3.1. Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar vergiləri bu Qanunda nəzərdə tutulmuş qaydada və dərəcə ilə ödəyirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş və bu Qanunla əhatə edilməyən vergilər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada tətbiq edilir.
3.2. Podratçılar bu Qanunun 7.1-ci maddəsində göstərilən şəhadətnaməni almaq üçün ilk dəfə müraciət edərkən hüquqi şəxslərin mənfəət vergisi üzrə aşağıdakı vergi rejimlərindən birini seçmək hüququna malikdirlər və bu Qanunun qüvvədə olduğu müddət ərzində həmin vergi rejimini dəyişə bilməzlər:
3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisi. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi sonradan artırıldıqda, podratçılara bu Qanunun 7.1-ci maddəsində göstərilən şəhadətnamənin verildiyi tarixdə mövcud olan hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi tətbiq ediləcək;
3.2.2. podratçılara ödənilən ümumi məbləğlərdən 5 (beş) faiz dərəcəsi ilə hüquqi şəxslərin mənfəət vergisi. Bu verginin ödənilməsi ilə mənfəət vergisi üzrə öhdəliklər tamamilə yerinə yetirilmiş hesab olunur. Podratçılar bu maddədə göstərilən hüquqi şəxslərin mənfəət vergisini malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar onların hesabına daxil olmuş və ya daxil olmuş hesab edilən məbləğlərdən hesablamalı və hər rübdən sonrakı ayın 20-dək dövlət büdcəsinə ödəməlidirlər.
3.3. Xarici subpodratçı olan hüquqi şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş hüquqi şəxslərin mənfəət vergisinin ödənilməsindən azad olunur və onlara bu Qanunun 3.2.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi şəxslərin mənfəət vergisi tətbiq edilir. Xarici subpodratçı olan fiziki şəxslərə ödənişlər aparılarkən ödəmə mənbəyində fiziki şəxslərin gəlir vergisinin tutulması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
3.4. Xarici subpodratçılara tətbiq edilən hüquqi şəxslərin mənfəət vergisi podratçılar və müvafiq haldan asılı olaraq digər subpodratçılar tərəfindən xarici subpodratçılara ödəmə mənbəyində ödənilən ümumi məbləğlərdən tutulur.
3.5. Yerli subpodratçılar hüquqi şəxslərin mənfəət vergisini, fiziki şəxslərin gəlir vergisini və ya sadələşdirilmiş vergini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq ödəyirlər.
3.6. Podratçıların və xarici subpodratçıların ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar ödədikləri dividendlərdən, faizlərdən və qeyri-rezident subpodratçının daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulmur.
3.7. Podratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar əmlak vergisinin və torpaq vergisinin ödənilməsindən azaddırlar.
3.8. Podratçılar tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasından ixrac edilən mallar (işlər, xidmətlər) əlavə dəyər vergisinə 0 (sıfır) faiz dərəcəsi ilə cəlb olunur.
3.9. Podratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş əlavə dəyər vergisinin tam məbləğini yaranmış vergi öhdəlikləri ilə əvəzləşdirdikdən sonra artıq ödənilmiş əlavə dəyər vergisinin məbləğini Azərbaycan Respublikasının dövlət büdcəsindən qaytarılmasını tələb etmək hüququna malikdirlər.
3.10. Artıq ödənilmiş əlavə dəyər vergisinin məbləği onun qaytarılması barədə podratçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanına ərizənin verildiyi gündən sonra 20 (iyirmi) gündən gec olmayaraq, səyyar vergi yoxlaması aparılmadan, qanunvericiliklə nəzərdə tutulmuş qaydada geri qaytarılmalıdır. Əlavə dəyər vergisinin məbləğinin podratçılara qaytarılması gecikdirildikdə, həmin məbləğə qanunvericilikdə nəzərdə tutulmuş qaydada faizlər hesablanır.
3.11. Podratçının və subpodratçının əcnəbi və ya vətəndaşlığı olmayan işçisi bilavasitə Azərbaycan Respublikasında həyata keçirdiyi əmək fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlərdən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxslərin gəlir vergisini ödəyir.
3.12. Podratçının və subpodratçının Azərbaycan Respublikasının vətəndaşı olan işçisinin gəlir vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergi dərəcəsi ilə hesablanır və ödənilir.
3.13. Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyət üzrə bütün vergiləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər.
3.14. Müvafiq icra hakimiyyəti orqanı podratçılara və xarici subpodratçılara onların müraciəti əsasında ödəmə mənbəyindən tutulan verginin, əcnəbi və vətəndaşlığı olmayan işçilərinin gəlir vergisinin ödənilməsini təsdiq edən sənəd (arayış) təqdim etməlidir.
3.15. Podratçılar və subpodratçılar bu maddə ilə müəyyən edilmiş vergilərə dair bəyannamələri müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi forma və müddətlərdə vergi orqanına təqdim etməlidirlər.