Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 18.8-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi QƏRARA ALIR:
1. “İşçilərin Ezamiyyə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Dövlət aparatının maliyyəsi şöbəsinə (Şakir Quliyev) və Hüquq şöbəsinə (Xalıq Rəhmanov) tapşırılsın ki, “İşçilərin Ezamiyyə Qaydaları”nın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
3. “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2008-ci il 14 fevral tarixli İ-24 nömrəli əmrinin 1-4-cü hissələri və “İşçilərin Ezamiyyə Qaydaları”na dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2008-ci il 14 noyabr tarixli İ-111 nömrəli əmri ləğv edilsin.
1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra - təşkilat) rəhbərinin, habelə fiziki şəxs olan işəgötürənin (bundan sonra – işəgötürən) əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi ezamiyyət sayılır.
Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir.
Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.
2. Təşkilatların, habelə fiziki şəxs olan işəgötürənlərin işçilərinin ezamiyyətə göndərilməsi işəgötürən tərəfindən müəyyən edilir və müvafiq əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilir.
Dəvət edən tərəf ezamiyyə xərclərinin tam və ya qismən ödənilməsini öz üzərinə götürdüyü hallarda bununla bağlı müddəalar əmrdə (sərəncamda, qərarda) öz əksini tapmalıdır.
Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə (sərəncamla, qərarla) yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq “Ezamiyyə vəsiqəsi” verilir.
3. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilata xidməti ezamiyyətləri qarşılıqlı razılaşma və yaxud yuxarı təşkilatın dəvəti əsasında həyata keçirilir.
4. İşçilərin ezamiyyət müddəti işəgötürənlər tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları istisna olmaqla).
Təftiş və yoxlamalarla əlaqədar olaraq ezamiyyət müddəti işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təftiş və yoxlama qurtarana qədər artırılır.
Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün göndərilən fəhlələrin, rəhbər və mütəxəssislərin ezamiyyət müddəti müvafiq işlərin görülməsi müddətindən asılı olaraq müəyyən edilir.
5. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir.
Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.
Ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) daxildir.
Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.
Qeyd olunan xərclərə biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də daxildir.
Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür.
6. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.
Respublika ərazisi daxilində ezamiyyələr zamanı müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi, xarici ölkələrə ezamiyyələr zamanı isə pasport və ya onu əvəz edən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti və nəqliyyat xərcləri barədə təsdiqedici sənədlər avans hesabatına əlavə edilir.
7. Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. İşçi müxtəlif yaşayış məntəqələrinə ezam olunduqda, hər məntəqədə gəlmə və getmə günü haqqında məlumatlar ezamiyyət vəsiqəsində ayrıca qeyd edilir.
Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr (sərəncam, qərar) və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür.
Dövlətlərarası razılaşmaya əsasən ölkədən çıxdıqda və ölkəyə qayıtdıqda pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu Qaydaların əlavəsinə uyğun olaraq “Ezamiyyə vəsiqəsi” verilir. (İngilis dilində tərtib edilmiş variant)
Ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatı müvafiq kitabda aparılmalıdır. Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, ezam edilən təşkilatın adı və ya fiziki şəxs olan işəgötürənin soyadı, adı və atasının adı qeyd olunmalıdır.
8. Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün, 00-saatdan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü eyni qayda ilə təyin edilir.
9. Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır.
İşçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) Azərbaycan Respublikasında müəyyən edilmiş istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününə düşərsə, eləcə də ezamiyyətdə olarkən həmin günlərdə işləmiş (tədrisdə, kursda, konfransda və bu tipli digər tədbirlərdə olmuş) işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əməkhaqqı və ya əməkhaqqı əvəzinə istirahət günü (günləri) verilir.
Ezam olunan işçilərə ezam olunduqları iş yerləri üzrə iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.
Əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta əmək haqqı onu ezamiyyətə göndərən işəgötürən tərəfindən saxlanılır. Əgər işçi əsas və əvəzçiliklə işlədiyi iş yeri üzrə eyni vaxtda ezam olunarsa, bu halda onun orta əmək haqqı hər iki iş yerində tutduğu vəzifə üzrə saxlanılır, ezamiyyət xərcləri isə müvafiq razılığa əsasən ezamiyyətə göndərən işəgötürənlər arasında bölüşdürülür.
10. Ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərtilə) ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.
Ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin də səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması, səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilməlidir.
Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi əsaslarla əmək qabiliyyətini müvəqqəti itirməsi üzrə müavinət verilir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.
11. Bu Qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyə xərcləri büdcədən maliyyələşdirilən təşkilatlarda xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.
1. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmamalıdır.
Ezamiyyət müddətinin, işçini ezam edən işəgötürənin əmri (sərəncamı, qərarı) ilə əlavə 5 gün artırılmasına icazə verilir.
2. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir.
Müvafiq sənədlərlə təsdiq edilmiş yolda məcburi dayanma vaxtı üçün xərclər müəyyən edilmiş normalara əsasən ödənilir.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri, 25 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.
Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.
Mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir.
3. Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman gündəlik xərc və müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir.
İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işəgötürəni tərəfindən həll edilir.
4. Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün ezam olunan işçilər yaşayış yeri ilə təmin olunmadığı halda ezamiyyə xərcləri ümumi qaydada, yaşayış yeri ilə təmin olunduqda isə nəqliyyat xərcləri təsdiq edici sənədlər əsasında, gündəlik yemək xərci isə ezamiyyə müddətində hər təqvim günü üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların, habelə fiziki şəxs olan işəgötürənlərin işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün ödənilən vəsaitin həcminə uyğun olaraq müəyyən edilir.
Quraşdırma, sazlama və tikinti işlərində ezamiyyət xərcləri aşağıdakı hallarda verilmir:
▪ quraşdırma, sazlama və tikinti işlərinin aparıldığı yerlərdə işə qəbul olunan işçilərə;
▪məzuniyyətdə olduğu vaxt, həmçinin üzürsüz səbəbdən işə çıxmadığı günlər üçün;
▪quraşdırma, sazlama və tikinti işləri aparılan yerdən kənarda, dövlət, yaxud ictimai vəzifələri icra etdiyi vaxt üçün;
5. Büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.
6. Respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların, habelə fiziki şəxs olan işəgötürənlərin işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdə vəsait ödənilir.
7. Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində vəsait ödənilir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 faizi həcmində vəsait ödənilir.
Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.
1. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir.
Ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizini mehmanxana xərcləri, 35 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.
İşəgötürənlər xarici ezamiyyə xərclərini, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq manatla və ya bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər.
2. İşçi ezamiyyətə getdiyi və həmin gün Azərbaycan Respublikasına qayıtdığı halda ona nəzərdə tutulmuş ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir.
3. İşçi xarici ölkə ərazisi ilə getdiyi zaman ondan asılı olmayan səbəblərə görə tam 1 gün və artıq müddətə yolda ləngiyirsə, həmin müddət üçün ona ezamiyyə xərclərinin 1 günlük norması ərazisində ləngidiyi ölkə üçün müəyyən edilmiş normalar üzrə ödənilir.
Üzürsüz səbəbdən yolda yubandığı vaxt üçün işçiyə heç bir xərc ödənilmir.
4. Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 65 faizi həcmində vəsait ödənilir.
Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir.
Dəvət edən tərəf işçiyə yaşayış yeri xərcini və gündəlik xərcləri (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa həmin fərq işçiyə ödənilir.
Dəvət edən tərəf işçini yeməklə təmin edərək yalnız yaşayış yeri xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir.
Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yalnız yemək xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 35 faizindən az olarsa həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir.
Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.
5. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına təyin olunan diplomatik xidmət orqanı əməkdaşlarına, habelə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-13.17-ci maddələrində nəzərdə tutulan şəxslərə müəyyən olunmuş müddətdə yaşayış yeri ilə təmin edilənədək mehmanxana xərcləri həmin ölkə üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunmuş ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində ödənilir.
İşçilərin Ezamiyyə Qaydalarına əlavə
Təşkilatın Ştampı, fiziki şəxs olan işəgötürənin möhürü və ya soyadı, adı və atasının adı
______________ gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunur
Şəxsiyyəti təsdiq edən sənəd təqdim edildikdə etibarlıdır
İşəgötürən _____________________
“____” ________ 20 ___ il
Ezamiyyətə çıxması, təyinat məntəqəsinə gəlməsi, oradan çıxması və daimi iş yerinə gəlməsi haqqında qeydlər: __________________________________________________________________________
__________________________________________________________________________
__________________________________________________________________________
_________ dan (dən) çıxdı
“_______” __________ 20 ___ il
M.Y. imza ____________
________________ gəldi
“_______” __________ 20 ___ il
M.Y. imza ____________
_________ dan (dən) çıxdı
“_______” __________ 20 ___ il
M.Y. imza ____________
________________ gəldi
“_______” __________ 20 ___ il
M.Y. imza ____________
_________ dan (dən) çıxdı
“_______” __________ 20 ___ il
M.Y. imza ____________
________________ gəldi
“_______” __________ 20 ___ il
M.Y. imza ____________
1. 16 iyul 2012-ci il tarixli Q-08 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207160008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 iyul 2012-ci il)
2. 17 fevral 2021-ci il tarixli Q-07 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102170007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 fevral 2021-ci il)
3. 27 sentyabr 2024-cü il tarixli 3-23/3-9-12/2024 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202409273912, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 oktyabr 2024-cü il)
4. 02 iyun 2025-ci il tarixli 3-23/3-4-9/2025 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202506023349, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2025-ci il)
5. 6 iyul 2026-cı il tarixli 3-23/3-4-7/2026 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202607063347, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2026-cı il)
6. 15 sentyabr 2026-cı il tarixli 3-23/3-4-10/2026 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202609153410, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 sentyabr 2026-cı il)