25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.
25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər.
25.3. İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir.
25.4. İnzibati orqan məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərdən maraqlı şəxslərin ziyanına istifadə edə bilməz.
25.5. Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədin tanış olmaq üçün təqdim edilməsindən imtina olunduğu hallarda, inzibati orqan qanunla qorunan maraqlara ziyan vurmadan, həmin sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün qədər dolğun məlumat verməyə borcludur.
25.6. Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər.
25.7. Müstəsna hallarda maraqlı şəxslər, yazılı müraciət əsasında, inzibati icraat materialları ilə digər inzibati orqanda, habelə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyində tanış ola bilərlər.
25.8. Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır.
25.9. Sənədlərin və digər materialların surətlərinin çıxarılması və poçt rabitəsi ilə göndərilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada haqq müəyyən oluna bilər.