Azərbaycan Respublikası Konstitusiyasının preambulasında qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaq niyyəti bəyan edilmiş, 7-ci maddənin I hissəsində Azərbaycan dövlətinin hüquqi dövlət olduğu göstərilmiş, 60-cı maddənin I hissəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verildiyi təsbit edilmişdir. Hüquqi dövlətdə hakimiyyət səlahiyyətlərini həyata keçirən bütün orqanlar Konstitusiyaya və qanunlara uyğun davranmaq öhdəliyi daşıyırlar. Bu məqsədlərə nail olmaq üçün sözügedən orqanların qərar və hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa uyğunluğunu təmin etməyə imkan verən səmərəli mexanizmlər mövcud olmalıdır.
Hüquqi dövlətdə inzibati məhkəmə icraatı inzibati hüquq sahəsində insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmənin, eləcə də hüququn aliliyinə və demokratik idarəçiliyə nail olmanın ən səmərəli mexanizmlərdən biri kimi qəbul edilir. Bununla da, hakimiyyət səlahiyyətlərini həyata keçirən orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti üzərində məhkəmə nəzarəti təmin edilmiş olur.
İnzibati mübahisələrə baxılması zamanı məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı məhkəmə təcrübəsində qarşıya çıxan problemləri aradan qaldırmaq, bu sahədə hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq
1. Müvəqqəti xarakterli müdafiə tədbirləri
1.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir.
1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir.
1.3. İddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir.
1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.
2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin növləri
2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir.
2.2. İPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır.
2.3. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər.
2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir.
2.5. İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər.
3. Ərizəyə baxan məhkəmələr
3.1. İPM-in 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Vaxt baxımından nəzərdə tutulmuş bu müstəqillik hüquqların daha səmərəli təmin edilməsi məqsədinə yönəlmişdir.
3.2. İPM-in 1.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 159.1-ci maddələrinə görə belə ərizəyə, ağlabatan obyektiv hallar istisna olmaqla, mübahisəni həll edən hakim və ya məhkəmə tərkibi tərəfindən baxılmalıdır. Mübahisəni həll edən hakim və ya məhkəmə tərkibi dedikdə, əsas iddiaya mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsinin hakimi, eləcə də apellyasiya və ya kassasiya məhkəməsinin məhkəmə tərkibləri nəzərdə tutulur.
3.3. İPM-in 1.2 və MPM-in 159.1-ci maddələrinə əsasən məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəyə onun bağlı olduğu əsas iddiaya birinci instansiya məhkəməsi qismində (inzibati məhkəmələr və ya apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları) mahiyyəti üzrə baxmalı olan məhkəmə tərəfindən ayrıca icraatda baxılmalıdır.
3.4. Məhkəmə icraatının gedişində (mübahisəyə mahiyyəti üzrə baxılması davam etdikdə, yaxud mübahisəyə mahiyyəti üzrə baxılması yekunlaşsa da, apellyasiya və ya kassasiya şikayətləri vermə müddətləri bitmədikdə) verilmiş ərizələrə münasibətdə isə nəzərə alınmalıdır ki, belə ərizə verilən an iş hansı məhkəmənin icraatındadırsa, həmin ərizəyə də məhz sözügedən məhkəmə instansiyası tərəfindən baxılmalıdır. Bu zaman məhkəmələr icraat gedişində verilmiş ərizələrə yenə də ayrıca icraatda baxmalıdırlar.
3.5. Əgər ərizə iş apellyasiya və ya kassasiya şikayətləri əsasında yuxarı instansiya məhkəmələrinin icraatına qəbul edildikdən sonra verilmişdirsə, bu halda, həmin ərizəyə ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsini təmin etmək, eləcə də məhkəmə icraatının tezləşdirilməsinə və prosessual qənaətə nail olmaq üçün müvafiq yuxarı instansiya məhkəməsi tərəfindən ayrıca icraatda baxılmalıdır. Müvafiq olaraq iş apellyasiya və ya kassasiya şikayəti əsasında yuxarı instansiya məhkəməsinin icraatına qəbul edildikdən sonra aşağı instansiya məhkəmələrinə verilmiş ərizələr baxılması üçün təxirə salınmadan işin icraatda olduğu məhkəməyə göndərilməlidir.
4. Ərizəyə dair tələblər, əsas iddianın mümkünlüyü
4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər.
4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.
4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.
4.2. İddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.
4.3. Məhkəmələr nəzərə almalıdırlar ki, bu qaydada ərizə verən şəxslər ağlabatan müddət ərzində əsas iddianın özünün qaldırılmasına yönəlmiş konkret hərəkətlər etməlidirlər. Belə ki, iddia vermək istəməyən şəxsin müvəqqəti xarakterli müdafiə tədbirindən istifadə etməsinə hüquqi marağı yaranmır.
4.4. İddia qaldırılanadək verilmiş ərizələr üzrə çıxarılmış təminat tədbirlərinin tətbiqi haqqında qərardadlardan verilmiş şikayətlər əsasında iş yuxarı instansiya məhkəməsinin icraatında olduqda, iddianın özünün qaldırılmadığı halından çıxış etməklə təminat tədbirinə dair qərardad ləğv edilməklə ərizə mümkün sayılmamalıdır.
4.5. Tətbiq edilmiş təminat tədbirindən şikayət verilmədikdə, iddia ilə bağlı işə mahiyyəti üzrə baxmalı olan məhkəmə eyni əsaslardan çıxış etməklə icraat iştirakçısının vəsatəti əsasında və ya xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə iddianın özünün qaldırılmadığı halına əsaslanmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair qərardadı ləğv etməklə ərizəni mümkün saymamalıdır.
4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır.
4.7. Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olub-olmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olub-olmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər.
4.8. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır.
4.9. Daha sonra araşdırmasının nəticəsindən asılı olaraq məhkəmə İPM-in 44.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə müvəqqəti xarakterli müdafiə barədə qərardadı dəyişdirə və ya ləğv edə bilər. Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyri-mümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s.).
4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir.
4.11. Buna görə, məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər.
4.12. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə birlikdə həm də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə verilərsə, həmin ərizəyə yalnız icraatın təzələnməsi haqqında qərardad qəbul edildikdən sonra baxıla bilər. Belə ki, İPM-in 40.2-ci maddəsində müəyyən edilmiş ümumi qayda yeni açılmış hallarla bağlı icraata da şamil edilir. Buna görə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin verilmə mərhələlərini qanunvericilik dəqiq tənzimləmişdir - iddia qaldırılanadək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində. Yeni açılmış hallar üzrə icraat qanuni qüvvəyə minmiş məhkəmə aktının qəbul edilməsi ilə başa çatmış icraatın yenilənməsi məqsədi daşıdığından, ərizəyə baxılması məhkəmə icraatının təzələnməsindən, başqa sözlə, məhkəmə icraatının gedişi mərhələsinin yaranmasından asılıdır. Bu zaman icraatın təzələnməsi haqqında qərardadın çıxarılması kifayətdir, həmin qərardadın qanuni qüvvəyə minməsi tələb olunmur. Məhkəmə icraatın təzələnməsi haqqında qərardad çıxardıqdan sonra müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəyə baxılmasının ümumi qaydasına uyğun davranmaqla, ayrıca icraatda ərizənin taleyini də həll etməlidir.
4.13. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxslər üçüncü şəxs qismində cəlb edilmə və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə vəsatətlə yanaşı, həm də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə verdikdə, həmin ərizə bu Qərarın 4.12 və 5.3-cü bəndlərində müəyyənləşdirilmiş qaydaya uyğun həll olunmalıdır.
5. Ərizə vermək hüququna malik subyektlər
5.1. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət etmək hüququna “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsində nəzərdə tutulmuş maraqlı şəxslər (ərizəçi və ya məhkəmədə iddia qaldırılmış olduqda iddiaçı) malikdir. Prosessual statusları baxımından müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqini tələb edən şəxslər ərizəçilər, üzərinə vəzifə qoyulmuş şəxslər isə cavabdeh və ya üçüncü şəxslər hesab edilirlər.
5.2. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəyə baxılması onun səlahiyyətinə aid olmadıqda, məhkəmə İPM-in 8.2-ci maddəsinə əsasən ərizəni baxılması üçün müvafiq səlahiyyətli məhkəməyə göndərməlidir.
5.3. Üçüncü şəxslərin prosessual hüquqlarının həcmi ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur və onlar tərəfindən belə ərizələr yalnız İPM-in 42.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati akta qarşı iddia qaldırıldığı zaman verilə bilər. Digər bütün hallarda proses iştirakçısı qismində çıxış etmələrinə baxmayaraq, üçüncü şəxslər tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizə verilə bilməz. Verilmiş belə ərizələr isə mümkün sayılmamalıdır.
6.1. İPM-də müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələrə məhkəməyə daxil olduqdan sonra dərhal baxılmalı olduğuna dair aşkar bir tələb təsbit edilməmişdir. Ona görə də, məhkəmələr belə ərizələrə təxirə salınmadan baxmalıdırlar.
6.2. Dərhal baxılma ərizə üzrə əlavə araşdırma və aydınlaşdırma aparmadan yalnız təqdim edilmiş materiallar əsasında qərar çıxarılmasını nəzərdə tutur.
6.3. Təxirə salınmadan baxılmada isə məhdud həddə olsa da, əlavə araşdırma və aydınlaşdırma aparma imkanı, eləcə də yardım etmə vəzifəsinə riayət edilməsi mümkün və yolveriləndir.
6.4. Məhkəmələrin vəzifəsi yalnız müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələrə dərhal baxmaq kimi dar mənada təfsir edilə bilməz. Onlar həm də inzibati məhkəmə icraatının ümumi prinsiplərinə riayət etməklə sözügedən ərizələr üzrə qanuni və əsaslı qərar qəbul etmək vəzifəsi daşıyırlar. Bundan başqa, müvəqqəti xarakterli müdafiə tədbirləri təcili tənzimləmə ehtiyacı ilə bağlı zərurətdən doğur. Ona görə də, məhkəmələr belə ərizələrə bir qayda olaraq dərhal deyil, təxirə salınmadan baxmaq vəzifəsi daşıyırlar. Məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, həmin ərizələrə təxirə salınmadan baxılmalı olduğuna dair tələb, mümkün olan ən qısa müddətlərdə baxılmanı nəzərdə tutur. Lakin tətbiq edilməsi tələb olunan tədbir işin halları baxımından təcili görülməlidirsə, eləcə də onun görülməməsi ərizəçiyə bərpası mümkünsüz və ya sonradan xeyli dərəcədə çətin olan zərər vura bilərsə, məhkəmə belə tədbiri dərhal tətbiq etməlidir.
6.5. İPM-in 16.3-cü maddəsinin ikinci cümləsinə görə, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Bu norma məhkəmələrə müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələrə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmaq imkanı verir.
6.6. Məhkəmə hər hansı işin konkret və xüsusi hallarından çıxış etməklə ərizəyə şifahi məhkəmə baxışı iclasının keçirilməsi qaydasında da baxa bilər. Bu halda, dinlənilmə hüququnun həyata keçirilməsi üçün tərəflərin proses barədə lazımi qaydada məlumatlandırılması (sms, e-mail, telefon və s. vasitəsilə) təmin edilməlidir.
6.7. Eynilə, yenə işin xüsusi halları bunu tələb etdikdə, ərizəyə baxılması qarşı tərəfin mülahizəsinin öyrənilməsindən sonraya təxirə salına bilər. Lakin belə təxirə salmaların özü də mümkün olan qısa müddətlərdə həyata keçirilməlidir.
6.8. Qarşı tərəfin mülahizəsinin öyrənilməsinə ehtiyacın yaranıb-yaranmadığı məsələsini həll edərkən isə məhkəmələr nəzərə almalıdırlar ki, bir qayda olaraq, inzibati orqanların mövqeyinin, formalaşmış inzibati praktikasının bəlli və aşkar olduğu hallarda buna lüzum qalmır.
6.9. Apellyasiya instansiyası məhkəməsi İPM-in 16.3 və 81.3-cü maddələrinin müddəalarına əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı qərardadlardan verilən şikayətlərə işin hallarını nəzərə almaqla öz mülahizəsinə əsasən yazılı icraat qaydasında və ya şifahi məhkəmə baxışı keçirməklə baxa bilər. Hər iki halda da tərəflər proses barədə lazımi qaydada məlumatlandırılmalı və dinlənilmə hüququ təmin edilməlidir.
6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.
6.11. Təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Buna görə, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat çərçivəsində iddianın mahiyyəti ilə eyni olan, iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edəcək və yekun hüquqi vəziyyətlər yaradan qərarlar qəbul edilə bilməz.
7. Məhkəmə aktının məzmunu
7.1. İPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.
7.2. Müəyyən hərəkətləri etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması zamanı o, ərizəçinin lehinə konkret aktiv hərəkətlər etməyə məcbur edilir. Konkret hərəkətlər etməkdən çəkinmək vəzifəsi müəyyən edilərkən cavabdehin mövcud vəziyyətə hər hansı qərar qəbul etmək və ya faktiki xarakterli hərəkətlər etmək vasitəsilə müdaxilə etməmək öhdəliyi təsbit olunur. Müəyyən hərəkətlərə dözmək dedikdə isə cavabdehin hətta qanunsuz hesab etdiyi halda belə, mövcud faktiki və ya hüquqi vəziyyətə dözməli olduğu başa düşülür.
7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər.
7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları İPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır.
8. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair qərardadın icrası
8.1. İPM-in 1.2 və 116.1-ci, eləcə də MPM-in 160.1-ci maddələrinə əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair qərardadlar dərhal icra edilməlidir. Buna görə, təminat tədbirinin tətbiqi barədə qərardad qəbul etmiş birinci instansiya qismində işə baxan məhkəmə, eləcə də apellyasiya və kassasiya şikayətləri əsasında işə baxan yuxarı instansiya məhkəmələri əgər təminat tədbirlərinin tətbiqinə dair məhkəmə aktı çıxararlarsa, dərhal icranı təmin etmək üçün yubanmadan məhkəmə aktını icranı həyata keçirməli olan aidiyyəti şəxslərə və ya orqanlara göndərməlidirlər. (müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair qərardadların icrası ilə bağlı bax – “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarının 30-cu bəndi).
8.2. İPM-in 1.2 və 116.1-ci və MPM-in 163.3-cü maddələrinə görə, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır.
8.3. İPM-in 1.2 və MPM-in 163.4-cü maddələrində təsbit olunmuş qaydaya əsasən təminat tədbirini ləğv etmək və ya dəyişdirmək haqqında qərardadlardan şikayətin verilməsi həmin qərardadların icrasını dayandırır.
9. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair qərardaddan şikayət verilməsi, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi
9.1. İPM-in 41.5, 44.1, 81.2, 83, 90.2 və 99-cu maddələrinin müddəalarına, eləcə də “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 20 aprel tarixli qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatının iştirakçıları müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı bütün qərardadlardan apellyasiya və kassasiya şikayəti vermək hüququna malikdirlər (inzibati məhkəmə icraatı iştirakçılarının hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələyə dair əlavə olaraq bax - “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 17 fevral tarixli 1 nömrəli Qərardadının 69 və 70-ci bəndləri).
9.2. İPM-in 44.1, 44.2 və 44.3-cü maddələri məhkəmə tərəfindən tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə barədə qərardadın daha sonra dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinin tənzimlənməsinə yönəlmişdir.
9.3. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, bu qaydada daha əvvəl tətbiq edilmiş həm inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) həm də müvəqqəti xarakterli digər təminat tədbirlərinin (İPM-in 43-cü maddəsi) tətbiqi barədə qərardad dəyişdirilə və ya ləğv oluna bilər.
9.4. Eyni zamanda dəyişdirmə və ya ləğv etmə tədbiri yalnız qanuni qüvvədə olan müvəqqəti xarakterli müdafiə tədbirinə dair qərardada münasibətdə tətbiq edilə bilər.
9.5. Ona görə də təminat tədbirlərinin tətbiq edilməsi barədə çıxarılmış məhkəmə aktı hələ qanuni qüvvəyə minməmişdirsə, proses iştirakçıları hüquqi müdafiə imkanı kimi yalnız sözügedən qərardadları apellyasiya və ya kassasiya qaydasında mübahisələndirmək hüququndan istifadə etməlidirlər.
9.6. İPM-in 44.1-ci maddəsi tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbirinə dair qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi məsələsinə iddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən baxılmalı olduğunu müəyyən edir.
9.7. İddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə dedikdə, həmin an mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə nəzərdə tutulur.
9.8. Əgər birinci instansiya məhkəməsi qismində işə mahiyyəti üzrə baxılmaqda davam edilirsə, yaxud mübahisə üzrə məhkəmə aktı çıxarılsa da, apellyasiya və ya kassasiya şikayətləri hələ verilməmişsə, təminat tədbirlərinə dair qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi məsələsinə də birinci instansiya qismində işə baxan məhkəmələr tərəfindən artıq mövcud olan ayrıca icraatın daxilində baxılmalıdır.
9.9. İş apellyasiya və ya kassasiya şikayətləri əsasında yuxarı instansiya məhkəmələrinin icraatına qəbul edildikdən sonra təminat tədbirlərinə dair qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi həll edilməli olduqda isə sözügedən məsələyə müvafiq yuxarı instansiya məhkəməsi tərəfindən artıq mövcud olan icraat tələb olunmaqla həmin icraat daxilində baxılmalıdır.
9.10. Tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın (buraya həm inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri), həm də müvəqqəti xarakterli müdafiə tədbirləri barədə digər qərardadlar (İPM-in 43-cü maddəsi) daxildir) dəyişdirilməsi və ya ləğv edilməsi məsələsinə məhkəmə istənilən zaman həm xidməti vəzifəsinə görə, həm də icraat iştirakçılarından birinin bununla bağlı verdiyi yazılı vəsatət əsasında baxa bilər.
9.11. Proses iştirakçısı tərəfindən verilmiş belə vəsatətdə şəraitin dəyişməsinin nədə ifadə olunduğu aydın göstərilməli və əsaslandırılmalı, həmin halların mövcudluğuna dəlalət edən sənədlər və sübutlar təqdim edilməlidir.
9.12. Məhkəmə tətbiq edilmiş təminat tədbirinə dair qərardadın dəyişdirilməsi və ya ləğvi barədə qərardadı yalnız şəraitin dəyişməsinə dəlalət edən kifayət qədər ağlabatan əsaslar müəyyən etdikdə qəbul edə bilər.
9.13. Şəraitin dəyişməsi dedikdə, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsi üçün əsas olan halların sonradan dəyişməsi, aradan qalxması və ya həmin hallara əlavə sənədlər və sübutlar əsasında yeni qiymət verilməsi başa düşülür. Məsələn, iddia icraatı üzrə hüquqi mübahisənin gedişində müvəqqəti xarakterli müdafiə icraatında verilmiş iddianın uğurluluğu ilə bağlı proqnozun yanlış olduğunun müəyyən edilməsi və s. hallar şəraitin dəyişməsi kimi qəbul edilə bilər.
9.14. Məhkəmə şəraitin dəyişməsinin baş verməsini işin hallarının araşdırılması və qiymətləndirilməsi nəticəsində müəyyən etməli, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsi üçün əsas olan halların dəyişməsinə, aradan qalxmasına səbəb olmuş halları və onları təsdiq edən sübutları lazımi qaydada qiymətləndirməlidir.
9.15. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi məsələsinə məhkəmə, bir qayda olaraq, tərəflərin dinlənilmə hüququnu təmin etməklə baxmalıdır.
9.16. Buna görə, bu Qərarın 6.6-6.9-cu bəndlərində göstərilənlərə əsasən məhkəmə dinlənilmə hüququna riayət etmək şərtilə sözügedən məsələyə işin hallarını nəzərə almaqla öz mülahizəsinə əsasən yazılı icraat qaydasında və ya şifahi məhkəmə baxışı keçirməklə baxa bilər.
9.17. İPM-in 44.3-cü maddəsi yalnız müstəsna halda məhkəmə icraatı iştirakçılarının ilkin dinlənilməsindən imtina edilə biləcəyini təsbit edir. Həmin müstəsna hal isə xüsusilə təcili hallarda maraqlı şəxsə bərpaolunmaz ziyanın vurulması təhlükəsinin mövcudluğundan ibarətdir.
9.18. Məhkəmələr nəzərə almalıdırlar ki, əgər təminat tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi məsələsinə dinlənilmə hüququna riayət etmədən baxmışlarsa, öz qərarlarında sözügedən müstəsnalığın nədən ibarət olduğunu əsaslandırmalıdırlar.
10. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair qərardadın qüvvəsini itirməsi
10.1. İPM-in 44.4-cü maddəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Qeyd edilən norma müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair çıxarılmış məhkəmə aktının bu barədə əlavə qərardad çıxarılmasına ehtiyac olmadan qüvvəsini itirəcəyi iki halı müəyyən edir.
10.2. Birinci hal mübahisələndirmə haqqında iddia (İPM-in 41 və 42-ci maddələri) ilə bağlı tətbiq edilmiş inzibati aktın icrasının dayandırılması növündə təminat tədbirinə aiddir. Maddədə nəzərdə tutulmuş “inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün” ifadəsi inzibati aktın özünün inzibati orqan tərəfindən ləğv edildiyi, inzibati aktın mübahisələndirilməsinə dair qaldırılmış iddianın mümkün sayılmadığı, yaxud bu barədə əsas iddianın mahiyyəti üzrə baxılmaqla təmin və ya rədd edildiyi və bununla bağlı çıxarılmış məhkəmə aktlarının qanuni qüvvəyə minməsini nəzərdə tutur.
10.3. İnzibati aktın mübahisələndirilməsinə dair qaldırılmış iddianın mümkün sayılmadığı və ya həmin iddianın mahiyyəti üzrə rədd olunduğu hallarda sözügedən məhkəmə aktlarının qanuni qüvvəyə minməsindən sonra cavabdeh inzibati orqan inzibati aktın icrasına yönəlmiş tədbirləri davam etdirməkdə haqlıdır. Bunun üçün dayandırılmış inzibati aktın icrasının bərpa edilməsinə dair əlavə qərardad çıxarılması tələb olunmur, belə qərardadın çıxarılmasına dair verilmiş ərizələr mümkün sayılmamalıdır.
10.4. İnzibati aktın özünün inzibati orqan tərəfindən ləğv edildiyi və ya inzibati aktın mübahisələndirilməsinə dair qaldırılmış iddianın mahiyyəti üzrə təmin edilməsi barədə məhkəmə aktı qüvvəyə mindiyi hallarda isə artıq inzibati aktın özü mövcud olmadığından onun icrasının dayandırılmasına dair çıxarılmış təminat tədbiri də qüvvəsini itirmiş sayılır. Bu hallarda da inzibati aktın icrasının dayandırılmasına dair qərardadın ləğv edilməsinə (qüvvədən düşmüş hesab edilməsinə) dair əlavə qərardad çıxarılması tələb olunmur. Müvafiq olaraq, belə qərardadın çıxarılmasına dair verilmiş ərizələr də mümkün sayılmamalıdır.
10.5. İnzibati aktın icrasının dayandırılması barədə qəbul edilmiş qərardaddan verilmiş şikayətə yuxarı instansiya məhkəmələrində baxılarkən, inzibati aktın artıq mübahisələndirilə bilmədiyinin müəyyən olunduğu hallarda “inzibati aktın icrasının dayandırılması barədə” ərizə mümkün sayılmamalıdır.
10.6. İkinci hal İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş qaydada tətbiq edilmiş təminat tədbirlərinin əlavə qərardad çıxarılmasına lüzum qalmadan öz qüvvəsini itirməsinə aiddir. Belə qərardadlar əsas iddianın mümkün sayılmamasına, təmin olunmasına və ya rədd edilməsinə dair çıxarılmış məhkəmə aktlarının qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirdiyindən, həmin qərardadlarla müəyyən edilmiş məhdudiyyətlər, cavabdehin və ya üçüncü şəxslərin üzərinə qoyulmuş vəzifələr aradan qalxır. Eynilə, bu halda da İPM-in 43-cü maddəsinə uyğun olaraq tətbiq edilmiş təminat tədbirlərinin ləğvi (qüvvədən düşmüş hesab edilməsi) ilə əlaqədar əlavə qərardad çıxarılması tələb olunmur, belə qərardadın çıxarılmasına dair verilmiş ərizələr isə mümkün sayılmamalıdır.
10.7. Nəzərə almaq lazımdır ki, İPM-in 44.4-cü maddəsi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin tam və ya qismən təmin olunmasına dair çıxarılmış məhkəmə aktının qanuni qüvvədə olduğu, yəni ərizə üzrə icraatın yekunlaşdığı hallara şamil olunur. Bundan fərqli olaraq, əsas iddiaya mahiyyəti üzrə baxılması nəticəsində çıxarılmış yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdə, habelə iddiadan imtina edilməsi, iddianın məhkəmə tərəfindən geri götürülmüş sayılması və ya iddia ərizəsinin iddiaçı tərəfindən geri götürülməsi ilə əlaqədar icraata xitam verildikdə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə üzrə icraat davam edirsə (məsələn, ərizə ilə bağlı məhkəmə aktı qəbul edilməmişdirsə, yaxud ərizəyə dair çıxarılmış məhkəmə aktı hələ qüvvəyə minməmişdirsə və ya ərizəyə dair məhkəmə aktından verilmiş şikayət əsasında iş yuxarı instansiya məhkəmələrinin icraatında olmaqla yekunlaşmamışdırsa), ərizə üzrə icraata da icraatın davam etdiyi məhkəmə tərəfindən xitam verilməlidir.
11. İnzibati aktın icrasının dayandırılması
11.1. İddiaçı özünün hüquq və mənafelərinə toxunduğunu güman etdiyi inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini mübahisələndirmə haqqında iddia qaldırmaqla tələb edə bilər.
11.2. Məhkəmə mübahisələndirmə haqqında iddiaya baxarkən inzibati aktın səlahiyyət, forma, səbəb, məzmun və məqsəd ünsürləri baxımından hüquqa uyğunluğunu yoxlamalıdır (bax – “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 13 avqust tarixli 2 nömrəli Qərarının 26-31-ci bəndləri).
11.3. Həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, İPM-in 41.1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir.
11.4. Mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır.
11.5. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur.
11.6. İnzibati aktın icrasının dayandırılması mübahisə üzrə məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icrasının (tətbiqinin) təxirə salınmasını nəzərdə tutan müvəqqəti tədbirdir.
11.7. İPM-in 41.4-cü maddəsində müəyyən olunmuş ümumi qaydaya görə, inzibati aktın icrası iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Lakin işin xüsusi hallarından çıxış etməklə məhkəmə inzibati aktın icrasını konkret bir müddət üçün də dayandıra bilər.
11.8. İnzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir.
11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır.
11.10. İnzibati aktın icrasının dayandırılmasına dair qərardadlar mübahisənin mahiyyəti üzrə çıxarılan qərarlardan hüquqi təbiətləri etibarilə fərqlənir.
11.11. Mahiyyəti üzrə çıxarılmış qərarda mübahisələndirilən inzibati aktın hüquqa uyğun olmadığı ilə bağlı məhkəmə qəti qənaətə gəlməklə onun ləğvi və ya dəyişdirilməsinə dair qərar verir.
11.12. İnzibati aktın icrasının dayandırılmasına dair qərardadda isə vəziyyət fərqlidir. Belə ki, qərardad çıxarılarkən məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətə əsaslanır və sonradan məhkəmənin bu mövqeyi işin müəyyən edilmiş hallarından asılı olaraq dəyişə bilər və nəticədə məhkəmə inzibati aktı hüquqa uyğun hesab etməklə iddianı, ümumiyyətlə, rədd edə bilər.
11.13. Bundan başqa, mahiyyəti üzrə verilmiş qərar mübahisəni həll etməklə inzibati aktı ortadan qaldırdığı və ya dəyişdirdiyi halda, inzibati aktın icrasının dayandırılmasına dair qərardadlar isə inzibati aktın özünü deyil, onun icra edilmə qabiliyyətini ortadan qaldırır.
11.14. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbirinin tətbiqi nəticəsində mübahisələndirilən inzibati aktın icrası dayandırılır, bununla da inzibati aktın çıxarıldığı tarixdən əvvəlki hüquqi vəziyyətin davam etməsi təmin edilmiş olur. Ona görə də, inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarıldıqdan sonra inzibati orqan mübahisələndirilən inzibati akt qəbul edilənədək mövcud olan hüquqi və faktiki vəziyyətin tələb etdiyi qaydada davranmaqda davam etməlidir.
11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir.
11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır.
11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir.
11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır.
11.19. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan bəhs edilir. Ona görə də məhkəmə belə tədbirin tətbiqi ilə bağlı ərizə üzrə qərar verərkən, iddia ərizəsinin özünə dair mahiyyəti üzrə yekun qərar çıxarılarkən tələb olunan inam və əminliklə hərəkət etmir. Çünki ərizə ilə prosesin konkret mərhələsində müəyyən məsələnin həlli tələb olunur. Müvafiq olaraq ərizənin taleyi də həmin konkret mərhələdə mövcud olan işin faktiki və hüquqi hallarına görə məhkəmədə yaranmış təsəvvür və proqnoz (onların daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında həll edilməlidir. İddia ərizəsinə mahiyyəti üzrə baxılarkən işin hallarının hərtərəfli araşdırılması nəticəsində başqa nəticə hasil olarsa, söhbət ehtimalın özünü doğrultmadığından gedəcəkdir.
11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır.
11.21. Bundan başqa, həmin araşdırma yalnız ilkin araşdırmanın qayda və şərtlərinə uyğun aparılmalıdır. Bununla bağlı olaraq məhkəmələrə izah olunur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda iddia icraatı ilə müqayisədə yoxlamanın həcminin azaldılması qaydası qüvvədədir. Ona görə ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat təcili xarakter daşıyır, eləcə də iddia icraatının sonunda məhkəmə yekun qənaətə gələrkən onda işin faktiki və hüquqi halları ilə bağlı tam qənaət formalaşmış olur, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda isə bu mənada tam qənaət yaranmır, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz mövcud olur.
11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır.
11.23. İşin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir.
11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.
11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir.
11.26. İşin hüquqi hallarının araşdırılması zamanı isə mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı məsələ üzrə qiymətləndirmə aparılmalıdır.
11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir.
11.28. İnzibati aktın hüquqa uyğunluğu məsələsi üzrə “ilk baxışda” gəlinən nəticə ilə mübahisəyə baxılması sonunda gəlinən nəticə bir-birindən fərqli ola bilər. Ona görə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair icraat zamanı işin hüquqi hallarına münasibət bildirərkən məhkəmə icraatın həmin anında onda formalaşmış “ilk baxışda” hüquqa uyğunluqla bağlı qənaətdən hərəkət etməlidir.
11.29. Məhkəmələrə həmçinin izah olunur ki, “ilk baxışda” hüquqa uyğunluq məsələsinə verilən qiymət icraatın sonrakı gedişində işin hallarının araşdırılmasından asılı olaraq dəyişə bilər. Başqa sözlə, mübahisəni mahiyyəti üzrə həll edərkən məhkəmə hüquqa uyğunluğun qiymətləndirilməsini fərqli qaydada da apara bilər.
11.35. İPM-in 41.2-ci maddəsinə əsasən məhkəmələr həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə qərardad qəbul edə bilərlər, qanun bu imkanı məhkəmənin mülahizəsindən asılı etmişdir.
11.36. Məhkəmə özünün bununla bağlı mülahizəsini hər bir konkret halda nəyə görə məhz həmin formada istifadə etdiyini bu barədə çıxardığı qərardadında əsaslandırmaq vəzifəsi daşıyır.
11.37. Məhkəmə müəyyən şərtlə inzibati aktın icrasını dayandırdıqda bir tərəfdən ərizəçinin (iddiaçının) marağını müəyyən mənada təmin etmiş olur, onun vəziyyətinin daha da ağırlaşmasının qarşısını alır. Digər tərəfdən isə işin hallarının mürəkkəb olduğunu və iddianın taleyinin necə yekunlaşacağının daha çox icraatın sonrakı gedişində aparılacaq araşdırmalardan asılı olduğunu nəzərə alaraq, mübahisələndirmə haqqında iddianın son nəticədə iddiaçının əleyhinə yekunlaşması halında inzibati aktın icra edilə bilmə imkanını təmin etmiş olur.
11.38. İPM-in 41.3-cü maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edənədək cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər.
11.39. Bu halda, elə bir vəziyyət mövcud olur ki, məhkəmə obyektiv səbəblərə görə bir müddət inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul etmək imkanına malik olmur.
11.40. Məhkəmələr nəzərə almalıdırlar ki, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoyulması qərardad çıxarılmaqla həll edilməli, həmin qərardadda belə öhdəliyin hansı müddətədək qoyulduğu dəqiq göstərilməlidir.
11.41. Bundan başqa, sözügedən öhdəlik mümkün olan ən qısa müddətləri nəzərdə tutmalıdır. Belə ki, qanunvericiliyin müəyyən etdiyi əsas qaydaya görə inzibati aktın icrasının dayandırılması barədə məsələ buna dair ayrıca çıxarılacaq qərardadla həll edilməlidir.
11.42. İPM-in 42-ci maddəsində tənzimlənmiş ikili təsirə malik inzibati aktlar ünvanlandığı şəxslərə münasibətdə əlverişli təsir göstərdiyi halda, üçüncü şəxslərə münasibətdə əlverişsiz təsirə malik olur və bu mənada onlar üçüncü şəxslərin hüquqlarına müdaxilə halı yaradır.
11.43. Belə aktlara qarşı inzibati aktın icrasının dayandırılması növündə təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə İPM-in 41-ci maddəsində müəyyən edilmiş tələbləri və şərtləri nəzərə almalıdır.
11.44. Bununla yanaşı, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsini təmin edə bilmək üçün inzibati aktın ünvanladığı və əlverişli mövqe qazanan şəxslə aktın qəbul edilməsi nəticəsində əlverişsiz vəziyyətə düşən şəxsin toqquşan maraqları da dəyərləndirilməlidir.
11.45. İPM-in 40.4-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 76.2-ci maddələrinə əsasən maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət edilməlidir. Bu zaman şikayət olunan inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılmalı və bu barədə müvafiq qərar qəbul edilməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etməzsə, o, inzibati aktın icrasının dayandırılmasına dair ərizə ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilən qaydaya riayət edilmədən verilmiş ərizə mümkün sayılmamalıdır.
12. Müvəqqəti xarakterli digər təminat tədbirləri
12.1. İPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır – 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz.
12.3. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 4 oktyabr 2023-cü il