Qanunvericilik › “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 04.07.2025) › Tam mətn

“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 04.07.2025)

“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 04.07.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərar qəbul edilmiş, eləcə də həmin Qərarın tətbiqi ilə bağlı respublikanın bütün inzibati məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə, 2024-cü il 1 yanvar tarixdən 2025-ci il 1 yanvar tarixədək olan dövr ərzində 1 (bir) il müddətində monitorinq həyata keçirilmişdir.

Monitorinqin nəticələrini müzakirə edib, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini, habelə Məhkəmə-Hüquq Şurasının 2020-ci il 29 fevral tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın 5.6-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

1. Monitorinqin nəticələri təsdiq edilsin.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.4-cü bəndin ikinci cümləsindən “birinci instansiya məhkəməsi qismində işə baxan” sözləri çıxarılsın;

2.2. 3.5-ci bəndin birinci cümləsində “icraat açılmadan, materiallar əsas işə əlavə olunmaqla” sözləri “icraatda” sözü ilə əvəz edilsin;

2.3. 4.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər.”;

2.4. 4.4-cü bənddə “edilə bilər” sözləri “edilməklə ərizə mümkün sayılmamalıdır” sözləri ilə əvəz edilsin;

2.5. 4.5-ci bənddə “edə bilər” sözləri “etməklə ərizəni mümkün saymamalıdır” sözləri ilə əvəz edilsin;

2.6 aşağıdakı məzmunda 4.12 və 4.13-cü bəndlər əlavə edilsin:

“4.12. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə birlikdə həm də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə verilərsə, həmin ərizəyə yalnız icraatın təzələnməsi haqqında qərardad qəbul edildikdən sonra baxıla bilər. Belə ki, İPM-in 40.2-ci maddəsində müəyyən edilmiş ümumi qayda yeni açılmış hallarla bağlı icraata da şamil edilir. Buna görə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin verilmə mərhələlərini qanunvericilik dəqiq tənzimləmişdir - iddia qaldırılanadək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində. Yeni açılmış hallar üzrə icraat qanuni qüvvəyə minmiş məhkəmə aktının qəbul edilməsi ilə başa çatmış icraatın yenilənməsi məqsədi daşıdığından, ərizəyə baxılması məhkəmə icraatının təzələnməsindən, başqa sözlə, məhkəmə icraatının gedişi mərhələsinin yaranmasından asılıdır. Bu zaman icraatın təzələnməsi haqqında qərardadın çıxarılması kifayətdir, həmin qərardadın qanuni qüvvəyə minməsi tələb olunmur. Məhkəmə icraatın təzələnməsi haqqında qərardad çıxardıqdan sonra müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəyə baxılmasının ümumi qaydasına uyğun davranmaqla, ayrıca icraatda ərizənin taleyini də həll etməlidir.

4.13. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxslər üçüncü şəxs qismində cəlb edilmə və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə vəsatətlə yanaşı, həm də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə verdikdə, həmin ərizə bu Qərarın 4.12 və 5.3-cü bəndlərində müəyyənləşdirilmiş qaydaya uyğun həll olunmalıdır.”;

2.7. 5.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Prosessual statusları baxımından müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqini tələb edən şəxslər ərizəçilər, üzərinə vəzifə qoyulmuş şəxslər isə cavabdeh və ya üçüncü şəxslər hesab edilirlər.”;

2.8. 6.1-ci bəndin ikinci cümləsindən “İPM-in 1.2-ci və MPM-in 159-cu maddələrini nəzərə almaqla” sözləri çıxarılsın;

2.9. 9.9-cu bənddə “ayrıca icraat açılmadan, materiallar əsas işə əlavə olunmaqla” sözləri “artıq mövcud olan icraat tələb olunmaqla həmin icraat daxilində” sözləri ilə əvəz edilsin;

2.10. 10.6-cı bəndin ikinci cümləsinə “sayılmamasına” sözündən sonra “, təmin olunmasına” sözləri əlavə edilsin;

2.11. aşağıdakı məzmunda 10.7-ci bənd əlavə edilsin:

“10.7. Nəzərə almaq lazımdır ki, İPM-in 44.4-cü maddəsi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin tam və ya qismən təmin olunmasına dair çıxarılmış məhkəmə aktının qanuni qüvvədə olduğu, yəni ərizə üzrə icraatın yekunlaşdığı hallara şamil olunur. Bundan fərqli olaraq, əsas iddiaya mahiyyəti üzrə baxılması nəticəsində çıxarılmış yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdə, habelə iddiadan imtina edilməsi, iddianın məhkəmə tərəfindən geri götürülmüş sayılması və ya iddia ərizəsinin iddiaçı tərəfindən geri götürülməsi ilə əlaqədar icraata xitam verildikdə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə üzrə icraat davam edirsə (məsələn, ərizə ilə bağlı məhkəmə aktı qəbul edilməmişdirsə, yaxud ərizəyə dair çıxarılmış məhkəmə aktı hələ qüvvəyə minməmişdirsə və ya ərizəyə dair məhkəmə aktından verilmiş şikayət əsasında iş yuxarı instansiya məhkəmələrinin icraatında olmaqla yekunlaşmamışdırsa), ərizə üzrə icraata da icraatın davam etdiyi məhkəmə tərəfindən xitam verilməlidir.”.

3. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında işlərə baxılmasında hakimlərin peşə hazırlığının artırılması üçün müvafiq tədbirlərin görülməsi, eləcə də bununla bağlı tədrisin təşkili ilə əlaqədar Məhkəmə-Hüquq Şurasına müraciət edilsin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 4 iyul 2025-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver