30.1. Ərizə yazılı formada tərtib olunmalıdır.
30.2. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
30.2.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;
30.2.2. ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;
30.2.3. ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;
30.2.4. tələbin qısa məzmunu;
30.2.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
30.2.6. hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
30.2.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
30.3. Təqdim olunması qanunla nəzərdə tutulmuş sənədlər, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərinə əməl edilməklə, ərizəyə qoşma kimi əlavə olunur.
30.4. Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.
30.5. İnzibati orqan tərəfindən qanunla ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.