36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar:
36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan;
36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər;
36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər.
36.2. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər ərizə ilə müraciət etmək və inzibati icraatda digər prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər.
36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.
36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər.
36.5. İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır.
36.6. İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir.