1.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. neft-qaz əməliyyatları – xam neft və təbii qazın kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi, çıxarılması, hasilatı, sabitləşdirilməsi, hazırlanması, emalı, oyadılması, təzyiqlənməsi, toplanması, saxlanması, yerləşdirilməsi, yüklənməsi, nəql edilməsi, alqı-satqısı və / və ya bunlarla bağlı olan ləğvetmə əməliyyatları;
1.0.2. ixrac məqsədli neft-qaz fəaliyyəti – Azərbaycan Respublikasının hüdudlarından, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən kənarda həyata keçirilən neft-qaz əməliyyatları və bu əməliyyatlarla əlaqədar olan hər hansı fəaliyyət ilə bağlı Azərbaycan Respublikasının ərazisində hər hansı işlərin görülməsi, xidmətlərin göstərilməsi, idxal-ixrac əməliyyatlarının aparılması və bunlarla bağlı olan hər hansı malların, işlərin, xidmətlərin təqdim olunması;
1.0.3. xam neft – xam mineral neft, kondensat, asfalt, ozokerit və təbii şəkildə olan və ya ekstraksiya vasitəsilə təbii qazdan alınan bərk və ya maye karbohidrogenlərin və bitumun, xüsusi çəkilərindən asılı olmayaraq bütün növləri, o cümlədən normal temperatur və təzyiq şəraitində qaz-kondensat mayeləri;
1.0.4. təbii qaz – normal temperatur və təzyiq şəraitində qazaoxşar halda (fazada) olan bütün karbohidrogenlər, o cümlədən bunlarla məhdudlaşmayan səmt qazı və yağlı qazdan maye karbohidrogenlər ekstraksiya və ya separasiya edildikdən sonra qalan qaz qalığı, habelə bütün qeyri-karbohidrogen mənşəli qaz və ya qazaoxşar karbohidrogenlərlə birlikdə hasil edilən (kondensasiya və ya ekstraksiya edilmiş maye karbohidrogenlər istisna olunmaqla) digər maddələr (o cümlədən bunlarla məhdudlaşmayan karbon qazı, kükürd və helium);
1.0.5. podratçı(lar) – Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış, Azərbaycan Respublikasında müvafiq ərazi, infrastruktur, texniki vasitələr, işçi qüvvəsi, zəruri texniki, texnoloji, inzibati və idarəetmə biliklərinə və təcrübəsinə, maliyyə ehtiyatlarına malik olan, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda bu cür layihələri həyata keçirən, xarici sifarişçi ilə birbaşa müqaviləsi olan hüquqi şəxslər, o cümlədən xarici sərmayəçilərin iştirakı ilə yaradılmış hüquqi şəxslər;
1.0.6. subpodratçı(lar) – podratçıya birbaşa və ya əlaqəli müqavilə üzrə ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar malları təqdim edən, işləri görən və ya xidmətləri göstərən hüquqi və / və ya fiziki şəxslər;
1.0.7. xarici subpodratçı(lar) – subpodratçı olan xarici hüquqi şəxslər və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
1.0.8. yerli subpodratçı(lar) – Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış subpodratçı olan hüquqi şəxslər və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları;
1.0.9. əlaqəli müqavilə – ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar malları təqdim edən, işləri görən və xidmətləri göstərən hər hansı şəxslə (podratçı istisna olmaqla) subpodratçı arasında bağlanmış müqavilə;
1.0.10. şəxs(lər) – istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
1.0.11. şəhadətnamə – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən, bu Qanunla tətbiq edilən xüsusi iqtisadi rejimin podratçılara və ya subpodratçılara şamil olunmasını təsdiq edən sənəd.