Qanunvericilik › Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 416-1

Maddə 416-1. Kraudfandinq haqqında qanunvericiliyin pozulması (Bu maddə 2027-ci il yanvarın 24-dən qüvvəyə minir.)

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

416-1.1. Kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə –

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

416-1.2. Kraudfandinq platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsinə və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə –

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

416-1.3. Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə –

vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

416-1.4. Kraudfandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə –

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

416-1.5. Kraudfandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə –

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver