Qanunvericilik › İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. İpotekanın xüsusiyyətləri

İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. İpoteka saxlayanın ipoteka predmetinə dair hüququ, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına da şamil edilir. İpoteka predmetindən istifadə nəticəsində əldə edilmiş bəhərə, məhsula və gəlirə ipoteka hüququ ipoteka müqaviləsində nəzərdə tutulmuş hallarda şamil edilir.

7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.

7.3. İpoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər.

7.4. Daşınmaz əmlakın ləvazimatı olan daşınar əmlaka dair həmin daşınmaz əmlakın ipoteka saxlayanı ilə daşınar əmlakın yüklülük sahibinin tələblərinin ödənilməsi “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən üstünlük hüququ nəzərə alınmaqla həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver