Qanunvericilik › "İstismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələblər"in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.05.2007) › Tam mətn

"İstismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələblər"in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.05.2007)

"İstismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələblər"in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.05.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İstismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələblər" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 31 may 2007-ci il

1.1. İstismarçı sertifikatın verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələblər (bundan sonra - Qaydalar) "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.3- cü maddəsinə, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Standartları və Tövsiyə olunan təcrübəsinin (bundan sonra - SARPS) - Doc.8335-AN/879 tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar hava daşımalarmı yerinə yetirmək üçün hava nəqliyyatı istismarçısının sertifikatına malik olmaq istəyən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə və razılığa gələn dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən istismarçı sertifikatının sahibi olan xarici hava nəqliyyatı istismarçılarına münasibətdə milli tələbləri müəyyən edir.

1.3. Mülkiyyət formasından və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında qeydə alınan kommersiya hava nəqliyyatının bütün istismarçıları zəruri sertifikatlaşdırmadan keçməlidirlər.

Müəyyən edilmiş tələblərə uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən verilən hava nəqliyyatı istismarçısının qüvvədə olan sertifikatı olmadan kommersiya hava daşımalarının həyata keçirilməsi qeyri-qanuni hesab edilir.

1.4. Hava nəqliyyatı istismarçılarının sertifikatlaşdırılması qanunvericiliklə müəyyən edilmiş qaydada, ödənişli əsasda həyata keçirilir. Sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı məsrəflər ərizəçi tərəfindən ödənilir.

Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

aviasiya şirkəti - Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin nəzərdə tutduğu təşkilati - hüquqi formalarda yaradılmış və kommersiya şərtləri ilə hava daşımaları, aviasiya işləri və xidmətlərini həyata keçirən müəssisə;

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi – Azərbaycan Respublikasında mülki aviasiyanın fəaliyyətinə nəzarət və dövlət tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə yaradılmış səlahiyyətli orqan;

Azərbaycan Respublikasının mülki aviasiya subyektlərinin sertifikasiyası üzrə Komissiya - Agentliyin əmri əsasında yaradılmış Komissiyaya aviasiya daşımaları, aviasiya işləri və xidmətlərinin həyata keçirilməsi üçün hava nəqliyyatı istismarçısının sertifikatının verilməsi və müddətinin uzadılması məsələlərinə dair hüquqi və fiziki şəxslərin (aviaşirkətlərin, aviamüəssisələrin və s.) ərizələrinə baxılması üzrə məsuliyyət həvalə edilir;

"Beynəlxalq mülki aviasiya haqqında" Konvensiya - beynəlxalq hava nəqliyyatının bütün cəhətlərini tənzimləyən müddəalar, 1944-cü ildə Çikaqoda toplanan 52 ölkənin nümayəndəsi tərəfindən imzalanmışdır (Çikaqo Konvensiyası);

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) - Çikaqo Konvensiyasına uyğun olaraq yaradılmış daimi orqan;

İCAO-nun Beynəlxalq Standartları və Tövsiyə olunan təcrübəsi (SARPS) - "Beynəlxalq mülki aviasiya haqqında" Çikaqo Konvensiyasına əlavələr, İCAO-nun Baş katibi tərəfindən təsdiq edilən sənədlər və onun dərc olunan sanksiyaları;

istismarçı - hava gəmisinin istismarı ilə məşğul olan və ya bu sahədə xidmət göstərən şəxs;

istismarçı sertifikatı - adı qeyd olunan şəxsin istismarçılara dair müəyyən edilmiş tələblərə cavab verdiyini və onun qanunvericiliklə və istismarçı sertifikatına əlavə olunan xüsusi tələblərlə müəyyən edilən sertifikasiya qaydalarına uyğun olaraq göstərilən fəaliyyət növünü həyata keçirməyə qadir olduğunu təsdiq edən, Agentlik tərəfindən verilən rəsmi sənəd;

razılığa gələn dövlət - "Beynəlxalq mülki aviasiya haqqında" Konvensiyanı (Çikaqo, 7 dekabr 1944-cü il) imzalamış, ona qoşulmuş və buna uyğun olaraq aeronaviqasiyanı dəstəkləyən, onu təkmilləşdirəcək bütün məsələlər üzrə hava gəmilərinə, personala, hava yollarına, köməkçi xidmətlərə aid qaydaların, standartların, üsulların, təşkilati işlərin həmahəngliyinin mümkün olan ən yüksək dərəcədə təmin edilməsi üçün əməkdaşlıq etmək öhdəliyini öz üzərinə götürən dövlət;

standart - "Beynəlxalq mülki aviasiya haqqında" Konvensiyaya əsasən razılığa gələn dövlətin riayət etməsi və beynəlxalq aeronaviqasiyanın təhlükəsizliyi və müntəzəmliyinin təmin edilməsi üçün vahid tətbiqi zəruri hesab edilən, hava gəmilərinin fiziki xüsusiyyətlərinə, konfiqurasiyalarına, material hissələrinə, texniki xüsusiyyətlərinə, personala və ya qaydalara dair hər hansı tələb;

tövsiyə olunan təcrübə - "Beynəlxalq mülki aviasiya haqqında" Konvensiyaya əsasən razılığa gələn dövlətin riayət etməsi və beynəlxalq aeronaviqasiyanın təhlükəsizliyi, müntəzəmliyi və səmərəliliyinin təmin edilməsi üçün vahid tətbiqi arzuolunan hesab edilən, hava gəmilərinin fiziki xüsusiyyətlərinə, konfiqurasiyalarına, material hissələrinə, texniki xüsusiyyətlərinə, personala və ya qaydalara dair hər hansı tələb;

xüsusi istismar tələbləri - hava daşımalarının, aviasiya işlərinin və xidmətlərinin yerinə yetirilməsi ilə bağlı uçuşlara dair Agentlik tərəfindən müəyyən edilmiş hüquq, icazə və məhdudiyyətləri əhatə edən və istismarçı sertifikatına əlavə edilən sənədlər.

3.1. Agentlik və hava nəqliyyatı istismarçıları hava daşımalarının təhlükəsiz, müntəzəm və səmərəli surətdə yerinə yetirilməsi üçün məsuliyyət daşıyırlar.

3.2. Azərbaycan Respublikasını beynəlxalq mülki aviasiya təşkilatlarında təmsil edən səlahiyyətli dövlət orqanının – Agentliyin məsuliyyəti (Azərbaycan Respublikası 8 noyabr 1992-ci il tarixdən İCAO-nun razılığa gələn dövlətlərindən biridir) onun "Beynəlxalq mülki aviasiya haqqında" Konvensiyanın (7 dekabr 1944-cü il, Çikaqo) 37-ci maddəsində istinad olunan Beynəlxalq aeronaviqasiya təhlükəsizliyi üzrə SARPS-ı qəbul etməsindən irəli gəlir.

Agentlik "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununa və SARPS-ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının mülki aviasiya subyektlərinin fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərin işlənməsi, habelə həm Azərbaycan Respublikasının, həm də hava limanlarına və ya respublikanın ərazisi üzərində uçuşlar yerinə yetirən xarici dövlətlərin hava nəqliyyatı istismarçılarının fəaliyyətinə nəzarət sisteminin təşkili üçün məsuliyyət daşıyır.

3.3. Azərbaycan Respublikasının hava nəqliyyatı istismarçılarının fəaliyyətinə Agentlik tərəfindən nəzarəti təmin edən əsas meyar istismarçı sertifikatının və istismarçı sertifikatına dair istismar tələblərinin (məhdudiyyətlərinin) verilməsindən, habelə sistematik müfəttiş nəzarətinin keçirilməsindən ibarətdir.

3.4. Hava nəqliyyatı istismarçısı uçuşların təhlükəsiz yerinə yetirilməsi və Azərbaycan Respublikasının qanunvericilik aktlarına və Agentlik tərəfindən nəşr olunmuş və ya gələcəkdə nəşr oluna biləcək mülki aviasiyanın fəaliyyətini tənzimləyən normativ aktlara riayət olunması üçün maddi, inzibati və cinayət məsuliyyəti daşıyır.

3.5. Hava nəqliyyatı istismarçısı müəyyən fəaliyyət növü üçün ona verilən hüququ Agentliyin müəyyən etdiyi tələblərə (dəyişikliklər nəzərə alınmaqla) tam müvafiq olaraq həyata keçirir.

3.6. Hava nəqliyyatı istismarçısı uçuşların təhlükəsizliyi və səmərəliliyinin, aviasiya təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan istismar təlimatlarının hazırlanmasına görə məsuliyyət daşıyır. Bu istismar təlimatları Azərbaycan Respublikasının qanunvericilik aktlarına və Agentlik və ya ərazisinə, yaxud hava məkanında uçuşlar yerinə yetirilən digər razılığa gələn dövlətlər tərəfindən dərc edilmiş normativ hüquqi aktlara zidd olmamalıdır.

Uçuş məlumatının toplanılması vasitələrini istifadə etməklə, aviasiya texnikasının istismarına, hava gəmilərinin ekipajının və hava hərəkətinin idarə edilməsi üzrə dispetçer heyətinin hazırlıq vəziyyətinə nəzarətin təmin olunması üçün hava nəqliyyatı istismarçısı məsuliyyət daşıyır. Hava gəmilərinin növləri üzrə uçuş məlumatının toplanılması vasitələrinin şifrlərinin açılması normativləri Agentlik tərəfindən təyin edilir.

3.7. İstismarçı ərizəni və sübutedici sənədləri nəzərdən keçirən Komissiyaya, habelə istismar olunan hava gəmilərinin uçuş yararlılığını yoxlayan Agentlik inspektorlarına lazımi şərait yaratmalı və bu işdə onlara yardım göstərməlidir.

Agentlik aşağıdakı səlahiyyətlərə malikdir:

- istismarçıların təklif etdikləri kommersiya avianəqliyyat daşımalarının zəruriliyini müəyyən etmək;

- yerüstü xidmətlərin (məsələn, aerodrom, naviqasiya vasitələri, hava hərəkətinə xidmət göstərən orqanlar və s.) təmin olunması imkanı ilə yanaşı təklif edilən daşımaların həyata keçirilməsi üçün istismarçının texniki və maliyyə imkanlarmı müəyyən etmək;

- bütün istismarçı sertifikatı sahiblərinə tətbiq edilə biləcək müddəalar və hava gəmisinin konkret növündə uçuş təhlükəsizliyinin təmin olunması üçün zəruri hesab edilə bilən istənilən konkret istismar tələbləri qeyd edilən istismarçı sertifikatını vermək;

- istismarçıya lazımi qaydada xəbərdarlıq etmək və ona məsləhətləşmə və apellyasiya keçirmək üçün imkan yaratmaq şərtilə uçuş təhlükəsizliyinin təmin olunması məqsədinə zidd olan, istismarçı sertifikatında və müvafiq istismar tələblərində icazə verilmiş istənilən uçuşları yerinə yetirmək hüquqlarını rədd etmək, qadağan etmək, təxirə salmaq, dayandırmaq və ya dəyişdirmək;

- istismarçının fəaliyyətinin, onun uçuş və mühəndis-texniki personalının hazırlıq səviyyəsinin, həmçinin hava gəmilərinin texniki vəziyyətinin müfəttiş yoxlamalarının həyata keçirilməsi üçün komissiyalar yaratmaq.

5.1. Hava nəqliyyatı istismarçılarının sertifikatlaşdırılması Agentliyin Azərbaycan Respublikasında mülki aviasiya subyektlərinin sertifikatlaşdırılması üzrə Komissiyası (bundan sonra - Komissiya) tərəfindən "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.2-ci maddəsinə və Agentliyin müəyyən edilmiş qaydada təsdiq etdiyi sertifikasiya tələblərinə uyğun olaraq həyata keçirilir.

5.2. Gələcək istismarçı Komissiyaya aşağıdakı sənədləri təqdim etməlidir:

- Agentliyin müəyyən etdiyi formada ərizə;

- Agentliyin tələbləri ilə nəzərdə tutulmuş sübutedici sənədlərin siyahısını;

- uçuşların yerinə yetirilməsini tənzimləyən və uçuş heyətinə, mühəndis-texniki və yerüstü personala, istismar olunan hava gəmiləri parkına dair tələbləri əks etdirən Agentliyin struktur bölmələri ilə razılaşdırılan ətraflı təlimat və qaydaları;

- istismarçı sertifikatını və istismar tələblərini almaq (müddətini uzatmaq) məqsədilə təqdim edilən istismarçı ərizəsinə əsasən qərar qəbul etmək üçün lazım olan hər hansı digər məlumatı.

İstismarçının təlimat və qaydaları aşağıdakı formada tərtib edilməlidir:

- uçuşların yerinə yetirilməsi üzrə aviaşirkətin təlimatı;

- aviasiya texnikasına texniki xidmət üzrə aviaşirkətin təlimatı;

- işlərin keyfiyyətlə yerinə yetirilməsinə dair təlimat;

- sərnişin, baqaj və yüklərin daşınması qaydaları;

- aviaşirkətin aviasiya təhlükəsizliyi proqramı.

Bu sənədlərin hazırlanması üçün Agentlik gələcək istismarçıya lazımi təlimat materiallarını təqdim edir.

5.3. Hava nəqliyyatı istismarçısının sertifikatlaşdırılması aşağıdakı mərhələlərlə yerinə yetirilir:

- ərizənin və sübutedici sənədlərin nəzərdən keçirilməsi və ilkin rəyin verilməsi;

- sertifikatlaşdırmadan əvvəl istismar yoxlaması;

- aviasiya texnikasına texniki xidmətin yoxlanması;

- ərizəyə və istismarçı sertifikatının verilməsinə dair qərarın qəbul edilməsi;

- sertifikatlaşdırılmış istismarçının fəaliyyətinə daimi nəzarət.

5.4. Komissiya bir ay müddətində ərizəni və sübutedici sənədləri nəzərdən keçirir, istismarçının səriştəsini müəyyən edir, onun təqdim etdiyi və minimum olaraq təşkilat, personal, avadanlıq, təklif olunan marşrutlar, habelə xidmət səviyyəsi, növləri və maliyyə vəsaitləri ilə bağlı olan məsələləri əhatə edən xidmətləri tədqiq edir.

5.5. Gələcək istismarçının səriştəsini müəyyən edən və istismar yoxlamasının ilkin mərhələsində ciddi problemlərin yaranması ehtimalını azaldan əsas amillərdən biri sertifikatlaşdırmadan əvvəl ərizənin ətraflı və dəqiq qiymətləndirilməsidir. Belə qiymətləndirmə başlanğıc mərhələdə ərizəçinin təkliflərində hər hansı ciddi nöqsanları aşkar etmək və alternativ təkliflər hazırlamaq üçün gələcək istismarçıya imkan yaratmaq məqsədi daşıyır.

Əgər aşkar edilən nöqsanların aradan qaldırılması mümkün hesab edilərsə, ərizəçiyə onların aradan qaldırılması üçün imkan yaradılacaq, əks təqdirdə isə ərizə sonrakı müzakirədən kənarlaşdırılacaqdır.

5.6. İlkin qiymətləndirməyə əsasən Komissiya ərizəni məqbul hesab edərsə, ərizəçiyə öz planlarını həyata keçirmək məqsədilə işi davam etdirə bilməsi barədə məlumat verilir və avadanlığın, texniki xidmət vasitələrinin, istismar və inzibati strukturun, hazırlıq vasitələrinin, personalla təmin edilmənin, uçuşların yerinə yetirilməsi və texniki xidmət üzrə təlimatların və s. yoxlanılması daxil olmaqla, istismar yoxlaması zamanı qənaətbəxş nəticə əldə edildiyi təqdirdə, ona istismarçı sertifikatının veriləcəyinə əmin edilir

5.7. Komissiya ərizəçinin maliyyə və hüquqi aspektlərinə münasibətdə müvafiq nəticələr çıxarmalıdır.

Ərizəçinin maliyyə imkanları müəyyən edilərkən, gələcək istismarçının aktiv və passivlərinin, maliyyə və statistik sənədlərin və bu sahədə digər məlumatların, məsələn hava gəmilərinin və əsas avadanlığın alınması və ya icarəsi ilə bağlı nəzərdə tutulan tədbirlərin ətraflı təhlilinə əsaslanılmalıdır.

Gələcək istismarçının təklif olunan fəaliyyətinin Komissiya tərəfindən maliyyə, iqtisadi və hüquqi amillər nəzərə alınmaqla həyata keçirilməsi mümkün hesab edilməzsə, aşkar edilən nöqsanlar ərizəçi tərəfindən aradan qaldırılanadək Komissiya gələcək tədbirləri dayandıracaqdır.

5.8. Ərizənin maliyyə, iqtisadi və hüquqi aspektlərinin ilkin qiymətləndirilməsinin birinci mərhələsi başa çatdıqdan və aşkar edilən bütün nöqsanlar aradan qaldırıldıqdan sonra Komissiya gələcək istismarçı tərəfindən ümumilikdə daşımaların həyata keçirilməsinin mümkünlüyü barədə ilkin rəy tərtib edir.

İlkin qiymətləndirmənin ikinci mərhələsi Agentlik inspektorları tərəfindən həyata keçirilir və daşımaların gedişində hər bir əməliyyat növünün öz mürəkkəbliyi və miqyasına görə bir-birindən fərqləndiyini nəzərə alaraq, müfəttişlərə qəbul etdikləri qərara münasibətdə sərbəstlik verilir və onlar qiymətləndirmə və yoxlama prosesində öz tövsiyələrini irəli sürürlər. Bu zaman inspektorlar gələcək istismarçının fəaliyyətinə aid olan bütün məlumatla sərbəst tanış ola, habelə hava gəmisinin uçuş yararlılığı, xidmət göstərilməsi, dəyişikliklər, təmir və istismarla bağlı məlumat əldə etmək üçün xidmətlərə, yerdə və uçuş zamanı hava gəmilərinə sərbəst daxil ola bilərlər.

İnspektorun son tövsiyəsi və sertifikatlaşdırma ilə bağlı Komissiyanın qərarı ərizəçinin "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasında mülki aviasiyanın fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlar ilə müəyyən edilən tələblərə uyğun olub-olmadığına, habelə ərizəçinin lazımi texniki vasitələrlə təchiz olunub-olunmadığına və təklif olunan daşımaları təhlükəsiz və səmərəli yerinə yetirmək imkanına malik olduğuna əsaslanmalıdır.

5.9. Daşımaların yerinə yetirilməsi ilə bağlı texniki nöqteyi-nəzərdən ərizəçinin ilkin qiymətləndirilməsi uçuşların yerinə yetirilməsi üzrə təlimatda, texniki xidmət üzrə təlimatda, kadrların hazırlıq proqramlarında, aviasiya hadisələrinin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsi proqramında və ərizəçinin dərc etdirdiyi digər texniki təlimatlarda ətraflı qeyd olunan prosedur, təcrübə və metodların ümumi nəzərdən keçirilməsini tələb edir.

Komissiya bu məsələ ilə bağlı aşağıdakı aspektləri də nəzərdən keçirir:

a)aviaşirkətin təşkilat strukturunu, habelə idarəetmə təcrübəsini və əsas prinsipləri;

b)rəhbər vəzifə tutan əməkdaşların hazırlığı, bacarığı və təcrübəsini;

c)aviaşirkətin kadr siyasətini;

ç) hava gəmilərinə texniki xidmətin göstərilməsi və ya kadrların hazırlanması haqqında kontrakt və ya sazişləri;

d) hava gəmilərinin icarəsi barədə sazişi (əgər mövcuddursa). İstismar yoxlamasının texniki xidmətin yoxlanması mərhələsində

Komissiya ilkin qiymətləndirmə məqsədilə ərizəçinin bütün təşkilat aspektlərini, onun hava gəmilərini, vasitələrini, avadanlığını və personalını öyrənir və ətraflı müfəttiş yoxlaması keçirir.

5.10. İlkin qiymətləndirmə başa çatdıqda, Komissiya ərizəçinin təklif edilən daşımaları qənaətbəxş səviyyədə həyata keçirmək bacarığına malik olduğunu əminliklə müəyyən etmək üçün kifayət qədər məlumata malik olmalıdır.

Əgər qiymətləndirmə müsbətdirsə, ərizəçi öz planlarını həyata keçirməkdə davam edir və istismar yoxlamasının gedişi zamanı qənaətbəxş nəticələr əldə edildiyi təqdirdə, ona istismarçı sertifikatının veriləcəyi barədə məlumat verilir.

5.11. Ərizənin ilkin qiymətləndirilməsi Komissiyaya təklif edilən daşımaların miqyası və ərizəçinin bu daşımaları yerinə yetirmək üçün potensial imkanları barədə ümumi təsəvvürə malik olmağa imkan verir. Lakin istismarçı sertifikatının verilməsinin təsdiq edilməsi üçün Komissiya ərizəçinin istismar imkanlarını ətraflı öyrənməlidir və bu məqsədlə ərizəçidən uçuşların gündəlik idarə edilməsi və yerinə yetirilməsi, bir sıra hallarda isə təklif edilən marşrutlar üzrə bir neçə sınaq uçuşlarının keçirilməsi zamanı vəsaiti, avadanlığı, istismar üsullarını və təcrübəsini, həmçinin inzibati, uçuş və yerüstü personalın səriştəsini nümayiş etdirməyi tələb edə bilər.

5.12. Yoxlamanın istismar mərhələsi təklif olunan daşımaların bütün cəhətlərini, yeni uçuşların xarakterini, miqyasını və coğrafi rayonları, istifadə olunan (həm təyyarə, həm də yerüstü) avadanlığın növünü, uçuşlara rəhbərlik və nəzarət üsulunu əhatə etməlidir.

5.13. Komissiya əmin olmalıdır ki, ərizəçi:

- uçuş ekipajının bacarığının müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək üçün prosedur və proqramlar hazırlamışdır və personal müvafiq və qüvvədə olan ixtisas qeydləri ilə lazımi şəhadətnamələrə malikdir;

- təyyarə bələdçilərinin qəza şəraitində və ya qəza evakuasiyası tələb edən vəziyyətdə təhlükəsizliklə bağlı öhdələrinə qoyulmuş vəzifələrini yerinə yetirə biləcəklərinə zəmanət verən hazırlıq proqrammı işləyib hazırlamışdır.

6.1. Lazımi qaydada keçirilən və sənədlərlə əsaslandırılmış qiymətləndirmə və yoxlama proqramı Komissiyaya ərizəçinin (istismarçının) istismarçı sertifikatının verilməsi zamanı irəli sürülən Agentliyin bütün texniki, uçuşların təhlükəsizliyi və sertifikasiya tələblərini yerinə yetirdiyini müəyyən etməyə imkan yaradır.

6.2. Komissiya yoxlamanın nəticələrindən razıdırsa və təklif olunan istismar üçün heç bir iqtisadi və hüquqi maneənin olmadığına əmindirsə, istismarçı sertifikatının və onunla bağlı istismar tələblərinin verilməsini təsdiq edir.

6.3. İstismarçı sertifikatının nümunəsi hava nəqliyyatı istismarçılarının sertifikatlaşdırılması üzrə Agentliyin tələblərində qeyd edilmişdir.

6.4. İstismarçı sertifikatı verilərkən istismarçıya təsdiq edilmiş istismar tələblərinin rəsmi təsdiq edilmiş surətləri təqdim edilir. Eyni zamanda, istismarçı hazırlıq və təkmilləşdirmə, istismar tələblərinə gələcək düzəlişlər prosedurları, habelə istismarçının fəaliyyətinə sonrakı nəzarətlə bağlı Agentliyin tələbləri barədə məlumatlandırılır.

6.5. İstismarçı istismar sertifikatını və təsdiq edilmiş istismar tələblərini aldıqdan sonra kommersiya məqsədləri ilə icazə verilmiş uçuşların yerinə yetirilməsinə başlaya bilər. Bu vaxtdan etibarən o, bütün uçuşların alınan icazələrə və qüvvədə olan mülki aviasiya qaydalarına tam uyğun surətdə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Eyni zamanda, Agentlik istismarçının tələb olunan istismar standartlarına riayət etməsini təmin etmək məqsədilə onun fəaliyyətinə daimi nəzarət edir.

6.6. İstismarçı sertifikatı 2 il müddətinə verilir.

6.7. İstismarçı sertifikatında onun qüvvədən düşdüyü tarix qeyd edilir. İstismarçı sertifikatının qüvvədə olma müddəti başa çatmazdan 30 gün əvvəl istismarçı sertifikatın müddətinin uzadılması barədə müəyyən olunmuş formada ərizə ilə Agentliyə müraciət etməlidir. Sertifikatın müddətinin uzadılması zamanı ərizəçinin sertifikatlaşdırılması qaydası ilkin sertifikatlaşdırmaya uyğun qaydada aparılır. Bu zaman sənədlər yoxlanılır və müfəttiş yoxlaması aparılır.

6.8. İstismarçının fəaliyyətinə nəzarət proqramı yerinə yetirilərkən, hər hansı nöqsan aşkar edildiyi halda onun səbəbi müəyyən edilməli, aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməli və bu tədbirlərin səmərəli olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılmalıdır.

7.1. İstismarçının fəaliyyətində müxtəlif icazələrin, məhdudiyyətlərin və s. konkretləşdirilməsi və müəyyən edilməsi üçün istismarçı sertifikatının verilməsi ilə yanaşı istismarçı sertifikatına dair istismar tələbləri (məhdudiyyətləri) verilir. Belə istismar tələblərindən (məhdudiyyətlərindən) istismarçı sertifikatının ümumi müddəalarına əlavə edilməsi, dövlət qaydalarında konkret əks olunmamış icazələr və məhdudiyyətlərin sadalanması, həmçinin inzibati idarəetmənin asanlaşdırılması üçün istifadə edilir. İstismarçı sertifikatının və istismar tələblərinin eyni zamanda verilməsi uçuşların yerinə yetirilməsinin Agentlik tərəfindən təsdiq edilməsi deməkdir.

7.2. İstismar tələbləri aşağıdakı ayrı-ayrı hissələrə bölünür:

A hissəsi. Ümumi müddəalar (istismar olunan hava gəmiləri parkı və aviasiya personalı barədə məlumat);

B hissəsi. Marşrutlara dair icazələr və məhdudiyyətlər;

C hissəsi. Aerodromlara dair icazələr və məhdudiyyətlər;

Ç hissəsi. Texniki xidmət;

D hissəsi. Kütlə və mərkəzləşdirmə;

E hissəsi. Maddi hissənin mübadiləsi;

Ə hissəsi. İcarəyə götürülmüş hava gəmilərinin istismarı.

Qeyd. İstismar tələblərinin A, B, C, Ç, D, E və Ə hissələri üçün forma nümunələri Agentliyin tələblərində verilmişdir.

7.3. İstismar tələblərinin müxtəlif hissələrinin konkret məzmunu istismarçının fəaliyyətinin xarakteri və miqyasından (hava əlaqəsinin kateqoriyalarından), habelə istismar olunan hava gəmilərindən asılı olaraq müxtəlif ola bilər.

7.4. İstismarçı sertifikatının sahibi istismarçı sertifikatının və istismar tələblərinin (məhdudiyyətlərinin) verilməsi üçün əsas olan hallara təsir göstərə biləcək hər hansı dəyişiklik barədə dərhal Komissiyaya məlumat verməlidir.Zəruri hallarda Komissiya istismar səlahiyyətlərində (tələblərində) dəyişiklik edir. Bu dəyişikliklər Komissiya tərəfindən rəsmi qaydada rəsmiləşdirildikdən və istismarçı sertifikatına və ya istismar tələblərinə daxil edildikdən sonra hüquqi qüvvəyə minir.

İstismarçı sertifikatının sahibinin həyata keçirdiyi uçuşlara Agentlik tərəfindən daimi nəzarət sertifikasiya sisteminin ayrılmaz hissəsidir və əhali üçün təhlükəsiz və etibarlı kommersiya avianəqliyyat daşımalarının təmin olunması məqsədilə tələb edilən istismar standartlarına riayət edilməsinə görə Agentliyin məsuliyyətinin vacib ünsürüdür. İstismarçının fəaliyyətinə daimi nəzarət prosesinə dair Agentliyin tələbləri "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində və Agentliyin digər normativ hüquqi sənədlərində (Mülki aviasiya fəaliyyətinin dövlət tənzimləməsinin müfəttiş orqanı üçün təlimatda) öz əksini tapmışdır.

9.1. İstismarçı sertifikatının müddətinin dayandırılması və ya ləğv edilməsi qaydası "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsi və həmin Qanuna uyğun olaraq dərc edilmiş Agentliyin tələbləri ilə müəyyən edilmişdir.

9.2. Hava əlaqələrinin yerinə yetirilməsi üçün konsessiyaların (icazələrin) ləğv edilməsi qaydası "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsi və həmin Qanuna uyğun olaraq dərc edilmiş Agentliyin tələbləri ilə müəyyən edilmişdir.

10.1. Azərbaycan Respublikasının hava limanlarına uçuşlar yerinə yetirməyi planlaşdıran hər hansı xarici aviaşirkət onun qeydə alındığı dövlətin aidiyyəti qurumu tərəfindən verilən qüvvədə olan hava nəqliyyatı istismarçısının sertifikatına mütləq malik olmalıdır.

10.2. Azərbaycan Respublikasının hava limanlarına uçuşlar yerinə yetirməyi planlaşdıran aviaşirkət Agentliyə aşağıdakı sənədləri təqdim etməlidir:

- aviaşirkətin qeydə alındığı dövlətin aidiyyəti qurumu tərəfindən verilən, onun konkret marşrutda daşıyıcı təyin edilməsi haqqında rəsmi sənəd;

- nümunəsi Agentlik tərəfindən təsdiq edilən, aviaşirkətin Azərbaycan Respublikasına konkret uçuş marşrutunda daşıyıcı təyin edildiyini təsdiq edən "R" forması;

- aviaşirkətin istismar etdiyi və uçuşları yerinə yetirməyi planlaşdırdığı hava gəmiləri parkı haqqında məlumat;

- mülki aviasiyada vacib olan sığorta polisləri;

- aeronaviqasiya müəssisəsi, təyinat hava limanının hava gəmilərinə, sərnişin, baqaj və yüklərə yerüstü xidmət göstərən xidmətləri ilə müvafiq sazişlər.

10.3. Azərbaycan Respublikasının hava limanlarına uçuşlar yerinə yetirməyi planlaşdıran aviaşirkət üçün "R" forması təsdiq edilməzdən əvvəl, Agentlik uçuşların təhlükəsizliyinin təmin edilməsini, aviaşirkətin qeydə alındığı dövlətdə mülki aviasiyanın fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərin SARPS-a uyğunluğunu yoxlamaq məqsədilə aviaşirkətin fəaliyyətinin müfəttiş yoxlamasını keçirə bilər.

Müfəttiş yoxlaması əsasən aviaşirkətin qeydə alındığı dövlətin aviasiya personalının yoxlanmasına, hava gəmilərinin uçuş yararlığının qorunmasına, uçuş istismarına, aviasiya təhlükəsizliyinin təmin edilməsinə və aviasiya texnikasına texniki xidmət bazalarına dair tələbləri əhatə etməlidir.

10.4. Müfəttiş yoxlaması keçirildikdən və aviaşirkətin uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş tələblərə cavab verdiyi müəyyən edildikdən sonra Agentlik onun istismarçı sertifikatını tanıyır və Azərbaycan Respublikasına uçuşlar yerinə yetirmək üçün icazəni ("R" formasını) təsdiq edir.

10.5. Agentliyin müfəttiş orqanı Azərbaycan Respublikasının hava limanlarında xarici aviaşirkətlərin hava gəmilərində müfəttiş yoxlamasını keçirmək hüququna malikdir. Belə yoxlamanı həyata keçirən şəxslər xarici aviaşirkətlərin hava gəmilərinə sərbəst daxil ola, habelə həmin hava gəmisinə aid olan bütün sənədlərlə tanış ola bilərlər.

1. 21 yanvar 2019-cu il tarixli 15 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 159)

2. 24 mart 2020-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 371)

3. 4 aprel 2022-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 384)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver