“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli 442 nömrəli Fərmanının 3.1.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası
1. “İstilik qurğularının quraşdırılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
1.1. Bu Qaydalar “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 13.1.1-ci maddəsinə əsasən hazırlanmışdır və istilik enerjisinin istehsalı və paylanması (o cümlədən ötürülməsi) üçün nəzərdə tutulmuş istilik qurğularının quraşdırılmasına dair tələbləri müəyyən edir.
1.2. Bu Qaydaların məqsədi istilik qurğularının quraşdırılması zamanı ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, keyfiyyət göstəricilərinə riayət etmək, istilik qurğularının etibarlı və fasiləsiz işini təmin etmək, həmçinin istilik qurğularının düzgün və səmərəli şəkildə quraşdırılmasını tənzimləmək, istilik qurğularının quraşdırılması prosesində standartların və normativ sənədlərin tətbiqinə nəzarətdir.
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”na daxil olan və bu Qaydalarda nəzərdə tutulan qurğular və avadanlıqlar müvafiq texniki reqlamentlərin tələblərinə cavab verməlidir.
1.4. Bu Qaydalarda nəzərdə tutulan qurğuların sınaqları “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında həyata keçirilir.
1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 15 may tarixli 159 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”na daxil olan istilik qurğularının quraşdırılması texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olaraq həyata keçirilir.
1.6. Bu Qaydalar yeni tikilən və ya yenidən qurulan istilik təchizatı obyektlərində, habelə mövcud istilik sistemlərinin təmiri və modernləşdirilməsi zamanı tətbiq olunur.
1.7. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.7.1. qazanxana – istilik təchizatı məqsədilə istilik istehsal etmək üçün nəzərdə tutulmuş qazanı (istilik generatoru) və köməkçi texnoloji avadanlığı olan otaq, bina və qurğular kompleksi;
1.7.2. mərkəzi qazanxana – xarici istilik şəbəkələri ilə əlaqələndirilmiş bir neçə bina və ya qurğuya xidmət edən qazanxana;
1.7.3. buxar qazanı – ocağı olan, orada yandırılan yanacaq məhsulları ilə qızdırılaraq qurğunun özündən kənarda istifadə olunan, təzyiqi atmosfer təzyiqindən yüksək olan buxar almaq üçün nəzərdə tutulan qurğu;
1.7.4. suqızdırıcı qazan – ocağı olan və orada yanacağı yandırmaqla təzyiqi atmosfer təzyiqindən yüksək olan və istilik daşıyıcısı kimi bu qurğudan kənarda istifadə edilən suyun qızdırılması üçün nəzərdə tutulan qurğu;
1.7.5. suqızdırıcı – təzyiqi atmosfer təzyiqindən yüksək təzyiqdə olan suyun buxar, isti su və digər istilik daşıyıcıları vasitəsi ilə qızdırılması üçün nəzərdə tutulan qurğu;
1.7.6. boru kəməri – qaz və maye yanacaqların və digər maddələrin təzyiqlər fərqi hesabına nəqli üçün nəzərdə tutulan qurğu;
1.7.7. daxili qaz kəməri – binanın xarici divarlarının daxilində yerləşən qaz cihazlarının birləşməsinə qədər olan qaz kəməri;
1.7.8. xarici qaz kəməri – binadan kənarda quraşdırılmış, binanın xarici divarlarına qədər olan yeraltı və ya yerüstü quraşdırılmış qaz kəməri;
1.7.9. isitmə sistemi – isidilən yerləşgələrdə temperaturun normalara uyğun saxlanılmasında lazım olan istiliyin alınması, daşınması və verilməsi üçün nəzərdə tutulan qurğu və texniki elementlər kompleksi;
1.7.10. qaz avadanlığı – qaz kəmərinin üzərində element kimi istifadə edilən, sənaye istehsalı olan texniki avadanlıqlar (kondensatyığıcılar, qaz tənzimləyici qurğular, qaz filtrləri və s.);
1.7.11. yanacaq sistemi - istilik qurğularında istifadə olunan yanacağın qəbulu, saxlanması, hazırlanması, nəql edilməsi və yanma qurğularına verilməsini təmin edən texnoloji avadanlıqların, boru kəmərlərinin, armaturların və nəzarət-ölçü cihazlarının kompleksi.
1.8. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Quraşdırılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2017-ci il 21 avqust tarixli 06 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Qazanxana qurğuları. Layihələndirmə normaları”na (bundan sonra – AzDTN 2.12-1) uyğun olaraq aparılan qazanxana qurğularının (məhsuldarlığından asılı olmayaraq buxarın təzyiqi 3,9 MPa-dan çox olmayan və suyun temperaturu 200°С-dən yuxarı olmayan buxar, suqızdırıcı və buxar-suqızdırıcı qazanları olan qazanxanalar) quraşdırılmasına dair tələblər aşağıdakılardır:
2.1.1. qazanxana qurğuları tikinti layihəsi sənədlərinə və şəhərsalma və tikinti normalarının tələblərinə riayət edilməklə quraşdırılmalı;
2.1.2. qazanxanalar yanğın və partlayış təhlükəsizliyi tələblərinə, həmçinin sanitariya qaydaları və normalarının tələblərinə cavab verməli;
2.1.3. qazanxana qurğuları istehsalçı zavodun texniki tələbləri nəzərə alınmaqla quraşdırılmalı və istifadə olunan avadanlıq və materiallar layihədə nəzərdə tutulmuş tələblərə cavab verməli;
2.1.4. qazanxanalarda elektrik, qaz, isitmə və ventilyasiya qurğularının, su kəmərləri və kanalizasiya sistemlərinin birləşmələrinin kənar təsirlərdən qorunması və təhlükəsizlik məsafələrinin saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın, Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 27 iyun tarixli 3-15/3-1-4/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın (bundan sonra - “Elektrik qurğularının quraşdırılması Qaydaları”), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2017-ci il 21 avqust tarixli 06 nömrəli Qərarı ilə təsdiq edilmiş “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”nın, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2015-ci il 13 avqust tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su təchizatı. Xarici şəbəkə və qurğular” və “Kanalizasiya. Xarici şəbəkə və qurğular”ının tələblərinə uyğun olaraq təmin edilməli;
2.1.5. qazanxana qurğularının işə salınmasından əvvəl təhlükəsizlik tədbirləri görülməli və kiplik sınaqları aparılmalıdır.
3.1. Qaz-hava yolu və tüstü borularının quraşdırılmasına dair tələblər aşağıdakılardır:
3.1.1. qaz-hava yolu və tüstü borularının quraşdırılması zamanı AzDTN 2.12-1-in tələbləri nəzərə alınmalı;
3.1.2. tüstü borularının diametrləri və uzunluqları qazan avadanlığının gücünə və yanacaq növünə uyğun müəyyən edilməli, layihədə nəzərdə tutulan aerodinamik göstəricilərə riayət olunmalı;
3.1.3. qaz-hava yollarının və tüstü borularının daxili səthləri maneəsiz və hamar olmalı, axının qarşısını alan kənar çıxıntılar olmamalı;
3.1.4. qaz-hava yollarının və tüstü borularının keçdiyi yerlərdə konstruksiyaların yanmayan materiallarla izolyasiyası təmin edilməli;
3.1.5. qaz-hava yolu sisteminə texniki baxış, təmizləmə və nəzarət üçün nəzərdə tutulmuş qapaqlar (lyuklar) və baxış pəncərələri quraşdırılmalı;
3.1.6. qaz-hava yollarının və tüstü borularının çıxış hissələri atmosfer şəraitinin təsirindən (yağış, qar, külək axını və s.) qorunmalı və uyğun başlıqlar (deflektorlar, yağışlıqlar və s.) ilə təchiz edilməli;
3.1.7. qaz-hava yollarının və tüstü borularının bütün birləşmələrində quraşdırma işləri tamamlandıqdan sonra kiplik və hava sızması sınaqları keçirilməli;
3.1.8. quraşdırma zamanı tüstü borularının yaxınlığında elektrik kabellərinin, yanacaq xətlərinin və digər yanar elementlərin yerləşdirilməsinə yol verilməməli;
3.1.9. tüstü borularının işıq maneələrinin idarə edilməsi “Elektrik qurğularının quraşdırılması Qaydaları”na uyğun olaraq onların aid olduqları obyektlərdən təmin edilməlidir.
4.1. Boru kəmərlərinin quraşdırılmasına dair tələblər aşağıdakılardır:
4.1.1. istilik sistemlərinə aid boru kəmərlərinin quraşdırılması layihə sənədlərinin, AzDTN 2.12-1-in və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2017-ci il 16 oktyabr tarixli 08 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik şəbəkələri. Layihələndirmə normaları”nın tələblərinə uyğun həyata keçirilməli;
4.1.2. boru kəmərlərinin sxemi elə seçilməlidir ki, sistemin istismarı, baxışı və təmiri üçün sərbəst və təhlükəsiz giriş-çıxış təmin edilsin;
4.1.3. isti və soyuq boru xətləri arasında istilik təsirini azaltmaq məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2023-cü il 25 aprel tarixli 3-35/3-2-3/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”na, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2017-ci il 16 oktyabr tarixli 08 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik şəbəkələri. Layihələndirmə normaları”na və AzDTN 2.12-1-ə uyğun olaraq lazımi məsafə saxlanılmalı və istilik izolyasiyası təmin edilməli;
4.1.4. boru dayaqları, bərkidiciləri və kompensatorları layihədə göstərilən yerlərdə quraşdırılmalı, boruların termiki uzanmasını və vibrasiyasını kompensasiya etməli;
4.1.5. boru kəmərlərinin daxili səthi quraşdırmadan əvvəl pasdan, çirklərdən və xarici cisimlərdən təmizlənməli, montaj zamanı içərisinə yad cisimlərin düşməsinin qarşısı alınmalı;
4.1.6. quraşdırma işləri tamamlandıqdan sonra boru kəmərləri müvafiq hidravlik və ya pnevmatik sınaqlardan keçirilməli;
4.1.7. yeraltı və gizli keçən boru xətləri korroziyadan mühafizə tədbirləri ilə (izolyasiya, katod mühafizə və s.) təmin edilməli;
4.1.8. boru xətlərinin keçdiyi yerlərdə yanğın və partlayış təhlükəsi olan obyektlərə minimal məsafələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən təmin edilməlidir.
5.1. Yanacaq sistemi qurğularının quraşdırılmasına dair tələblər aşağıdakılardır:
5.1.1. yanacaq sistemi qurğularının quraşdırılması layihə sənədlərinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2001-ci il 25 may tarixli 85 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”na və istehsalçı tərəfindən qoyulmuş texniki tələblərə uyğun şəkildə həyata keçirilməli;
5.1.2. yanacaq sistemi avadanlığı (yanacaq rezervuarları, nasoslar, paylayıcı xətlər və s.) istifadə olunan yanacağın növünə (təbii qaz, maye yanacaq və s.) uyğun seçilməli;
5.1.3. yanacaq xətlərində birləşmələr hermetik və təhlükəsiz olmalı;
5.1.4. yanacaq sistemi qurğularının quraşdırılması zamanı yanğın və partlayış təhlükəsizliyi üçün AzDTN 2.12-1-ə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2009-cu il 2 mart tarixli 17 nömrəli Əmri ilə təsdiq edilmiş “Qaz təchizatı. Layihələndirmə normaları”na uyğun olaraq məsafələr və havalandırma tələbləri təmin edilməli;
5.1.5. yanacaq sistemi xətləri və avadanlıqları elektrik kabellərinə ”Elektrik qurğularının quraşdırılması Qaydaları”na və layihə sənədlərinə uyğun olaraq yerləşdirilməli, statik elektrik yığılmasının qarşısının alınması üçün tədbirlər nəzərdə tutulmalıdır.
6.1. Avtomatika və idarəetmə qurğularının quraşdırılmasına dair tələblər aşağıdakılardır:
6.1.1. istilik qurğularının avtomatika və idarəetmə qurğuları (sensorlar, termostatlar, idarəetmə panelləri və s.) istehsalçı tərəfindən qoyulan texniki və təhlükəsizlik tələblərinə, layihə sənədlərinə uyğun quraşdırılmalı;
6.1.2. avadanlıqlar quraşdırılarkən operatorların təhlükəsizliyi təmin edilməli, idarəetmə panellərinə giriş əlçatan olmalı;
6.1.3. avtomatika və idarəetmə sisteminin bütün kabelləri və birləşmələri istilik kəmərləri və digər təhlükəli obyektlərdən “Elektrik qurğularının quraşdırılması Qaydaları” ilə müəyyən edilmiş məsafədə yerləşdirilməli;
6.1.4. avtomatika və idarəetmə sistemi qazanxananın və boru kəmərlərinin iş rejimini real vaxtda izləməyə, temperatur, təzyiq və digər göstəricilərə nəzarət etməyə və lazım olduqda avtomatik təhlükəsizlik tədbirləri tətbiq etməyə imkan verməli;
6.1.5. avtomatika və idarəetmə sistemi quraşdırıldıqdan sonra bütün sensorlar və avtomatika cihazları sazlanmalı, sınaqlardan keçirilməlidir.
7.1. İsitmə və ventilyasiya qurğularının quraşdırılmasına dair tələblər aşağıdakılardır:
7.1.1. isitmə və ventilyasiya qurğuları Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2017-ci il 21 avqust tarixli 06 nömrəli Qərarı ilə təsdiq edilmiş “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”na, layihə sənədlərinə və istehsalçı zavodun texniki tələblərinə uyğun quraşdırılmalı;
7.1.2. borular, kanallar və digər komponentlər hermetik birləşmələrlə quraşdırılmalı;
7.1.3. havalandırma kanallarının və isitmə borularının diametri, uzunluğu və yerləşməsi layihədə nəzərdə tutulan texniki göstəricilərə və sistemin gücünə uyğun müəyyən edilməli;
7.1.4. daxili səthlər maneəsiz və hamar olmalı, axının qarşısını alan kənar çıxıntılar olmamalı;
7.1.5. quraşdırma zamanı boruların və kanalların keçdiyi yerlərdə istilik izolyasiya konstruksiyaları Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2023-cü il 25 aprel tarixli 3-35/3-2-3/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”na uyğun nəzərdə tutulmalı;
7.1.6. texniki baxış, təmizləmə və nəzarət üçün ventilyasiya kanallarına və borularına baxış pəncərələri və qapaqlar (lyuklar) quraşdırılmalı;
7.1.7. ventilyasiya kanallarının və borularının çıxış hissələri atmosfer təsirindən qorunmalı və uyğun başlıqlar (deflektorlar, yağışlıqlar və s.) ilə təchiz edilməli;
7.1.8. quraşdırmadan sonra bütün birləşmələr kiplik sınaqlarından keçirilməlidir.
8.1. Qazanxanaların su kəmərləri və kanalizasiya sisteminin quraşdırılmasına dair tələblər aşağıdakılardır:
8.1.1. qazanxanaların su kəmərləri və kanalizasiya sistemi layihə sənədlərinə, AzDTN 2.12-1-ə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2015-ci il 13 avqust tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su təchizatı. Xarici şəbəkə və qurğular” və “Kanalizasiya. Xarici şəbəkə və qurğular”ına və istehsalçı zavodun texniki tələblərinə uyğun quraşdırılmalı;
8.1.2. borular, armaturlar və digər komponentlər hermetik birləşmələrlə quraşdırılmalı;
8.1.3. boruların diametri, uzunluğu və yerləşməsi layihədə nəzərdə tutulan hidravlik göstəricilərin tələblərinə uyğun olmalı;
8.1.4. borularının daxili səthi maneəsiz və hamar olmalı, axının qarşısını alan kənar çıxıntılar olmamalı;
8.1.5. quraşdırma zamanı boruların keçdiyi yerlərdə konstruksiyalar yanmayan materiallarla izolyasiya edilməli, elektrik kabellərindən “Elektrik qurğularının quraşdırılması Qaydaları” ilə müəyyən edilmiş məsafədə yerləşdirilməli;
8.1.6. sistemin istismarı və texniki xidməti üçün baxış quyuları, təmizləmə qapaqları (lyuklar) və layihədə nəzərdə tutulmuş digər avadanlıqlar quraşdırılmalı;
8.1.7. quraşdırmadan sonra birləşmələr sızmaya qarşı kiplik sınaqlarından keçirilməlidir.
9.1. İstilik izolyasiya sistemlərinin quraşdırılmasına dair tələblər aşağıdakılardır:
9.1.1. istilik izolyasiya sistemləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2023-cü il 25 aprel tarixli 3-35/3-2-3/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”na, layihə sənədlərinə, qüvvədə olan texniki və yanğın təhlükəsizliyi normalarına, istehsalçı zavodun texniki tələblərinə uyğun quraşdırılmalı;
9.1.2. izolyasiya materialları temperatura və mexaniki təsirlərə davamlı olmalı, uzun müddətli istismara uyğun seçilməli;
9.1.3. borular, kanallar, radiatorlar və digər avadanlıqlar tam örtülməli, izolyasiya qalıqları və boşluqlar buraxılmamalı;
9.1.4. izolyasiya qatları sıx və bütöv olmalı, istilik itkisini minimuma endirməli;
9.1.5. quraşdırma zamanı elektrik kabelləri yanacaq xətlərinə və digər yanar maddələrə “Elektrik qurğularının quraşdırılması Qaydaları” ilə müəyyən edilmiş məsafədə yerləşdirilməli;
9.1.6. izolyasiya sistemində texniki baxış və istismar zamanı təmizlik üçün qapaqlar (lyuklar) və giriş nöqtələri nəzərdə tutulmalı;
9.1.7. quraşdırma tamamlandıqdan sonra izolyasiya sisteminin vəziyyəti yoxlanmalı, çatlar və boşluqlar müəyyən edilərək aradan qaldırılmalıdır.
10.1. Qaz-hava yolları və tüstü boruları üzrə aparılan sınaqlara dair tələblər aşağıdakılardır:
10.1.1. qaz-hava yolları və tüstü boruları sızmaya qarşı kiplik sınaqlarından keçirilməli;
10.1.2. tüstü borularının aerodinamik göstəriciləri və axın parametrləri layihəyə uyğun yoxlanılmalı;
10.1.3. deflektorlar, başlıqlar və digər çıxış hissələri düzgün işləməli və atmosfer təsirlərindən qorunmalı;
10.1.4. quraşdırılmış birləşmələrdə hava sızmaları müəyyən edilməli və aradan qaldırılmalıdır.
10.2. Su kəmərləri və kanalizasiya boruları üzrə aparılan sınaqlara dair tələblər aşağıdakılardır:
10.2.1. su kəmərləri və kanalizasiya boruları hidravlik sınaqlardan keçirilməli və sızmalar yoxlanmalı;
10.2.2. sistem boyunca axın maneəsiz olmalı, kanallarda tıxanıqlıqlar yoxlanmalı;
10.2.3. baxış və təmizləmə qapaqları (lyukları) işlək vəziyyətdə olmalı, habelə texniki nəzarət üçün əlçatanlıq təmin edilməli;
10.2.4. quraşdırılmış birləşmələrdə su sızmaları aradan qaldırılmalıdır.
10.3. İsitmə və ventilyasiya sistemləri üzrə aparılan sınaqlara dair tələblər aşağıdakılardır:
10.3.1. isitmə və ventilyasiya sistemlərində hava axını, təzyiq və temperatur göstəriciləri layihə sənədlərində nəzərdə tutulmuş müddətlərə uyğun olaraq yoxlanılmalı;
10.3.2. borular, kanallar və ventilyasiya çıxışları sızmaya qarşı kiplik sınaqlarından keçirilməli;
10.3.3. avtomatika, təhlükəsizlik və siqnalizasiya sistemlərinin sazlığı yoxlanılmalı;
10.3.4. sistem boyunca quraşdırılmış birləşmələrdə qüsurlar aradan qaldırılmalı və təkrar sınaqlar aparılmalıdır.
10.4. İstilik izolyasiya sistemləri üzrə aparılan sınaqlara dair tələblər aşağıdakılardır:
10.4.1. izolyasiya qatlarının bütövlüyü yoxlanmalı, boşluqlar və çatlar müəyyən edilməli və aradan qaldırılmalı;
10.4.2. istilik itkisi layihədə nəzərdə tutulan həddi aşmamalı;
10.4.3. izolyasiya sistemində hər hansı qüsur aşkar edildikdə aradan qaldırılmalı və təkrar sınaqlar aparılmalıdır.
10.5. Qaynaq birləşmələri üzrə aparılan sınaqlara dair tələblər aşağıdakılardır:
10.5.1. qaynaq birləşmələri normativ sənədlərin tələblərinə uyğun olaraq məcburi nəzarət və sınaqlardan keçirilməli;
10.5.2. alın-alına qaynaqlı birləşmələr tam nüfuzetmənin təmin olunmasını yoxlamaq məqsədilə məcburi qaydada qeyri-dağıdıcı nəzarət üsulları ilə sınaqdan keçirilməli;
10.5.3. qaynaq birləşmələrində qüsurlar aşkar edildikdə, onlar aradan qaldırıldıqdan sonra təkrar sınaqlar aparılmalıdır.
11.1. Korroziyadan və aşınmadan mühafizəyə dair tələblər aşağıdakılardır:
11.1.1. istilik qurğularının, boru kəmərlərinin və köməkçi avadanlıqların quraşdırılması zamanı onların korroziyaya və mexaniki aşınmaya məruz qalma ehtimalı nəzərə alınmalı;
11.1.2. metal səthlər quraşdırılmadan əvvəl pasdan, çirklərdən və xarici cisimlərdən təmizlənməli, antikorroziya örtükləri ilə işlənməli;
11.1.3. torpaq altında, rütubətli mühitdə və ya açıq havada yerləşdirilən istilik qurğuları və boru xətləri korroziyadan mühafizə vasitələri (izolyasiya örtükləri, mastikalar, qoruyucu örtüklər və s.) ilə təmin edilməli;
11.1.4. müxtəlif metalların birləşdirilməsi zamanı elektrokimyəvi korroziyanın qarşısını almaq üçün aralıq izolyasiya materiallarından və ya uyğun birləşmə elementlərindən istifadə olunmalı;
11.1.5. istilik daşıyıcısı (su, buxar və s.) keyfiyyət üzrə tələblərə AzDTN 2.12-1-ə və suqızdırıcı qazanların istehsalçı zavodlarının təlimat tələblərinə uyğun olaraq cavab verməli, daxili korroziyanı və aşınmanı sürətləndirən amillərin qarşısının alınması üçün müvafiq tədbirlər görülməli;
11.1.6. mexaniki təsirlərə, vibrasiyaya və sürtünməyə məruz qalan hissələr aşınmaya davamlı materiallardan hazırlanmalı və qoruyucu elementlərlə möhkəmləndirilməli;
11.1.7. korroziyadan və aşınmadan mühafizə tədbirlərinin vəziyyəti istismar müddətində mütəmadi olaraq yoxlanılmalı, aşkar edilmiş qüsurlar vaxtında aradan qaldırılmalıdır.
12.1. Texniki sənədlərə dair tələblər aşağıdakılardır:
12.1.1. istilik qurğularının quraşdırılması işləri təsdiq edilmiş tikinti layihəsi sənədləri, işçi cizgilər əsasında və şəhərsalma və tikinti normalarına uyğun olaraq həyata keçirilməli;
12.1.2. quraşdırma zamanı istifadə edilən qurğular, avadanlıqlar, materiallar və məmulatlar üzrə texniki pasportlar və uyğunluq sertifikatları mövcud olmalı;
12.1.3. istilik qurğularının istismara verilməsi üçün istismar təlimatları, texniki xidmət və təhlükəsizlik üzrə göstərişlər istifadəçiyə təqdim edilməlidir.
12.2. Texniki sənədlərin hazırlanmasına və saxlanılmasına görə məsuliyyəti quraşdırmanı həyata keçirən təşkilatın rəhbəri tərəfindən təyin edilmiş səlahiyyətli şəxs daşıyır.