Qanunvericilik › İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. İxrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə

İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş şəhadətnamənin podratçıya və subpodratçıya verildiyi gündən 1 (bir) il ərzində podratçıların və subpodratçıların əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb etdikləri işçilərin, bütün strukturlarda və idarəetmə orqanlarında təmsil olunmaqla, ümumi sayının 80 (səksən) faizindən az olmayan hissəsi Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Podratçı və subpodratçı tərəfindən həyata keçirilən ixrac məqsədli neft-qaz fəaliyyəti 6 (altı) aydan az müddətdə başa çatarsa, podratçı və subpodratçı bu tələbə riayət etməkdən azad olunur. Azərbaycan Respublikasının vətəndaşı olmayan işçilərin işə qəbul edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə müvafiq surətdə həyata keçirilir.

6.2. Müvafiq icra hakimiyyəti orqanı podratçının və subpodratçının əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb etdiyi Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunun 6.1-ci maddəsi ilə müəyyən olunmuş nisbətdən fərqli olan digər nisbətinə yalnız aşağıdakı hallarda razılıq verir:

6.2.1. ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilməli olan müvafiq ixtisas dərəcəsinə və peşəyə malik olan lazımi sayda Azərbaycan Respublikasının vətəndaşı olmadıqda;

6.2.2. müvafiq peşə (ixtisas) üzrə tələb olunan sayda Azərbaycan Respublikasının vətəndaşlarının hazırlanması (öyrədilməsi) 6 (altı) aydan çox müddət tələb etdikdə;

6.2.3. müvafiq peşə (ixtisas) üzrə tələb olunan sayda Azərbaycan Respublikasının vətəndaşlarının hazırlanması (öyrədilməsi) üçün çəkilməli olan xərclər Azərbaycan Respublikasının vətəndaşı olmayan işçilərin işə cəlb edilməsi xərclərindən əhəmiyyətli dərəcədə (20 faizdən az olmamaqla) artıq olduqda.

6.3. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş razılığın verilməsi üçün tələb olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

6.4. Podratçıların və subpodratçıların Azərbaycan Respublikasının vətəndaşı olmayan işçilərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallarda tətbiq edilir.

6.5. Bu Qanunun 6.1-ci və ya müvafiq haldan asılı olaraq 6.2-ci maddələrinin tələblərinin pozulmasına görə podratçı və ya subpodratçı qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver