294-3.1. Müvafiq icazə alınmadan model pilotsuz uçuş aparatı klubu və ya assosiasiyasının fəaliyyət göstərməsinə görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.
294-3.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi olmadan nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemləri əməliyyatlarının həyata keçirilməsinə görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər on beş min manat məbləğində cərimə edilir.
294-3.3. Məsafədən idarə edən pilotun (operatorun) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirməməsinə görə –
fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər on yeddi min manat məbləğində cərimə edilir.