nəzərdən keçirilməlidir.

7.1. Hər bir investisiya şirkətində Audit Komitəsi yaradılır.

7.2. İnvestisiya şirkətinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə investisiya şirkətinin risk profili, habelə fəaliyyətinin istiqamətləri və xüsusiyyəti nəzərə alınmaqla Komplayens Komitəsi, Riskləri İdarəetmə Komitəsi, Korporativ İdarəetmə Komitəsi və (və ya) digər komitələr yaradıla bilər. Komitələrin tərkibi, funksiya və səlahiyyətləri, qərarların qəbul edilməsi qaydası bu Standartların tələbləri nəzərə alınmaqla onların əsasnamələri ilə müəyyən edilir. Komitələr öz fəaliyyətində icra orqanından asılı deyil və Müşahidə Şurası qarşısında hesabat verirlər.

7.3. Komitələr onların iclaslarında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitələrin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitələrin üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər. Səslər bərabər olduqda komitə sədrinin səsi həlledici sayılır.

7.4. Komitələrin üzvləri iсlaslarda şəxsən və ya telekommunikasiya vasitələri (video görüntü, telefon bağlantısı və ya xüsusi kommunikasiya proqramı (tətbiqi) ilə, habelə elektron poçt vasitəsilə ilə iştirak edə bilərlər. İclas protokolunda üzvün telekommunikasiya və ya elektron poçt vasitəsilə iştirak etməsi barədə qeyd olmalı, həmin iclasın video və ya audio yazılışı yaxud iştiraka dair digər təsdiqedici sənədlər davamlı daşıyıcılarda azı 3 (üç) il müddətində investisiya şirkətində saxlanılmalıdır. Komitənin hər bir üzvü səsvermədə iclasın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz (lehinə və ya əleyhinə) bildirməklə, protokolu şəxsən imzalamalı və ya imzası qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməklə məsələyə münasibəti barədə yazılı sənəd təqdim etməlidir.

7.5. Bu Standartların 8-ci hissəsində müəyyən edilmiş tələblər nəzərə alınmaqla komitələrin tərkibi üzrə aşağıdakı tələblər təmin edilməlidir:

7.5.1. komitələrin tək sayda azı 3 (üç) nəfər üzvü olmalıdır;

7.5.2. komitələr Müşahidə Şurasının üzvlərindən və (və ya) müstəqil kənar üzvlərdən formalaşdırıla bilər;

7.5.3. komitənin sədrləri və üzvləri Müşahidə Şurası tərəfindən təyin edilir;

7.5.4. komitənin sədrləri Müşahidə Şurasının üzvləri sırasından təyin edilir;

7.5.5. komitə üzvlərinin bilik, bacarıq və təcrübəsi komitənin fəaliyyətinə uyğun olmalıdır. Uyğunluq komitə üzvlərinin təyini zamanı Müşahidə Şurası tərəfindən nəzərə alınmalıdır.

7.6. Hər bir investisiya şirkətində Müşahidə Şurasının, Müşahidə Şurasının sədrinin və Müşahidə Şurasının komitələrinin səmərəli fəaliyyətinə dəstək olmaq məqsədilə Korporativ katib funksiyası, habelə Korporativ Katibin səmərəli fəaliyyətini təmin etmək məqsədilə investisiya şirkətinin Müşahidə Şurasının qərarı ilə Korporativ katibin Aparatı yaradıla bilər.

8.1. Audit Komitəsinin tərkibi üzrə bu Standartların 7.5-ci bəndində nəzərdə tutulmuş tələblərə əlavə olaraq aşağıdakılar da təmin edilməlidir:

8.1.1. Audit Komitəsinin azı üçdə bir hissəsi (hesablamada nəticə bir yuxarı tam rəqəmə qədər yuvarlaqlaşdırılır) Müşahidə Şurasının üzvlərindən təşkil edilir;

8.1.2. Audit Komitəsinin sədri Müşahidə Şurasının və (və ya) digər komitələrin sədri ola bilməz.

8.2. Audit Komitəsi “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətlərdən başqa aşağıdakı vəzifələri də yerinə yetirir:

8.2.1. investisiya şirkətinin uçot siyasətinin təkmilləşdirilməsinə nəzarət edir;

8.2.2. investisiya şirkətinin maliyyə hesabatlarının şəffaflığına, tamlığına, investisiya şirkətinin fəaliyyətinin qanunvericiliyə və bu Standartların tələblərinə, habelə investisiya şirkətinin daxili qaydalarına uyğunluğunun təmin edilməsinə nəzarət edir;

8.2.3. investisiya şirkətində daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin səmərəliliyinə dair kənar auditin və digər üçüncü tərəflərin tövsiyələrini nəzərdən keçirir;

8.2.4. daxili audit planlarını təsdiq edildikdən sonra 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edir;

8.2.5. il ərzində investisiya şirkətində aparılmış daxili audit yoxlamaları barədə hesabatı hər təqvim ili başa çatdıqdan sonra növbəti rübün sonunadək Mərkəzi Banka təqdim edir, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatların təqdim edilməsini təmin edir;

8.2.6. daxili audit xidmətinin əsasnaməsi və onun saxlanılması xərcləri haqqında Müşahidə Şurasına təklif verir;

8.2.7. daxili auditorların əmək haqqı məbləğləri, vəzifədə irəliləyişi, işdən kənarlaşdırılması və ya azad olunması, habelə mükafatlandırılması barədə investisiya şirkətinin Müşahidə Şurasına təkliflər verir;

8.2.8. kənar auditlə əlaqədar investisiya şirkətlərinin və onun törəmə təsərrüfat cəmiyyətlərinin fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, investisiya şirkəti sənədlərinin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin edir;

8.2.9. kənar auditordan audit zamanı aşkar olunan mühüm faktlar və hadisələr haqqında məlumatın dərhal ona verilməsini tələb edir.

8.3. Audit Komitəsinin iclasları üç ayda bir dəfədən az olmayaraq, Müşahidə Şurasının növbəti iclasından ən azı 5 (beş) iş günü əvvəl keçirilir.

8.4. Audit Komitəsinin iclaslarına icra orqanının sədri və üzvləri (təkbaşçı icra orqanının rəhbəri), kənar auditor, investisiya şirkətinin daxili audit, komplayens, risklərin idarə edilməsi, maliyyə idarəetməsi və digər funksiyaların rəhbər şəxsləri dəvət edilə bilər.

8.5. İnvestisiya şirkətinin təsdiq edilmiş daxili audit planında nəzərdə tutulmamış daxili audit yoxlaması səhmdarların ümumi yığıncağının və ya Müşahidə Şurasının qərarı, habelə investisiya şirkətinin adi səhmlərinin 10 (on) faizindən artıq hissəsinə malik olan səhmdarların və ya icra orqanının tələbi əsasında həyata keçirilir. Bununla əlaqədar Audit Komitəsi zəruri tədbirlər görür.

9.1. İcra orqanı investisiya şirkətinin idarə olunmasını və fəaliyyətinin həyata keçirilməsini, maliyyə nəzarəti sisteminin maliyyə idarəetməsi və hesabatlılıq tələblərinə uyğun olmasını, investisiya şirkətinin büdcəsinin yerinə yetirilməsini, qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət orqanlarına (qurumlarına) hesabatların təqdim edilməsini və onların dürüstlüyünü təmin edir.

9.2. İcra orqanı aşağıdakı əsas vəzifələri icra edir:

9.2.1. investisiya şirkətinin strateji baxışı və missiya bəyanatının layihələrini hazırlayır;

9.2.2. strateji baxış və missiya bəyanatı əsasında strateji planı hazırlayır;

9.2.3. təsdiq olunmuş strateji planın icra olunmasını təmin edir;

9.2.4. azı yarım ildə bir dəfə strateji planın icrasını təhlil edir və nəticələri barədə Müşahidə Şurasına hesabat verir;

9.2.5. strateji plana hər il başa çatdıqdan sonra ötən ilin nəticələri əsasında yenidən baxır və tələb olunduqda düzəlişlər edilməsi barədə Müşahidə Şurasına təkliflər verir;

9.2.6. illik maliyyə hesabatlarının məlumat istifadəçilərinə vaxtında açıqlanmasını təmin edir;

9.2.7. maliyyə planlaşdırılması sistemini yaradır və illik büdcənin icra vəziyyətini təhlil edir;

9.2.8. investisiya şirkətinin illik büdсəsinə razılıq verir və büdcə ilinin başlanmasından əvvəl səhmdarların ümumi yığıncağının və ya səlahiyyət verildiyi halda Müşahidə Şurasının təsdiqinə təqdim edir;

9.2.9. risklərin idarə edilməsi siyasətinin həyata keçirilməsini təmin edir;

9.2.10. investisiya şirkətinin məruz qaldığı riskləri təhlil edir və aşkar edilən zəifliyin aradan qaldırılması üçün zəruri tədbirlər görür;

9.2.11. risklər və onların idarə edilməsinə dair Müşahidə Şurasına hesabatları təqdim edir;

9.2.12. risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələrin investisiya şirkətinin risklərinə adekvat şəkildə fəaliyyəti üçün müvafiq şərait yaradır;

9.2.13. investisiya şirkətinin digər struktur bölmələrinin risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələr ilə əməkdaşlığını təmin edir, habelə onun fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün tədbirlər görür;

9.2.14. Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla və Müşahidə Şurası tərəfindən səlahiyyət verildiyi halda daxili qaydaları təsdiq edir.

9.3. İcra orqanı fəaliyyəti barədə Müşahidə Şurasına hesabat verir.

9.4. İcra orqanı daxili nəzarət və risklərin idarə edilməsi sistemində üzərinə düşən vəzifələri peşəkarcasına və vicdanla həyata keçirməlidir.

9.5. İnvestisiya şirkətinin bir və ya bir neçə struktur bölməsinə (daxili audit xidməti istisna olmaqla) birbaşa və ya dolayı nəzarət (kurasiya) icra orqanının üzvü (təkbaşçı icra orqanının rəhbəri) tərəfindən həyata keçirilir.

10.1. İnvestisiya şirkətində onun göstərdiyi xidmətlərin növünə, fəaliyyətinin xüsusiyyətlərinə və mühitinə, mürəkkəbliyinə və üzləşdiyi risklərə uyğun olan risklərin idarə edilməsi sistemi yaradılmalıdır. İnvestisiya şirkətinin risklərin idarə edilməsi sistemi Qanunun 31.9-cu maddəsinin tələblərinə cavab verməlidir. Risklərin idarə edilməsi sistemi özündə 3 (üç) müdafiə xəttini birləşdirir:

10.1.1. birinci müdafiə xətti: fəaliyyətləri investisiya şirkətinə birbaşa risklər yaradan və xidmət, fəaliyyət, proses və sistemlər üzrə risklərin ilkin mərhələdə müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi, hesabatlılığı və monitorinqinə məsul struktur bölmələr, o cümlədən investisiya şirkətinin müştərilərinə xidmət göstərən struktur bölmələr və investisiya şirkətinin filialları daxildir;

10.1.2. ikinci müdafiə xətti: risklərin idarə edilməsi və komplayens funksiyalarını həyata keçirən struktur bölmələr daxildir;

10.1.3. üçüncü müdafiə xətti: birinci və ikinci müdafiə xəttini qiymətləndirmək səlahiyyəti olan investisiya şirkətinin daxili audit funksiyasını həyata keçirən struktur bölməsi daxildir.

10.2.İnvestisiya şirkətinin risk iştahası bəyannaməsi, risklərin idarə edilməsinin təşkilati strukturu, risklərin idarə edilməsi siyasəti, risk limitləri, yeni xidmətlər üzrə risklərin idarə edilməsi, məlumatların icmallaşdırılması və risk hesabatlılığı risklərin idarə edilməsi sisteminin əsas elementləridir.

10.3. İnvestisiya şirkətinin risk iştahası bəyannaməsində maddi əhəmiyyət daşıyan risklər tam əhatə edilməli və risk iştahası investisiya şirkətinin biznes strategiyasına uyğun olmalıdır. Bəyannamə ilə investisiya şirkətinin məruz qaldığı riskləri əhatə edən risk iştahasının kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dözümlülük zonaları müəyyən edilir və kənarlaşmalar baş verdikdə investisiya şirkətinin tədbirləri müəyyən edilir. Bəyannaməyə hər təqvim ili başa çatdıqdan sonra növbəti ilin birinci rübü ərzində ötən ilin nəticələri əsasında yenidən baxılır və tələb olunduqda müvafiq dəyişikliklər edilir. Risk iştahası bəyannaməsinin göstəricilərinin dözümlülük zonalarına uyğunluğu aylıq əsasda monitorinq olunur.

10.4. Risklərin idarə edilməsi siyasəti ən azı risklərin idarə edilməsi işinin təşkilini, o cümlədən səlahiyyətlərin bölgüsünü, investisiya şirkətinin həyata keçirdiyi xidmətlərin (əməliyyatların) növləri, biznes prosesləri və informasiya sistemləri üzrə risklərin idarə edilməsi prosesini, habelə yeni xidmət (əməliyyat) növləri və sistemlərin tətbiq edilməsinə investisiya şirkətinin risk yanaşmasını əhatə edir. Risklərin idarə edilməsi siyasətinə ən azı ildə bir dəfə yenidən baxılır və tələb olunduqda müvafiq dəyişikliklər edilir.

10.5. Risk iştahasına uyğun olaraq, risk limitləri investisiya şirkətinin ölçüsünə, risk profilinə, fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi investisiya şirkəti üzrə müəyyən edilir. Müşahidə Şurasının təsdiq etdiyi risk limitləri daxilində icra orqanı tərəfindən alt limitlər təsdiq edilir. Risk limitləri daim monitorinq edilir, mövcud bazar şərtlərinə və investisiya şirkətinin strategiyasına uyğun olaraq dəyişdirilir.

10.6. İnvestisiya şirkətinin daxili nəzarət sistemi davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsini, investisiya şirkətinin fəaliyyətinin uzunmüddətli gəlirliliyini, etibarlı və şəffaf hesabatlılıq sisteminin təşkilini, mühasibat və hesabatlılıq sistemlərinin qiymətləndirilməsini, investisiya şirkətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərinə və investisiya şirkətinin daxili qaydalarına uyğun olmasını, fövqəladə hallarda investisiya şirkətinin fəaliyyətinin davamlığını təmin etməlidir.

10.7. Daxili nəzarət funksiyasına ikinci və üçüncü müdafiə xətti funksiyalarını (risklərin idarə edilməsi, komplayens, daxili audit) həyata keçirilən struktur bölmələri daxildir. Daxili nəzarət funksiyası üzrə ən azı aşağıdakılar təmin edilməlidir:

10.7.1. nəzarət funksiyasına daxil olan struktur bölmələrin səlahiyyətləri aydın göstərilməli, müstəqil olmalı, yoxladığı biznes xətləri və bölmələrindən asılılığı olmamalıdır;

10.7.2. nəzarət funksiyasına daxil olan struktur bölmələrin rəhbərləri eyni vaxtda fərqli icra xarakterli vəzifə icra etməməli, nəzarət funksiyasına daxil olan struktur bölmələrin əməkdaşları isə monitorinq etdiyi sahələr üzrə icra xarakterli öhdəlik daşımamalıdır;

10.7.3. nəzarət funksiyasına daxil olan struktur bölmələrin rəhbərləri birbaşa Müşahidə Şurasına və onun komitələrinə tələb olunduğu təqdirdə hesabat verməlidir;

10.7.4. nəzarət funksiyasına daxil olan struktur bölmələrin rəhbərləri Müşahidə Şurasının qərarı ilə vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Vəzifədən azad edilmə barədə məlumat (işdən azad edilmənin səbəbləri və rəhbər vəzifəsinin yeni icraçısı barədə məlumatlarla birlikdə) qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü ərzində Mərkəzi Banka bildirilməlidir;

10.7.5. nəzarət funksiyasına daxil olan struktur bölmələr vəzifələrini effektiv və obyektiv qaydada icra etmək üçün adekvat səviyyədə resursa (məsələn, peşəkar işçi heyəti, İT sistemləri, zəruri informasiya mənbələrinə çıxış və s.) və səlahiyyətə malik olmalıdır.

10.8. İnvestisiya şirkətinin daxili nəzarət sisteminin davamlı əsasda monitorinqi aparılmalıdır. İnvestisiya şirkətinin daxili nəzarət funksiyasına daxil edilən struktur bölmələr aşkar edilmiş və investisiya şirkətinin dayanıqlılıq göstəricilərinə neqativ təsir edəcək çatışmazlıqları investisiya şirkətinin Müşahidə Şurasına, onun komitələrinə və icra orqanına dərhal, digər çatışmazlıqları isə daxili qaydalarla müəyyən edilmiş dövrilikdə bildirilməlidir.

11.1. İnvestisiya şirkətlərində risklərin idarə edilməsinin təşkilati strukturu risklərin idarə edilməsi üzrə dəqiq müəyyənləşdirilmiş səlahiyyət və məsuliyyətləri, təşkilati strukturun bütün səviyyələri arasında əlaqə və məlumat axınını, struktur bölmələr və səlahiyyətli şəxslər arasında maraqlar münaqişəsinin yaranmasına qarşı tədbirləri, müstəqil və şəffaf qərar qəbuletmə prosesini və səmərəli hesabatlılıq sistemini təmin edir.

11.2. Risklərin idarəedilməsi sisteminin yaradılmasının təmini, risklərin idarə edilməsi üzrə siyasətin, daxili qaydaların və təşkilati strukturun, habelə risk iştahası bəyannaməsinin, risk limitlərinin təsdiqi, risklərin idarə edilməsi ilə bağlı icra orqanının işinə nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.

11.3. Risklərin idarə edilməsi sisteminin elementləri üzrə əsas icraçı investisiya şirkətinin risklərin idarə edilməsini həyata keçirən mərkəzləşdirilmiş və ya investisiya şirkətinin fəaliyyətinin həcminə və istiqamətlərinə uyğun olaraq, bir və ya bir neçə struktur bölməsidir. Risklərin idarə edilməsi üzrə struktur bölmələr əsasən risklərin qiymətləndirilməsi, təhlili, monitorinqi, hesabatlılığı, habelə risklərin idarə edilməsi üzrə investisiya şirkətinin daxili qaydalarının və risk iştahası bəyannaməsinin hazırlanmasına məsuldur.

11.4. Risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin rəhbərləri risklərin idarə edilməsi üzrə azı 2 (iki) illik iş təcrübəsinə malik olmalı və vəzifəyə Müşahidə Şurası tərəfindən təyin olunmalıdır. Bölmələrin əməkdaşlarının investisiya şirkətində istənilən məlumat bazasına, daxili əməliyyat sistemlərinə, habelə daxili auditin hesabatlarına çıxışı təmin olunmalıdır.

11.5. Risklərin idarə edilməsi prosesi investisiya şirkətində risklərin effektiv idarə edilməsi üçün lazımi prosedur və qiymətləndirmə metodologiyalarını əhatə edir. İnvestisiya şirkətinin fəaliyyətində yaranan risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi metodları investisiya şirkətinin risk profilinin həcmi və mürəkkəbliyinə uyğun tətbiq edilir. Risklərin qiymətləndirilməsi prosesində ESİ amillərini ehtiva edən maliyyə və qeyri-maliyyə riskləri də nəzərə alınmalıdır.

11.6. Risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələrin əsas vəzifələri aşağıdakılardır:

11.6.1. icra orqanının rəyini nəzərə almaqla risklərin idarə edilməsi siyasətini hazırlayır və Müşahidə Şurasına təqdim edir;

11.6.2. aylıq əsasda risk limitlərinin monitorinq nəticələri, habelə investisiya şirkətinin risk profili ilə bağlı icra orqanına hesabat verir. Risk iştahası göstəriciləri üzrə kənarlaşmalar baş verdikdə səbəbləri göstərilməklə bu barədə Müşahidə Şurasını dərhal məlumatlandırır. Pozuntu halında riskin azaldılması və ya risk limitlərinin bazar şəraitinə uyğunlaşdırılması üzrə tədbirlər planını ən geci növbəti ayın monitorinq nəticələri ilə birlikdə Müşahidə Şurasına təqdim edir;

11.6.3. investisiya şirkətinin fəaliyyətinə aid risklərin növlərini və ölçüsünü göstərən dövri hesabatların etibarlı, şəffaf, kompleks şəkildə və vaxtında hazırlanmasını təmin edir;

11.6.4. risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təklifləri Müşahidə Şurasına təqdim edir. Müşahidə Şurası zəruri hesab etdiyi halda təkliflərə icra orqanı tərəfindən rəy bildirilməsini tələb edə bilər;

11.6.5. investisiya şirkətinin məruz qaldığı risklərin onun riskgötürmə qabiliyyətinə uyğunluğunu təmin edir;

11.6.6. risk iştahası bəyannaməsinə baxılmasında, habelə risklərin idarə edilməsi ilə əlaqədar məsələlərin müzakirə olunmasında Müşahidə Şurasının iclaslarında iştirak edir;

11.6.7. məcmu və ayrı-ayrı risk növləri üzrə investisiya şirkətinin cari və gələcəkdəki risk iştahasına dair Müşahidə Şurasına təkliflər verir;

11.6.8. investisiya şirkətinin risk mədəniyyətinin vəziyyətinə dair Müşahidə Şurasına hesabat verir;

11.6.9. investisiya şirkətinin risklərin idarə edilməsi siyasətini ən azı ildə bir dəfə nəzərdən keçirir.

11.7. Risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələrin fəaliyyəti illik əsasda Müşahidə Şurası tərəfindən nəzərdən keçirilir və qiymətləndirilir.

12.1. Hər bir investisiya şirkəti fəaliyyətinin xüsusiyyətinə, əməliyyatlarının həcmi və mürəkkəbliyinə adekvat olaraq ixtisaslaşdırılmış insan və texnoloji resurslara malik müstəqil komplayens funksiyasını formalaşdırır.

12.2. Komplayens funksiyasının əsas vəzifələri aşağıdakılardır:

12.2.1. investisiya şirkətinin komplayens riskinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarəti üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən edir;

12.2.2. Müşahidə Şurasına dövri əsasda, pozuntular nəticəsində əhəmiyyətli komplayens riskləri baş verdiyi halda isə növbədənkənar əsasda hesabatlar təqdim edir;

12.2.3. aşkarlanmış və investisiya şirkətinin dayanıqlılıq göstəricilərinə neqativ təsir edəcək risklər və çatışmazlıqlar barədə, habelə bunların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə Mərkəzi Bankı məlumatlandırır;

12.2.4. investisiya şirkətinin əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlayır və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasını təmin edir;

12.2.5. risklərin idarə edilməsi bölmələri ilə koordinasiyalı formada risklərin idarə edilməsi üzrə investisiya şirkətinin daxili qaydalarının hazırlanmasında, həmçinin risk iştahası bəyannaməsinə və siyasətinə riayət edilməsinin monitorinqinin aparılmasında iştirak edir;

12.2.6. komplayens risklərinin idarə edilməsi üzrə icra orqanının fəaliyyətinə davamlı dəstəyi təmin edir;

12.2.7. investisiya şirkətinin həyata keçirdiyi investisiya xidmətlərinin (əməliyyatlarının) genişləndirilməsi və yeni layihələrin hazırlanması, o cümlədən tətbiqi prosesində iştirak edir;

12.2.8. komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar daxili kommunikasiyanı təmin edir;

12.2.9. investisiya şirkətinin fəaliyyəti üzrə qərarvermə prosesində maraqlar münaqişəsini müəyyən edir və dövri olaraq qiymətləndirir;

12.2.10. investisiya şirkətinin fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparır.

12.3. Komplayens funksiyası aşkar edilmiş pozuntuların araşdırılması üçün öz işlərinə investisiya şirkətinin digər struktur bölmə əməkdaşlarını və (və ya) kənar ekspertləri cəlb edə bilər.

12.4. Komplayens funksiyasının rəhbəri(ləri) ən azı aşağıdakı meyarlara cavab verməlidir:

12.4.1. maliyyə sektorunda nəzarət funksiyasında ən azı 2 (iki) illik iş təcrübəsinin olması;

12.4.2. məqbul və lazımi keyfiyyətlərə malik şəxs olması.

12.5. Komplayens funksiyasının fəaliyyətinin effektiv təmini üçün daxili audit xidməti ilə adekvat məlumat mübadiləsi təmin edilməli və ən azı ildə bir dəfə funksiyanın effektivliyi daxili audit xidməti tərəfindən qiymətləndirilməlidir.

12.6. Komplayens funksiyasının rəhbər(lər)i Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir.

13.1. İnvestisiya şirkəti Qanunun 32.2-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verən daxili audit sistemini tətbiq etməlidir. Daxili audit funksiyası risklərin idarə edilməsi sisteminin üçüncü müdafiə xəttidir. O, investisiya şirkətinin və onun nüfuzunun qorunması üçün Müşahidə Şurasına və icra orqanına investisiya şirkətinin daxili nəzarət və risklərin idarə edilməsi sisteminin keyfiyyəti və effektivliyi ilə bağlı müstəqil dəstək xidmətini təmin edir.

13.2. İnvestisiya şirkətinin bütün fəaliyyət sahələri (kənar xidmətdən istifadə edilməklə icra edilən fəaliyyətlər daxil olmaqla) audit funksiyasının əhatə dairəsinə daxildir.

13.3. Audit funksiyasının effektivliyinin təmini məqsədilə Müşahidə Şurası audit funksiyasının bütün məlumat bazasına, o cümlədən investisiya şirkətinin əmlakına tam və qeyd-şərtsiz çıxışını, habelə audit funksiyasının tövsiyələri üzrə icra orqanı tərəfindən zamanında və effektiv tədbirlərin görülməsini təmin edir.

13.4. Daxili auditorlar audit fəaliyyətini həyata keçirərkən qanunvericiliyə, daxili audit xidmətinin əsasnaməsinə, Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara əməl etməlidir.

13.5. Daxili audit xidmətinin tərkibində yüksək texniki bilik və təcrübə tələb edən sahələr üzrə (məs. İT, ödəniş xidmətləri, modelləşmə və s.) mütəxəssislər olmalıdır.

13.6. Xüsusi bilik və bacarıq tələb edən sahələr üzrə daxili audit xidməti kənar xidmətdən (investisiya şirkətinin kənar auditoru istisna) istifadə edə bilər. Bu yolla aparılan audit işinin effektivliyi və keyfiyyətinə daxili audit xidməti məsuliyyət daşıyır.

13.7. Oxşar tapşırıqların davamlı icrası ilə bağlı obyektivliyin itirilməsi ehtimalının qarşısını almaq üçün audit işinə xələl gətirmədən daxili audit funksiyası daxilində işçilərin (funksiya daxilində bir neçə işçinin fəaliyyəti nəzərdə tutulduqda) vaxtaşırı rotasiyası həyata keçirilir. Rotasiya qaydası investisiya şirkətinin daxili audit siyasətində müəyyən edilir.

13.8. Daxili audit xidmətinin rəhbəri illik audit planı hazırlamağa məsuldur. Planda Müşahidə Şurasının və icra orqanının nəzarətin təkmilləşdirilməsi ilə bağlı ehtiyacları nəzərə alınmalıdır. Planın icrası üzrə audit investisiya şirkətinin istənilən fəaliyyət sahəsində bu Standartların 8.5-ci bəndinin tələbi nəzərə alınmaqla yoxlamalar apara bilər.

13.9. Audit planı Audit Komitəsi tərəfindən təsdiqlənir. Plan üzrə büdcə daxili audit funksiyasının fəaliyyətinin təmin edilməsi üçün yetərli olmalı və investisiya şirkətinin risk profilindəki potensial dəyişikliklərə uyğunlaşa bilməlidir.

13.10. Daxili audit qiymətləndirməsi çərçivəsinə ən azı aşağıdakılar daxildir:

13.10.1. daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin effektivliyi və səmərəliliyi;

13.10.2. risklərin idarəedilməsi funksiyası üzrə resursların (məsələn, əməkdaşlar, proqram təminatı və s.) keyfiyyəti və adekvatlığı;

13.10.3. daxili və xarici hesabatlılıq üzrə istifadə olunan məlumatların uyğunluğu, dəqiqliyi, tamlığı, əlçatanlığı, məxfiliyi və hərtərəfliliyi;

13.10.4. investisiya şirkətinin fəaliyyətinin qanunvericiliyə və investisiya şirkətinin daxili qaydalarına uyğunluğu;

13.10.5. aktivlərin qorunması və təhlükəsizliyi;

13.10.6. investisiya şirkətinin İT, kiber və informasiya təhlükəsizliyi sahələrinin effektivliyi və səmərəliliyi.

13.11. Daxili audit fəaliyyətinin effektivliyinin artırılması məqsədilə icra orqanı daxili audit funksiyasını şirkətdaxili təşəbbüslər və layihələr, təkmilləşmələr, xidmətlər və əməliyyat dəyişiklikləri barədə məlumatlandırmalıdır.

13.12. Daxili audit yoxlamasının nəticələrinə əsasən daxili audit hesabatı hazırlanır. Hesabatda audit tapıntıları faktlarla əsaslandırılır və məsul şəxslər (struktur bölmələr) göstərilir.

13.13. Audit bölməsi audit hesabatı ilə bağlı icra orqanı tərəfindən görülən tədbirlərin nəticələrini izləyir və ildə azı 2 (iki) dəfə tövsiyələrin icra vəziyyəti barədə Audit Komitəsinə və Müşahidə Şurasına hesabat verir.

13.14. İnvestisiya Şirkətinin daxili audit funksiyasının effektivliyi ildə bir dəfədən az olmayaraq Audit Komitəsi, iki ildə bir dəfədən az olmayaraq isə kənar audit tərəfindən qiymətləndirilir. Son üç kənar audit qiymətləndirilməsinin nəticələri qənaətbəxş olduqda daxili audit funksiyasının effektivliyi beş ildə bir dəfədən az olmayaraq həyata keçirilə bilər.

13.15. İnvestisiya şirkəti daxili audit funksiyasının kənar audit tərəfindən qiymətləndirilməsinin nəticələrini və aşkarlanan nöqsanların aradan qaldırılmasına dair tədbirlər planını yoxlama nəticələri əldə edildikdən sonra 10 (on) iş günü ərzində, daxili audit planının icrasına dair hesabatı isə yarımillik əsasda, hər yarım il başa çatdıqdan sonrakı 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edir.

13-1.1. Hər bir investisiya şirkəti şikayət edən müştərilərlə münasibətlərin tənzimlənməsi, onların hüquqlarının qorunması və şikayətlərə baxılması prosesinin idarə edilməsi məqsədilə müstəqil şikayətlərə baxılması funksiyasını formalaşdırır.

13-1.2. Şikayətlərə baxılması funksiyası investisiya şirkətinin əməliyyatlarının həcminə və müştərilərinin sayına uyğun olaraq yaradılan struktur bölmə və ya təyin olunan məsul şəxs tərəfindən icra edilir. Şikayətlərə baxılması funksiyası Müşahidə Şurasının təsdiq etdiyi şikayətlərə baxılması qaydalarını rəhbər tutur. Şikayətlərə baxılması funksiyasının fəaliyyətinə nəzarət komplayens funksiyasını həyata keçirən struktur bölməyə nəzarət edən icra orqanının üzvü (təkbaşına icra orqanının rəhbəri) tərəfindən həyata keçirilir.

13-1.3. İcra orqanı şikayətlərə baxılması funksiyasının fəaliyyətinin effektiv şəkildə həyata keçirilməsi üçün şikayətlərə baxılması funksiyasına müvafiq şərait yaradır, zəruri insan və digər resurslarla (İT sistemləri, zəruri informasiya mənbələrinə çıxış və s.) təmin edir, habelə şikayətlərə baxılması funksiyası ilə digər aidiyyəti struktur bölmələr arasında operativ məlumat mübadiləsinin aparılmasını təmin edir.

13-1.4. Şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs vəzifə və səlahiyyətlərini yerinə yetirmək üçün müvafiq sahə üzrə bilik və təcrübəyə malik olmalı və investisiya şirkəti tərəfindən onlar üçün mütəmadi təlim və seminarlar təşkil edilməlidir. Maraqlar münaqişəsinin qarşısının alınması üçün şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs biznes əməliyyatlarından və bölmələrindən kənar olmalı və şikayətlərin araşdırılması üçün adekvat səlahiyyətə malik olmalıdır.

13-1.5. İnvestisiya şirkəti şikayətlərə baxılması funksiyasının fəaliyyətinin azı ildə bir dəfə daxili audit xidməti tərəfindən yoxlanılmasını, yoxlamanın nəticələri barədə hesabatın Müşahidə Şurası və Audit Komitəsinə, surətinin icra orqanına təqdim edilməsini təmin edir.

13-1.6. Şikayətlərə baxılması funksiyası azı aşağıdakı vəzifələri yerinə yetirir:

13-1.6.1. müştərilərdən daxil olan şikayətlərə baxır və qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırır;

13-1.6.2. müştərilərin məlumatlandırılması məqsədilə şikayətlərə baxılma prosesini, o cümlədən müştərilərin hüquq və öhdəliklərini əhatə edən sənədlərin hazırlanmasını və əlçatanlığını təmin edir;

13-1.6.3. şikayətlərin xarakterindən asılı olaraq müştərilərlə şifahi danışıqlar aparır və görüşlər təşkil edir, məsləhət və izahlar verir;

13-1.6.4. şikayətlərin araşdırılması məqsədilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir və onlardan yazılı və şifahi məlumatlar alır;

13-1.6.5. müştərilərlə əlaqədə olan əməkdaşlara şikayətlərin toplanması və şikayətlərə baxılması funksiyasına ötürülməsi, müştərilərlə davranış və digər mövzularda təlimlərin keçirilməsini təmin edir;

13-1.6.6. müştərilərdən daxil olan şikayətlərin reyestrini aparır və reyestrdə olan məlumatları daxil olma dövrünə və xarakterinə (cavablandırılmış, hazırda baxılan və ya baxılmamış saxlanılmış şikayətlərin sayı və onların məhsul və xidmətlər, habelə şikayətin spesifik məzmunu və s. üzrə bölgüsü) uyğun icmallaşdırır;

13-1.6.7. müştəri şikayətlərinin əsas səbəblərinə dair statistikanın aparılmasını və ümumiləşdirilməsini təmin edir;

13-1.6.8. öz fəaliyyətinin nəticələri barədə hesabatları azı rübdə bir dəfə, əhəmiyyətli pozuntular baş verdiyi halda isə növbədənkənar əsasda investisiya şirkətinin Müşahidə Şurasına və icra orqanına təqdim edir;

13-1.6.9. müştərilərin hüquqlarının, qanuni mənafelərinin və müştərilərlə münasibətlərdə etik davranış qaydalarının pozulması hallarının aradan qaldırılması istiqamətində icra orqanına, habelə Müşahidə Şurasına müvafiq təkliflər hazırlayır;

13-1.6.10. müştərilərin şikayətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularının araşdırılması və cavablandırılması işini təşkil edir;

13-1.6.11. müştərilərin maliyyə savadlılığının artırılması istiqamətində investisiya şirkəti tərəfindən həyata keçirilən tədbirlərdə iştirak edir.

14.1. Hər bir investisiya şirkətində onun risklərin idarə olunması siyasətinə müvafiq olaraq mükafatlandırma siyasəti müəyyən edilir. Mükafatlandırma siyasəti ən azı aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

14.1.1. investisiya şirkətinin strateji hədəflərə nail olmasına yönəldilməli;

14.1.2. investisiya şirkətinin uzunmüddətli fəaliyyət nəticələrinə və mənfəətliliyinə əsaslanmalı;

14.1.3. investisiya şirkətinin risk iştahasına adekvat olmalı və izafi risk qəbulu məhdudlaşdırmalı;

14.1.4. investisiya şirkəti tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə etməsinə təşviq etməməli;

14.1.5. maraqlar münaqişəsinə yol verməməlidir.

14.2. Mükafatın ödənişi investisiya şirkətinin kapital adekvatlığının pisləşməsinə yol verməməli və uzunmüddətli dövrdə kapital dayanıqlığına mənfi təsir etməməlidir.

14.3. İnvestisiya şirkətinin əməkdaşları və idarəetmə orqanları üzvlərinin (Müşahidə Şurasının investisiya şirkətinin bölüşdürülməmiş mənfəətinin faizi şəklində muzd alan üzvləri istisna olmaqla) əməyinin ödənilməsi yalnız mükafatlar vasitəsilə (vəzifə maaşı olmadan) həyata keçirilməməlidir.

14.4. Mükafatlandırma siyasətində ən azı aşağıdakı kateqoriyalara aid olan investisiya şirkətinin əməkdaşları və idarəetmə orqanlarının üzvlərinə mükafatın verilməsi şərtləri ayrı-ayrılıqda əks etdirilməlidir:

14.4.1. investisiya şirkətinin xüsusi kateqoriyaya aid olan işçiləri;

14.4.2. investisiya şirkətində nəzarət funksiyasında olan əməkdaşlar (bu kateqoriyaya investisiya şirkətinin risklərin idarə edilməsi, komplayens və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələrinin əməkdaşları aiddir);

14.4.3. Qanunun 30.3-cü maddəsi ilə müəyyən edilmiş investisiya xidmətlərini həyata keçirən mütəxəssislər və belə struktur bölmələrin rəhbərləri;

14.4.4. investisiya şirkətlərinin bu Standartların 14.4.1 – 14.4.3-cü yarımbəndlərində nəzərdə tutulmayan digər əməkdaşları.

14.5. Bu Standartların 14.4.2-ci yarımbəndində müəyyən edilmiş investisiya şirkətinin əməkdaşlarına ödəniləcək mükafatın həcmi yoxlanılan struktur bölmənin fəaliyyətindən asılı olmamalı, habelə bu əməkdaşların müstəqilliyinə xələl gətirməməlidir.

14.6. Mükafatlandırma siyasəti investisiya şirkətinin Müşahidə Şurası tərəfindən təsdiq edilir. Mükafatlandırma siyəsəti, habelə siyasətə edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən 30 (otuz) gün müddətində Mərkəzi Banka təqdim edilir.

14.7. Müşahidə Şurasının və onun komitələrinin üzvlərinin mükafatlandırılması barədə qərar səhmdarların ümumi yığıncağı tərəfindən qəbul olunur.

14.8. Bu Standartların 14.7-ci bəndi nəzərə alınmaqla investisiya şirkətinin əməkdaşlarının mükafatlandırılması üzrə qərar Müşahidə Şurası tərəfindən təsdiq edilir. Kapital adekvatlığı tələblərinə cavab verən, lakin zərərlə fəaliyyət göstərən investisiya şirkətinin səhmdarlarının ümumi yığıncağının mükafatın verilməsini nəzərdə tutan qərarlar qəbul etdiyi hallar (məsələn, fəaliyyətin genişləndirilməsi, biznes modelinin dəyişilməsi, maliyyə sağlamlaşdırması və s. ilə bağlı) istisna olmaqla, investisiya şirkətinin əməkdaşlarının mükafatlandırılması üzrə qərar qəbul edilən zaman investisiya şirkəti kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə ilinin nəticələrinə görə xalis mənfəət əldə etməli, habelə investisiya şirkətinin kapital adekvatlığı həm maliyyə ilinin yekununa, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır. İnvestisiya şirkətinin zərərlə fəaliyyət göstərməsinə dair səhmdarların ümumi yığıncağının qəbul etdiyi qərarı şərtləndirən hallar investisiya şirkətinin strateji planında əks olunmalı, habelə bu dövr ərzində mükafatın bu Standartların 14.4-cü bəndində nəzərdə tutulmuş kateqoriyalar üzrə maksimum həcmi və hesablanmasında istifadə ediləcək maliyyə göstəriciləri investisiya şirkətinin daxili qaydaları ilə müəyyən edilməlidir.

14.9. Bu Standartların 14.7-ci və 14.8-ci bəndlərində qeyd edilmiş mükafatlandırma üzrə qərarların surəti qərarlar qəbul edildiyi tarixdən 15 (on beş) gün müddətində Mərkəzi Banka təqdim edilir.

14.10. İnvestisiya şirkəti tərəfindən il ərzində və illik nəticələrə əsasən bu Standartların 14.4-cü və 14.7-ci bəndlərində nəzərdə tutulmuş şəxslərə verilmiş mükafatların həcmi (hər bir şəxs üzrə mükafatın həcmi göstərilməklə) barədə hesabat hər növbəti ilin iyul ayının 7-dək Mərkəzi Banka təqdim edilir.

15.1. İnvestisiya şirkətində qərarların qəbul edilməsi prosesində istifadə edilən, habelə ictimaiyyətə açıqlanan məlumatlar adekvat və hərtərəfli olmalıdır. Məlumatlar etibarlı, yenilənmiş, əlçatan və ardıcıl olmalıdır. İnvestisiya şirkətinin kommunikasiya kanalları işçi heyətinin daxili normativ sənədləri, o cümlədən mükafatlandırmaya dair siyasət və prosedurları tam anlamasını və ona riayət etməsini, habelə müvafiq informasiyasının aidiyyəti heyətə çatdırılmasını təmin etməlidir. İnvestisiya şirkəti gözlənilməz hadisələrin baş verməsi zamanı məlumat itkisinin qarşısını almaq üçün biznesin bərpa və davamlılığı planına malik olmalıdır.

15.2. İnvestisiya şirkətinin fəaliyyətini və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq ayrıca və konsolidasiya əsasında hazırlanır və illik maliyyə hesabatları kənar auditor tərəfindən təsdiq edilərək auditor rəyi ilə birlikdə Qanunun 61.12-ci maddəsində nəzərdə tutulmuş müddətdə açıqlanır. İllik maliyyə hesabatı və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları, qanunla müəyyən edilmiş qaydada auditor rəyi ilə birlikdə investisiya şirkətinin internet səhifəsində dərc olunur. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.

15.3. İqtisadi qərarların qəbul edilməsi, investisiya şirkətlərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi və qərarlar qəbul edərkən müxtəlif investisiya şirkətlərini səmərəli müqayisə etmək imkanları yaratmaq üçün hər bir investisiya şirkəti məlumat istifadəçiləri üçün aşağıdakı məlumatları ildə bir dəfədən az olmayaraq, bu məlumatlarda mühüm dəyişikliklər baş verdikdə isə yarım ildə bir dəfədən az olmayaraq açıqlayır:

15.3.1. investisiya şirkətinə aidiyyəti olan şəxslərlə aparılmış əməliyyatlara dair ümumi məlumatlar (həcmi, sayı və s.);

15.3.2. cəlb edilmiş maliyyə vəsaitləri;

15.3.3. idarəetmə orqanları və vəzifəli şəxslər (xarici investisiya şirkətinin yerli filialları üzrə rəhbər işçiləri (filialın rəhbəri və onun müavini, habelə bir və ya bir neçə struktur bölməsinə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşı), onların əsas və əlavə iş yerləri, telefon nömrəsi, elektron poçt ünvanı, onların təhsili və ixtisası barədə məlumat;

15.3.4. təşkilati strukturu;

15.3.5. inkişaf siyasəti (investisiya şirkətlərinin strateji baxışı və missiya bəyanatı, investisiya şirkətlərinin strateji hədəfləri);

15.3.6. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;

15.3.7. investisiyaların həcmi və mənbəyi;

15.3.8. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi (o cümlədən, investisiya qiymətli kağızlarının növü, forması, dövlət qeydiyyatı nömrəsi, nominal dəyəri, mülkiyyətçilərinin hüquqları, ödəniş müddəti);

15.3.9. ictimai layihələr;

15.3.10. olduğu halda investisiya şirkətinə verilmiş reytinqlər barədə məlumat (reytinq agentliyinin adı, reytinqin verildiyi tarix, investisiya şirkətlərinin cari və əvvəlki reytinqi);

15.3.11. investisiya şirkətində fəaliyyət göstərən daxili komitələr, onların əsas vəzifələri və tərkibi haqqında məlumat;

15.3.12. investisiya şirkətlərinin rəhbərliyində və təşkilati strukturunda baş verən əhəmiyyətli dəyişikliklər haqqında məlumat;

15.3.13. mükafatlandırma siyasətinin əsas prinsipləri;

15.3.14. investisiya şirkətlərinin son maliyyə ili üzrə auditini həyata keçirən kənar auditor haqqında məlumat;

15.3.15. investisiya şirkətinin filialları haqqında məlumat (adı, ünvanı, həyata keçirdiyi xidmət (əməliyyat) növləri, açıldığı tarix və əlaqə rekvizitləri);

15.3.16. investisiya şirkətinin törəmə təsərrüfat cəmiyyətləri barədə məlumat (adı, göstərdiyi xidmətlər);

15.3.17. investisiya şirkətlərinin kapitalında müvafiq iştirak payına malik olan səhmdarlar və onların iştirak payları barədə qiymətli kağızlar bazarı haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilən məlumat;

15.3.18. müvafiq dövr üzrə müştərilərdən daxil olan şikayətlərin sayı, məzmunu və nəticələri barədə ümumiləşdirilmiş məlumat.

15.4. Bu Standartların 15.3.5-ci, 15.3.6-cı, 15.3.8-ci, 15.3.11-ci, 15.3.15-ci, 15.3.16-cı yarımbəndlərində nəzərdə tutulan məlumatların açıqlanması tələbi xarici investisiya şirkətlərinin yerli filiallarına şamil edilmir.

15.5. Hər bir investisiya şirkəti qanunla qorunan məlumatlar istisna olmaqla, fəaliyyəti barədə əhəmiyyətli hesab etdiyi digər məlumatları da açıqlaya bilər.

15.6. Məlumatlar mötəbərlik, anlaşıqlılıq, operativlik, əhəmiyyətlilik, aktuallıq, müqayisəlilik prinsiplərinə uyğun olmalı, açıqlanarkən şəffaflıq və kommersiya maraqlarının qorunması arasında tarazlıq saxlanılmalıdır.

15.7. Məlumatların açıqlanması qaydası və dövriliyi, tərkibi və istifadəçilərə çatdırılma qaydası, habelə bu proseslərin daxili nəzarətlə əhatə olunması mexanizmi bu Standartların tələbləri nəzərə alınmaqla investisiya şirkətlərinin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili qaydalarla müəyyən olunur.

15.8. Açıqlanan məlumatlar investisiya şirkətinin internet saytının istifadəçilər üçün aydın görünən, əlçatan formatda strukturlaşdırılmış ayrı bölməsində və excel və ya digər ixrac oluna bilən formatda yerləşdirilir. İnvestisiya şirkətinin maliyyə hesabatları yerləşdirildiyi tarixdən ən azı üç il ərzində, digər açıqlanan məlumatlar isə yenilənənədək investisiya şirkətinin internet səhifəsində saxlanılmalıdır. Açıqlanan məlumatların investisiya şirkətinin internet səhifəsində məlumatların yerləşdirildiyi tarix və açıqlanan məlumatlarla bağlı sorğuların cavablandırılmasına məsul şəxs barədə (onun adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı) məlumat göstərilməlidir. Əlavə olaraq həmin məlumatlar digər media subyektlərində də yerləşdirilə bilər. Məlumat istifadəçilərinin sorğularına əsasən həmin məlumatlar heç bir haqq tələb olunmadan bilavasitə onların özlərinə təqdim edilməlidir.

15.9. Maliyyə hesabatları və digər açıqlanan məlumatlar investisiya şirkətinin icra orqanının rəhbəri və baş mühasib (bu vəzifələri icra edən şəxs) tərəfindən imzalanır.

16.1. Bu Standartlar qüvvəyə mindiyi gündən 30 (otuz) gün ərzində investisiya şirkətləri tərəfindən növbəti dövr üçün təsdiq olunan strateji plan Mərkəzi Banka təqdim edilməlidir.

16.2. Bu Standartlar qüvvəyə mindiyi gündən sonrakı iki il ərzində hər 6 (altı) aydan bir investisiya şirkətində korporativ idarəetmənin tətbiqinin bu Standartlara uyğunluğu investisiya şirkəti tərəfindən qiymətləndirilməli və qiymətləndirmə başa çatdıqdan sonra 15 (on beş) iş günü ərzində nəticələri Mərkəzi Banka təqdim edilməlidir.

1. 7 iyul 2026-cı il tarixli 30/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202607070302, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 iyul 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver