Qanunvericilik › İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar

İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.1.1. ixrac nəzarəti - ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, bu ərazidən çıxarılması və tranzitinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin edən tədbirlər kompleksi;

1.1.2. ikili təyinatlı mallar (işlər, xidmətlər) - mülki məqsədlər üçün istifadə edilən, lakin kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında da istifadə edilə bilən mallar (işlər, xidmətlər);

1.1.3. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) nomenklaturu - kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında istifadə edilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), habelə istifadə edilə bilən ikili təyinatlı malların (işlərin, xidmətlərin), xammalın, nüvə və xüsusi qeyri-nüvə materialları daxil olmaqla, materialların, avadanlığın, elmi-texniki informasiyanın, cinayətkarlığa və terrorçuluğa qarşı istifadə olunan vasitələrin siyahıları;

1.1.4. əqli fəaliyyətin nəticələri - elmi işlər, elektron hesablayıcı texnikanın və məlumat topluları proqramlarına müəlliflik hüquqları, sənaye mülkiyyətinə hüquqlar, kəşf hüquqları, hüquqi və fiziki şəxslər tərəfindən istehsal edilmiş (onlara məxsus olan) mallar, onlar tərəfindən göstərilən xidmətlər, silah, hərbi texnika, ikili təyinatlı mallar, kütləvi qırğın silahının hazırlanması üçün xüsusi avadanlıq və texnologiya ilə bağlı olan sənaye nümunələri və "nou-hau";

1.1.5. kütləvi qırğın silahları - nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahı.

1.2. Bu Qanunda istifadə edilən, mülki, gömrük və başqa qanunvericilik sahələrinə aid digər anlayışlar müvafiq qanunvericilik aktlarında müəyyən olunmuş mənanı kəsb edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver