Qanunvericilik › “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017) › Tam mətn

“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017)

“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin altıncı abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 29 dekabr 2017-ci il

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və işsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

1.3. İşsizlikdən sığorta vəsaitlərinin mənbələri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə müəyyən edilir.

2.1. İşsizlikdən sığorta vəsaitləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən işsizlikdən sığorta fondunda cəmləşdirilir.

2.2. İşsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanılmış vəsaitlər növbəti ayın 1-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən işsizlikdən sığorta fondunun xəzinə hesabına köçürülür.

2.3. İşsizlikdən sığorta vəsaitləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş tədbirlərin, habelə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən olunan digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilir. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

2.4. İşsizlikdən sığorta fondunun hər il üçün büdcəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”na uyğun həyata keçirilir.

2.5. İşsizlikdən sığorta fondunun xərcləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla) icmal büdcənin xərclərinə daxil edilir.

3.1. İşsizlikdən sığorta vəsaitinin uçotu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta haqları üzrə vəsaitlərin toplanılmasına və həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalara münasibətdə Fond, həmin Qanunun 21.0.3-cü, 21.0.4-cü və 21.0.5-ci maddələrində göstərilən mənbələrdən daxilolmalara və xərclərə münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aparılır.

4.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınmış sığortaedənlər işsizlikdən sığorta haqlarının hesablanmasını və uçotunu aparmalıdırlar. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.11-ci maddəsinə uyğun olaraq sığortaedənlər bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün həmin Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş formada həmin Xidmətə hesabat verməlidirlər.

5.1. İşsizlikdən sığorta haqqının ödənilməsi üçün müəyyən olunmuş müddətdən sonra Fondun hesabına köçürülməmiş məbləğ ödənilməsi gecikdirilmiş borc sayılır.

5.2. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

6.1. İşsizlikdən sığorta fondunun gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Azərbaycan Respublikası Hesablama Palatasının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Bu hesabatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.

6.2. Azərbaycan Respublikasının Hesablama Palatası işsizlikdən sığorta fondunun büdcəsinin layihəsinə və icrasına dair hesabatlara rəy verir.

7.1. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim edilməsi qaydasının icrasına nəzarəti Fondun yerli qurumları və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq orqanları aşağıdakı qaydada həyata keçirirlər:

7.1.1. Fondun yerli qurumları – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinin elektron monitorinqini və işsizlikdən sığorta haqqı üzrə daxilolmaların Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq yolu ilə;

7.1.2. Vergi orqanları – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılmasına nəzarəti aparmaq yolu ilə.

7.2. Sığortaedənlər işsizlikdən sığorta haqqının hesablanması, ödənilməsi, hesabatın təqdim edilməsi ilə bağlı məsələlərdə Fondun yerli qurumlarının və vergi orqanlarının işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

1. 4 iyun 2018-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 iyun 2018-ci il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1350)

2. 10 iyul 2019-cu il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1321)

3. 5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279)

4. 4 iyun 2022-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2022-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 662)

5. 4 iyul 2025-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyul 2025-ci il, “Xalq” qəzeti, 9 iyul 2025-ci il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 704)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver