Qanunvericilik › İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Hüquqi yardım göstərməkdən imtinanın əsasları

İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər:

7.1.1. hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda;

7.1.2. hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd olduqda;

7.1.3. hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirməsinə əhəmiyyətli dərəcədə mane olduqda;

7.1.4. hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə.

7.2. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyildir:

7.2.1. başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım göstərə bilərsə;

7.2.2. həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olmayan yalnız böyük məsrəf hesabına hüquqi yardım göstərə bilərsə.

7.3. İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda, ona həmin məqsədlə müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən üç gün müddətində bu barədə yazılı məlumat verməlidir.

7.4. Müraciət edən inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə baxılması barədə hüquqi yardım üçün müraciət olunmuş orqana münasibətdə nəzarət funksiyasını həyata keçirən yuxarı inzibati orqana müraciət edə bilər. Yuxarı inzibati orqan tərəfindən həmin məsələyə 5 gün müddətində baxılır və qəti qərar qəbul edilir. Hüquqi yardımdan imtina əsassız hesab edildikdə, yuxarı inzibati orqan belə yardımın dərhal göstərilməsi barədə hüquqi yardım üçün müraciət olunmuş inzibati orqana müvafiq tapşırıq verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver