“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarının qəbul edildiyini nəzərə alaraq, sözügedən sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1 və 80-ci maddələrini rəhbər tutaraq
1. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarının (bundan sonra – Plenum qərarı) tətbiqi ilə bağlı “Monitorinqin aparılması üzrə plan” (bundan sonra - plan) təsdiq edilsin.
2. Monitorinq inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı qanunvericilikdə təsbit edilmiş normaların məhkəmələr tərəfindən Plenum qərarında verilmiş izahlar nəzərə alınmaqla tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
3. Monitorinq respublikanın bütün inzibati məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə, 2024-cü il 1 yanvar tarixdən 2025-ci il 1 yanvar tarixədək olan dövr ərzində 1 (bir) il müddətində həyata keçirilsin.
4. Monitorinq məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanılması və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi üsulları vasitəsilə keçirilsin.
5. Ali Məhkəmənin Aparatı planın icrası ilə bağlı olaraq Ali Məhkəmənin İnzibati Kollegiyası ilə razılaşdırmaqla “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması” Qaydasında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 4 oktyabr 2023-cü il