“İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyun tarixli 1716 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 dekabr 2022-ci il
Bu Qayda ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi, onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin (bundan sonra – hüquq sahibləri) ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi (bundan sonra – xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi) məsələlərini tənzimləyir.
2.1. Hüquq sahibi xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün ixtiranın və faydalı modelin patentləşdirilməsi, habelə ixtira və faydalı modelə dair iddia sənədinin verildiyi tarixdən etibarən onun qüvvədə olmasının 3-cü ilindən başlayaraq, ilk üç il müddətində qüvvədə saxlanılması proseduru tam başa çatdığı tarixdən 2 (iki) ay müddətində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik) forması bu Qaydanın əlavəsində göstərilən ərizə ilə müraciət edir.
2.2. Ərizəyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələblərinə uyğun olaraq, aşağıdakı sənədlər əlavə olunmalıdır:
2.2.1. ərizəçinin (və ya onun nümayəndəsinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
2.2.2. hüquq sahibinin ödədiyi xərclərin məbləği (xərclərin hər biri ayrıca sətirdə göstərilməklə) və onları təsdiq edən sənədlər;
2.2.3. PCT beynəlxalq sistemi vasitəsilə ixtira və ya faydalı modelin patentləşdirildiyi xarici ölkələrin siyahısı;
2.2.4. patentin ilk üç il müddətində qüvvədə saxlanılması üçün müəyyən edilən xarici ölkələrin siyahısı;
2.2.5. ərizəçi hüquq sahibinin nümayəndəsi olduqda, ona verilən etibarnamənin surəti;
2.2.6. hüquq sahibinin bank rekvizitləri.
2.3. Ərizəyə əlavə olunan sənədlər Azərbaycan dilində təqdim edilməlidir. Sənədlərdən hər hansı biri digər dildə olarsa, həmin sənədin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmalıdır. Sənədlər Agentliyə 1 (bir) nüsxədə təqdim edilir.
2.4. Ərizə Agentliyə daxil olduğu gün qeydiyyata alınır və təqdim edilmiş sənədlərin düzgünlüyü və tamlığı 3 (üç) iş günü müddətində Agentlik tərəfindən yoxlanılr. Ərizəyə qeydiyyata alındığı tarixdən ən geci 30 (otuz) gün müddətində baxılır.
2.5. Ərizə və ona əlavə olunan sənədlərdə imtinaya səbəb olmayan çatışmazlıqlar (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, onların 10 (on) iş günü müddətində aradan qaldırılması üçün Agentlik tərəfindən hüquq sahibinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilir və ərizəyə baxılma müddətinin axımı dayandırılır.
2.6. Ərizə və ona əlavə olunan sənədlərdə aşkarlanmış çatışmazlıqlar aradan qaldırılaraq, tələb olunan sənədlər və məlumatlar Agentliyə təqdim olunduğu tarixdən ərizəyə baxılma müddətinin axımı bərpa olunur.
2.7. Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edildikdə, ixtiranın və faydalı modelin patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün çəkilən xərcin məbləği vəsaitin ödənildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq Agentlik tərəfindən hüquq sahibinin bank hesabına köçürülür.
2.8. Bu Qaydanın 2.5-ci bəndində göstərilən çatışmazlıqlar qeyd edilən müddətdə aradan qaldırılmadıqda, ərizə baxılmamış saxlanılır və bu barədə əsaslandırılmış qərar qəbul edilir. Qəbul edilmiş qərar barədə 3 (üç) iş günündən gec olmayaraq hüquq sahibinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilir.
2.9. Ərizəçi həmin qərarın surətini tələb edə bilər. Bu halda 3 (üç) iş günündən gec olmayaraq, qərarın surəti ərizəçiyə təqdim olunmalı və ya onun elektron, yaxud poçt ünvanına göndərilməlidir. Qərarla razı olmadığı halda, ərizəçinin müvafiq yazılı bildirişi aldığı tarixdən 30 (otuz) gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət etmək hüququ vardır.
2.10. Bu Qaydanın 2.5-ci bəndində göstərilən çatışmazlıqlar həmin bənddə qeyd edilən müddətdən sonra aradan qaldırıldıqda, hüquq sahibi xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün Agentliyə yenidən ərizə ilə müraciət edə bilər.
2.11. İxtiranın və ya faydalı modelin xarici dövlətlərdə patentləşdirilməsi və patentin ilk üç il müddətində qüvvədə saxlanılması üçün bu Qayda ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə, ərizə və ona əlavə olunan sənədlərdə təhrif olunmuş məlumatlar olduqda, yaxud sənədlər tam təqdim edilmədikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla), xərclərin dövlət tərəfindən maliyyələşdirilməsindən imtina edilməsinə dair qərar qəbul edilir və bu barədə ərizəçinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilir. Ərizəçi qərarla razı olmadığı halda, müvafiq yazılı bildirişi aldığı tarixdən 30 (otuz) gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.
3.1. Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq proqnozlaşdırılır.
3.2. Agentlik xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlara uyğun olaraq, Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilmiş ixtiraların və faydalı modellərin sayı, həmin ixtira və faydalı modellərə görə hüquq sahiblərinin ödədikləri xərcin ümumi məbləği və dövlət tərəfindən hüquq sahiblərinə ödənilməli olan vəsait göstərilməklə, ödəniş sifarişini hər rübün sonuncu ayının 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir.
3.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş ödəniş sifarişi əsasında vəsaitin Agentliyin hesabına köçürülməsini həyata keçirir.
3.4. Agentlik bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq ayrılmış vəsaitin hüquq sahiblərinin bank hesablarına köçürülməsini təmin edir.
3.5. Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün cari ildə ayrılmış vəsait kifayət etmədikdə, həmin xərclər növbəti ildə Agentliyə bu məqsədlə ayrılmış vəsait hesabına ödənilir.
3.6. Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün cari ildə ayrılmış vəsait büdcə ilinin sonunadək tam xərclənmədikdə, qalıq vəsait növbəti ilin xərclərinə aid edilir.
3.7. Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün ayrılan vəsaitin təyinatı üzrə səmərəli xərclənməsinə Agentlik məsuliyyət daşıyır və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yarımillik və illik hesabatlar təqdim edir.
“İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası”na
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri ____________________________
Ərizəçi ___________________________________________________________________
adlı ixtiranın və ya faydalı modelin hüquq sahibi Azərbaycan Respublikasının vətəndaşı olan
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
ixtiranı və ya faydalı modeli Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə ərizəyə əlavə olunmuş siyahılarda göstərilən xarici dövlətlərdə patentləşdirmişəm və patentin ilk üç il müddətində qüvvədə saxlanılması üçün tələb olunan prosedurları keçmiş və bunun üçün ərizəyə əlavə etdiyim sənəddə göstərilən məbləğdə (_________) vəsait ödəmişəm.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyun tarixli 1716 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq ixtira və ya faydalı modelin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və patentin ilk üç il (_______-ci illər) müddətində qüvvədə saxlanılması üçün ödədiyim ___________ vəsaitin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsini xahiş edirəm.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur (Ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.):
________________________________________________________________________________
________________________________________________________________________________
________________________________________________________________________________
________________________________________________________________________________
Müraciət edən şəxs və ya onun səlahiyyətli nümayəndəsi
Tarix _____________ 20___ il
1. 7 mart 2024-cü il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 10 mart 2024-cü il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 302)
2. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)