11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.
11.4. İpoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi nəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi barədə də məlumat qeyd edilir.
11.5. Eyni bir öhdəlik üzrə bir neçə ipoteka saxlayan (kreditor) olduqda, onlar ipotekanın dövlət qeydiyyatı orqanında birgə ipoteka saxlayanlar kimi qeydə alınırlar.
11.6. Tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.
11.7. İpoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun.