Bu Qanunda istifadə edilən anlayışlar:
istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs;
istehsalçı — mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar;
icraçı — iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar;
satıcı — alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar;
normativ sənəd — malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məcburi tələbləri müəyyənləşdirən dövlət standartları, farmakoloji, sanitariya və tikinti normaları, qaydaları və digər sənədlər;
qüsur — malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu;
mühüm qüsur — maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur;
uyğunluq sertifikatı (sertifikat) — sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və fiziki şəxslərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd;
uyğunluq nişanı — malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və fiziki şəxslərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyata alınan nişandır;
malın (işin, xidmətin) təhlükəsizliyi — maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanmasının, daşınmasının, işlədilməsinin adi şəraitində və ya işin görülməsi (xidmət göstərilməsi) prosesində istehlakçının həyatına, sağlamlığına, əmlakına, habelə ətraf mühitə zərər vurulmasının istisna olunması;
zəmanət müddəti — müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət.
nəzarət markası — audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını (istehsal olunduğunu), həmçinin satışı üçün müvafiq dövlət orqanından razılığın alınması tələb olunan malların, məmulatların və məlumat materiallarının satışına belə razılığın verilməsini təsdiq edən və həmin nüsxələri yaymaq hüququ verən, nüsxələrə yapışdırılan hərf-rəqəm kodu və holoqrafik müdafiə vasitəsi olan və birdəfəlik istifadə üçün nəzərdə tutulan vahid nümunəli xüsusi nişan;
əhalinin ərzaq təhlükəsizliyi - ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan qida məhsullarına tələbatının təmin edilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemi.