Qanunvericilik › “İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.08.2007) › Tam mətn

“İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.08.2007)

“İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.08.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 28 avqust 2007-ci il

1. Bu Qayda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır.

2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə uyğun olaraq şəxsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın icrasını təmin etmək üçün inzibati orqan tərəfindən qanunvericiliyə əsasən məcburi icra tədbiri növündə təyin olunan cərimənin (bundan sonra – cərimə) tətbiqi bu Qaydanın müddəaları ilə tənzimlənir.

3. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

4. İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur.

5. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın könüllü qaydada icrası üçün maraqlı şəxsə ən azı 10 gün müddət təyin edilir.

6. Könüllü qaydada icra olunmayan inzibati akt məcburi qaydada icra edilir.

7. Cərimə məcburi icra tədbirinin bir növüdür.

8. Cərimənin miqdarı dörd manatdan az ola bilməz. Fiziki şəxslər qırx dörd manatdan, hüquqi şəxslər isə üç yüz otuz manatdan yuxarı miqdarda cərimə oluna bilməzlər.

9. Maraqlı şəxs cərimənin tətbiq olunacağı barədə inzibati orqan tərəfindən əvvəlcədən xəbərdar edilir.

10. Xəbərdarlıqda inzibati aktın könüllü qaydada icrası üçün təyin olunmuş müddət (10 gün) və həmin müddət başa çatdıqdan sonra tətbiq olunması nəzərdə tutulan cərimənin miqdarı göstərilir.

11. Xəbərdarlıqda icra edilməli inzibati akta istinad olunmalı və cərimənin tətbiqi əsasları göstərilməlidir. Xəbərdarlıq yazılı formada tərtib edilir və maraqlı şəxsə rəsmi təqdim olunur.

12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə əvvəlcədən xəbərdar edilməyə bilər.

13. Maraqlı şəxs cərimənin tətbiq edilməsi haqqında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati aktdan yuxarı inzibati orqana və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəməyə şikayət verə bilər. İnzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır.

14. Cəriməni könüllü qaydada ödəyən maraqlı şəxsə qəbz təqdim edilir.

15. Cərimənin məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq ərazi üzrə dövlət icra məmuru tərəfindən icra edilir.

16. İnzibati akt icra olunana qədər cərimə təkrarlana və ya sərtləşdirilə, habelə əvvəl seçilmiş cərimənin tətbiqi heç bir nəticə vermədiyi halda, c ərimənin miqdarı çoxaldıla bilər. Bu barədə maraqlı şəxs bu Qaydanın 9-12-ci bəndlərinə uyğun olaraq xəbərdar edilir.

17. Şəxs inzibati aktı icra etdiyi halda, cərimənin tətbiqi dərhal dayandırılmalıdır.

18. Cərimə vasitəsi ilə inzibati aktın icrası mümkün olmadıqda və ya cərimənin tətbiqi obyektiv şərait baxımından mümkün olmadıqda, inzibati orqan maraqlı şəxsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə bilavasitə məcbur edə və ya özü dərhal həmin hərəkəti həyata keçirə bilər. Bilavasitə məcburetmə tədbiri yalnız müvafiq səlahiyyəti olan inzibati orqan tərəfindən və qanunla müəyyən edilmiş qaydada tətbiq oluna bilər.

1. 12 noyabr 2010-cu il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1040)

2. 16 mart 2015-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 456)

3. 7 may 2026-cı il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 may 2026-cı il, “Xalq” qəzeti, 14 may 2026-cı il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 460)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver