Azərbaycan Respublikası
“07” __03__ 2002-ci il
Nazir _________ F. Məmmədov
Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyi
“27” fevral 2002-ci il
Nazir __________ F. Əliyev
1. Bu Təlimat “Azərbaycan Respublikasında ticarətin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 iyul tarixli 160 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 495 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən zəruri olduqda və bu müvafiq müqavilələrdə (sazişlərdə), normativ hüquqi aktlarda və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində (sazişlərində) nəzərdə tutulduqda malın mənşəyi haqqında sertifikat verilməsi Qaydaları”na, digər normativ hüquqi aktlara, habelə “İstehlak Mallarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq hazırlanmış və İstehlak Mallarının Ekspertizası Mərkəzi (bundan sonra-Mərkəz) tərəfindən göstərilən xidmətlərə görə (istehlak mallarının ekspertizası, malların keyfiyyət və kəmiyyətinin müayinəsi, malın mənşəyi haqqında sertifikatın verilməsi və s.) ödəmələrin miqdarının müəyyən edilməsi və həyata keçirilməsi qaydalarını tənzimləyir.
2. Sifarişçilərə göstərilən xidmətlərə görə ödəmələrin (xidmət haqqı) miqdarı mövcud qanunvericiliyə uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.
3. Xidmət haqqlarının konkret miqdarı Təlimatın 2-ci bəndinə uyğun olaraq sifariş edilmiş xidmətlərin xüsusiyyəti və həcmi, xidmət göstərməyə cəlb edilmiş mütəxəssislərin sayı, xidmətlərin göstərilməsi ilə bağlı mütəxəssislərin (ekspertlərin) sərf etdiyi vaxt və xidmətin mürəkkəbliyi nəzərə alınmaqla təyin edilir.
4. Mərkəz tərəfindən xidmətlər göstərilməsi ilə əlaqədar kənardan ekspertlərin cəlb edilməsi, Mərkəzin tabeliyində olmayan laboratoriyaların xidmətlərindən istifadəyə görə əlavə haqq sifarişçinin hesabına ödənilir.
5. Mərkəz tərəfindən xidmətlərin göstərilməsi sifarişçinin ərizəsi əsasında həyata keçirilir.
Ərizə 2 (iki) nüsxədə təqdim edilir. Ərizənin bir nüsxəsi təqdim edildiyi gün Mərkəz tərəfindən bu məqsəd ilə xüsusi tərtib edilmiş jurnallarda qeydiyyata alınaraq Mərkəzdə saxlanılır, ikinci nüsxəsi isə üzərində ərizənin qəbulunun tarixi və vaxtı barədə müvafiq qeydlər edilərək sifarişçiyə qaytarılır.
6. Ərizə qeydiyyata alındıqdan sonra 3 (üç) iş günü ərzində sifarişçi ilə Mərkəz arasında xidmətlərin göstərilməsinə dair müqavilə imzalanır.
Müqavilədə xidmətlərin göstərilməsi müddəti, xidmət haqqının miqdarı, tərəflərin hüquq və vəzifələri qeyd edilir.
7. Mərkəz tərəfindən sifarişçiyə xidmət göstərilməsi xidmət haqqı ödənildikdən sonra həyata keçirilir.
8. Xidmət haqqı sifarişçi tərəfindən Təlimatın 6-cı bəndində göstərilən müqavilə bağlandıqdan 3 (üç) bank günü ərzində qanunvericiliyə uyğun olaraq nağd və ya nəqdsiz qaydada Mərkəzə ödənilir.
9. Bu Təlimat dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.