Qanunvericilik › İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20-1

Maddə 20-1. Sığorta vəsaitləri

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20-1.1. Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

20-1.1.1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar üzrə ödənilən sığorta haqları;

20-1.1.2. sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən və son 24 ayda bu Qanunun 2-1.1-ci maddəsi ilə müəyyən edilmiş sığortaçıya gecikdirilmiş gəlir faizi ödənişi olmayan banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

20-1.1.3. qanunda nəzərdə tutulan digər mənbələr.

20-1.2. Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:

20-1.2.1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara sığorta ödənişlərinin verilməsinə;

20-1.2.2. əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara;

20-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

20-1.2.4. sığorta ehtiyatı fondunun yaradılmasına;

20-1.2.5. idarəetmə xərclərinə;

20-1.2.5-1. risklərin sığortalanmasına;

20-1.2.6. qanunla müəyyən edilən digər istiqamətlərə.

20-1.3. Əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalar bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar üzrə ödənilən sığorta haqqının 10 faizi miqdarında müəyyən edilir.

20-1.4. İdarəetmə xərcləri bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar üzrə ödənilən sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi xərclər smetasına uyğun olaraq həyata keçirilir.

20-1.5. Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

20-1.6. Sığorta ehtiyatı fondu sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda sığorta ehtiyatı fondunun artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara yönəldilir.

20-1.7. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı fondunun hesabına maliyyələşdirilir.

20-1.8. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı fondunu təmin edən vəsait və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver