Qanunvericilik › “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.06.2023) › Tam mətn

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.06.2023)

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.06.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2131 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə bu Qərara uyğun olaraq maliyyə yardımı alan işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların uçotunun aparılmasını təmin etsin.

3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 iyun 2023-cü il

1.1. Bu Qayda işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən (bundan sonra ‒ kommunal xidmətlər) istifadəyə görə dövlət büdcəsindən maliyyə yardımının (bundan sonra – maliyyə yardımı) ödənilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.

1.2. Maliyyə yardımı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə (bundan sonra – sahibkar) kommunal xidmətlərdən istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində ödənilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

2.1. Maliyyə yardımının ödənilməsi üçün sahibkar hər ay bitdikdən sonra növbəti ayın 5-dək bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun formada müvafiq məlumatları, habelə kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən sənədi (sənədləri) elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra ‒ Dövlət Vergi Xidməti) bunun üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış elektron kabinet vasitəsilə təqdim edir.

2.2. Dövlət Vergi Xidməti bu Qaydanın 2.1-ci bəndinə uyğun təqdim edilmiş sənədlərdə və məlumatlarda (bundan sonra – məlumatlar) imtinaya səbəb olmayan çatışmazlıq müəyyən etdikdə, həmin çatışmazlıq qeyd edilməklə, onun 5 (beş) iş günündən gec olmayaraq aradan qaldırılması üçün sahibkarlara məlumatların təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində elektron qaydada bildiriş göndərir.

2.3. Çatışmazlıq bu Qaydanın 2.2-ci bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Dövlət Vergi Xidməti tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal sahibkarın yenidən müraciət etməsinə mane olmur.

2.4. Məlumatlar bu Qaydanın tələblərinə uyğun olmadıqda, maliyyə yardımının verilməsindən imtina edilir və bu barədə Dövlət Vergi Xidməti tərəfindən əsaslandırılmış qərar qəbul olunmaqla, 3 (üç) iş günü müddətində elektron qaydada sahibkara göndərilir. Bu qərar sahibkarın yenidən müraciət etməsinə mane olmur.

2.5. Sahibkar tərəfindən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə, həmin müraciətlər məlumatların təqdim edildiyi aydan sonrakı ay üzrə nəzərə alınır.

2.6. Dövlət Vergi Xidməti bu Qaydanın 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə uyğun təqdim olunmuş məlumatlar əsasında müraciətlərə hər ay bitdikdən sonra növbəti ayın 15-dək baxır və ödəniləcək maliyyə yardımının məbləğini müəyyən edir.

2.7. Kommunal xidmətlər göstərən dövlət müəssisələri ‒ Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə) maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarlar tərəfindən istehlak edilmiş və dəyəri ödənilmiş kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 (beş) iş günü müddətində Dövlət Vergi Xidmətinə təqdim edirlər.

3.1. Maliyyə yardımının ödənilməsi üçün müraciət edən sahibkarlara maliyyə yardımı aşağıdakı qaydada ödənilir:

3.1.1. Dövlət Vergi Xidməti hər ayın 20-dək icmallaşdırılmış məlumatlar əsasında maliyyə yardımının ödənilməsi ilə bağlı bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun ödəniş sifarişini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir;

3.1.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 (iki) iş günü müddətində bu Qaydanın 3.1.1-ci yarımbəndinə uyğun olaraq təqdim edilmiş ödəniş sifarişi əsasında maliyyə yardımının məbləğini sahibkarın bank hesabına köçürülməsini təmin edir.

3.2. Bu Qaydaya uyğun olaraq maliyyə yardımı almış sahibkarların uçotu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

(hüquqi şəxsin adı, hüquqi ünvanı, VÖEN-i / fiziki şəxsin soyadı, adı və atasının adı, VÖEN-i)

Bank rekvizitləri ____________________________

1. 13 oktyabr 2025-ci il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 23 oktyabr 2025-ci il, № 227, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 977)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver