Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşması, dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı buraxılan qiymətli kağızlara əhali tərəfindən qoyulan vəsaitlərin qorunması və dövlət özəlləşdirmə paylarının (çeklərinin) səmərəli yerləşdirilməsi üçün lazımi şərait yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə təsdiq edilsin (əlavə edilir).
4. Bu fərman dərc olunduğunu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 1997-ci il.
1. Bu Əsasnamə Azərbaycan Respublikasında ixtisaslaşdırılmış çek investisiya fondlarının (bundan sonra—çek investisiya fondları) yaradılması və fəaliyyəti qaydalarını müəyyən edir.
Çek investisiya fondları dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində fiziki və hüquqi şəxslərin dövlət özəlləşdirmə payları (çekləri) (bundan sonra—özəlləşdirmə çekləri) vasitəsi ilə iştirakını təmin etmək məqsədi ilə çekləri toplamaq üçün yaradılır.
2. Çek investisiya fondu özəlləşdirmə çeklərini qəbul edən və onlarla əməliyyat aparan, öz səhmlərinin emissiyası yolu ilə vasait cəlb edən, digər emitentlərin qiymətli kağızlarına investisiya qoyan, qiymətli kağızların alqı-satqısı ilə məşğul olan açıq tipli səhmdar cəmiyyətidir.
3. Azərbaycan Respublikasının ərazisində çek investisiya fondlarının təsis edilməsi və fəaliyyəti Azərbaycan Respublikasının normativ-hüquqi aktlarına müvafiq olaraq (bu Əsasnamə ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla) həyata keçirilir.
4. Bu Əsasnamə təsdiq edilənədək, Azərbaycan Respublikasında investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslər yalnız öz təsis sənədlərini bu Əsasnamənin tələblərinə uyğunlaşdırdıqdan sonra çek investisiya fondu kimi fəaliyyət göstərə bilərlər.
5. Xarici sərmayəçilər çek investisiya fondlarının fəaliyyətində Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada və yalnız dövlət özəlləşdirmə opsionları vasitəsi ilə iştirak edə bilərlər.
6. Azərbaycan Respublikasının ərazisində çek investisiya fondlarının fəaliyyətinin lisenziyalaşdırılması Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Bu Əsasnamə ilə müəyyən edilmiş qaydada çek investisiya fondu kimi fəaliyyət göstərmək üçün lisenziya almayan hüquqi şəxs çek investisiya fondu kimi fəaliyyət göstərə bilməz.
7. Bu Əsasnamədə aşağıdakı anlayışlardan istifadə edilir:
Qapalı tipli investisiya fondu—öz səhmlərini səhmdarlardan satın almaq hüququ olmayan investisiya fondu;
Çek investisiya fondunun afilə edilmiş qrupu—çek investisiya fondu, çek investisiya fondunun müdiri, habelə bu çek investisiya fondunun və onun müdirinin bütün afilə edilmiş şəxsləri;
Fiziki və ya hüquqi şəxsin afilə edilmiş şəxsi—səhmlərin 25 faizi və ondan çoxu ona məxsus olan hüquqi şəxsin təsisçisi (təsisçiləri), rəhbəri, vəzifəli şəxsləri və səhmdarlar və ya səsvermə hüququ verən səhmlərinin 25 faizdən çoxu bu şəxsə məxsus olan müəssisə;
Çek investisiya fondu müdirinin afilə edilmiş şəxsləri—çek investisiya fondunun müdiri ilə idarəetmə barəsində müqavilə bağlayan bütün investisiya fondları;
Çek investisiya fondunun investisiya bəyannaməsi—çek investisiya fondunun fəaliyyətinə qoyulan məhdudiyyətləri, investisiya fəaliyyətinin əsas məqsəd və istiqamətlərini, habelə nizamnamə kapitalının bu və ya digər qiymətli kağıza investisiya edilən hissəsinin həddini əks etdirən məlumat.
Çek investisiya fondunun depozitarı—çek investisiya fonduna müqavilə əsasında depozitar xidmətləri göstərən və bu çek investisiya fondunun afilə edilmiş şəxsi olmayan hüquqi şəxs;
Çek investisiya fondunun müdiri—çek investisiya fondunu idarə etmək fəaliyyəti üçün müəyyən edilmiş qaydada lisenziya almış və onunla idarəedilməyə dair müqavilə bağlanmış hüquqi və ya fiziki şəxs;
Çek investisiya fondunun müstəqil auditoru—çek investisiya fondunun afilə edilmiş şəxsi olmayan auditor.
2. Çek investisiya fondunun təsis edilməsi və dövlət qeydiyyatı
1. Çek investisiya fondunun təsis edilməsi və dövlət qeydiyyatı bu Əsasnamədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
2. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən çek investisiya fondunun təsisçisi kimi özəlləşdirmədə alıcı hüququna malik olan (özəlləşdirmə subyekti sayılan) hüquqi və fiziki şəxslər çıxış edə bilərlər.
3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun təsis edilməsi haqqında qərar təsisçilərin yığıncağı tərəfindən qəbul edilir.
4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun təsisçilərinin yığıncağı Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş “İxtisaslaşdırılmış çek investisiya fondunun Nümunəvi Nizamnaməsi” nəzərə alınmaqla hazırlanmış çek investisiya fondunun nizamnaməsini təsdiq edir, çek investisiya fondunun müvafiq idarəetmə orqanlarını seçir, çek investisiya fondunun idarə edilməsi barəsində fond müdiri və müstəqil auditorla bağlanacaq müqavilələrin və depozitar müqaviləsinin layihələrini təsdiq edir və bu müqavilələrin bağlanması üçün çek investisiya fondunun müvafiq vəzifəli şəxsinə səlahiyyət verir.
Çek investisiya fondunun idarə edilməsi barəsində fond müdiri ilə müqavilə bağlanarkən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Çek investisiya fondunun idarə edilməsi barəsində müqaviləyə dair tövsiyələr” nəzərə alınır.
Çek investisiya fondunun depozitarı ilə bağlanan müqavilədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Depozitar müqaviləsinin əsas müddəalarına dair tövsiyələr” nəzərə alınır.
5. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq çek investisiya fondu—qapalı tipli investisiya fondudur və onun səhmdarlardan öz səhmlərini almaq hüququ yoxdur. Çek investisiya fondunun səhmləri qiymətli kağızlar bazarında dövr edə bilər.
6. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq çek investisiya fondlarının səhmlərinin alqı-satqısına məhdudiyyət qoyulmur.
7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə səhmdar cəmiyyətinin nizamnaməsində göstərilməli olan müddəalarla yanaşı çek investisiya fondunun nizamnaməsində aşağıdakılar da öz əksini tapa bilər:
çek investisiya fondunun açıq tipli səhmdar cəmiyyəti formasında təsis olunması;
çek investisiya fondunun yalnız qapalı çek investisiya fondu formasında olması;
çek investisiya fondunun səhmlərinin eyni səs hüquqlu olması, eyni nominallı adi səhmi olması;
investisiya bəyannaməsi;
hər hansı xüsusi fondların yaradılmasına yol verilməməsi;
dividendlərin verilməsi qaydaları, müddətləri və verildiyi ünvan haqqında məlumatlar.
8. Çek investisiya fondunun adına mütləq “Çek investisiya fondu” sözləri daxil edilməlidir.
Bu Əsasnamə əsasında fəaliyyət göstərən çek investisiya fondlarından başqa heç bir hüquqi şəxsin öz adına “Çek investisiya fondu” və ya eyni mənanı verən digər sözlər daxil etmək hüququ yoxdur.
9. Aşağıdakılar çek investisiya fondunun təsisçisi, səhmdarı və müdiri ola bilməzlər:
nazirlik, komitə, idarə və digər dövlət orqanları;
ictimai birliklərin mülkiyyətində olan müəssisə;
sahələrarası dövlət birliyi, assosiasiya, konsern və müəssisələrin digər könüllü birliyi, həmçinin onların nəzarət etdiyi digər hüquqi şəxslər.
3. Çek investisiya fondunun nizamnamə kapitalı
1. Çek investisiya fondunun nizamnamə kapitalı fiziki və hüquqi şəxslərin özəlləşdirmə çekləri, pul vəsaitləri və qiymətli kağızları hesabına formalaşdırılır.
2. Çek investisiya fondunun nizamnamə kapitalı əlavə səhmlərin buraxılışı (emissiyası) və onların pul vəsaitlərinə satılması və özəlləşdirmə çeklərinə dəyişdirilməsi yolu ilə artırıla bilər.
3. Çek investisiya fondunun səhmləri pula satıldıqda və özəlləşdirmə çeklərinə dəyişdirildikdə, çek investisiya fondu tərəfindən müəyyən olunmuş səhmin qiyməti kütləvi informasiya vəsaitələri ilə mütləq işıqlandırılmalıdır.
4. Çek investisiya fondunun qiymətli kağızlarının saxlanılması və səhmdarların reyestri
1. Çek investisiya fondu depozitarla “Depozitar müqaviləsinin əsas müddəalarına dair tövsiyələr”ə müvafiq tərtib edilmiş depozitar müqaviləsi bağlayır.
2. Çek investisiya fondunun bütün qiymətli kağızları depozitarda saxlanılır.Qiymətli kağızlarla bütün əməliyyatlar yalnız depozitar vasitəsi ilə həyata keçirilir.
3. Depozitar çek investisiya fondunun kreditoru və zamanətçisi ola bilməz.
4. Depozitar, bağlanmış depozitar müqavilənin tələblərini (qiymətli kağızların alqı-satqısına və dəyişdirilməsinə qoyulan məhdudiyyətlər daxil olmaqla) nəzərə almaq şərti ilə çek investisiya fonduna məxsus qiymətli kağızlarla əməliyyatlar aparır və onlara nəzarət edir.
5. Çek investisiya fondunun səhmdarlarının reyestri normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada depozitar tərəfindən aparılır.
5. Çek investisiya fondunun fəaliyyətinin lisenziyalaşdırılması və qiymətli kağızların buraxılışının qeydiyyatı
1. Çek investisiya fondu öz fəaliyyətini (qiymətli kağızları buraxmaq və almaq-satmaq, bu sahədə öz fəaliyyətini reklam etmək və s.) yalnız müəyyən edilmiş qaydada lisenziya aldıqdan və səhmlərinin buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra həyata keçirə bilər.
Səhmlərin buraxılışının dövlət qeydiyyatı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Çek investisiya fondunun lisenziyası olmadan onun səhmlərinin buraxılışı dövlət qeydiyyatına alına bilməz.
2. Çek investisiya fondu lisenziya almaq üçün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
dövlət qeydiyyatını aparan orqan tərəfindən təsdiq edilmiş təcis sənədlərinin surətləri;
fondun dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
çek investisiya fondunun Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş Nümunəvi Emissiya Prospektinə müvafiq olaraq hazırlanmış emissiya prospekti;
çek investisiya fondunun rəhbər işçilərinə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlar üzrə peşəkar fəaliyyət ilə məşğul olmaq üçün verilmiş lisenziyanın və attestatın (attestatların) surəti;
fondun əvvəl buraxdığı səhmlər haqqında hesabat;
lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
depozitar müqaviləsinin əsas müddəaları və ixtisaslaşdırılmış çek investisiya fondunun idarə edilməsinə dair fondla müdirin nümunəvi müqaviləsi barədə normativ-hüquqi aktlara uyğun olaraq tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş depozitar müqaviləsinin və çek investisiya fondunun idarə olunması barəsində fond müdiri ilə bağlanmış müqavilənin surəti;
çek investisiya fondu müdirinin çek investisiya fondunun idarə edilməsi üçün aldığı və notarial qaydada təsdiq edilmiş lisenziyanın surəti;
müstəqil auditor ilə bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilənin surəti.
Çek investisiya fondu tərəfindən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim olunmuş ərizədə çek investisiya fondunun tam və qısaldılmış adı, hüquqi ünvanı, poçt indeksi, fondun vəzifəli şəxsləri, müşahidə şurasının üzvləri, fondun müdiri, ona xidmət edən depozitar, fndun afilə edilmiş şəxsləri və müstəqil auditoru, hesablaşma hesabı və bankın adı haqqında məlumatlar göstərilməlidir.
3. Çek investisiya fondunun təsis sənədlərində və emissiya prospektində özəlləşdirmə çeklərindən istifadə qaydaları haqqında zəruri məlumatlar göstərilməlidir.
4. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən lisenziya verilməsi haqqında qərar bunun üçün ərizə və bu Əsasnamədə nəzərdə tutulmuş sənədlər təqdim edildikdən sonra 15 gün müddətində çıxarılır.
Təqdim olunmuş sənədlərdə normativ-hüquqi aktların və bu Əsasnamənin tələblərinə uyğun gəlməyən hallar aşkar edildikdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi çek investisiya fondunu bu barədə xəbərdar edir, həmin uyğunsuzluqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 (beş) gün müddətində onlara baxılıb müvafiq qərar çıxarılır.
5. Lisenziya verilməsindən yalnız “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən hallarda imtina edilə bilər və bu imtinadan qanunvericiliyə uyğun olaraq məhkəməyə şikayət verilə bilər.
6. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi çek investisiya fonduna Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarlıq növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə”də nəzərdə tutulmuş tələblərə uyğun olaraq lisenziya verir.
7. Çek investisiya fonduna verilən lisenziyanın fəaliyyətinin dayandırılması və ya onun ləğv edilməsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarlıq növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə”də nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8. Çek investisiya fonduna dövlət qeydiyyat orqanı tərəfindən verilən kod və investisiya fondunun səhmlərin buraxılışının qeydiyyat tarixi çek investisiya fondunun lisenziyasında və səhmdarların reyestrində öz əksini mütləq tapmalıdır.
9. Çek investisiya fondunun səhm buraxılışı qeydiyyata alındıqdan sonra səhm satışının başlanması müddəti, alıcıların emissiya prospekti ilə tanış olması üçün ayrılan yerin ünvanı, telefonu və səhm satışının keçirildiyi günü, vaxtı və yeri, satıcının tam adı və telefonu göstərilməklə informasiya vasitələri ilə məlumat verməlidir.
6. Çek investisiya fondunun fəaliyyətinə qoyulan məhdudiyyətlər
1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondu öz səhmlərini yalnız özəlləşdirmə çeklərinə dəyişdirə və ya pula sata bilər.
2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun aşağıdakı əməliyyatları aparmaq hüququ yoxdur:
qiymətli kağızlara investisiyalardan başqa, digər növ investisiya fəaliyyətini həyata keçirmək;
çek investisiya fondunun afilə edilmiş qrupu tərəfindən istənilən səhmdar cəmiyyətinin səsvermə hüququ olan səhmlərinin 25 faizindən çoxunu əldə etmək;
bir emitentin qiymətli kağızların 25 faizindən çoxunu almaq və öz aktivlərində saxlamaq;
xalis aktivlərinin 10 faizindən çoxunu bir emitentin qiymətli kağızlarına yönəltmək;
çek investisiya fondunun afilə edilmiş şəxslərinin qiymətli kağızlarına sərmayə qoymaq;
borc vasitələri cəlb etmək;
hər hansı növ təminat vermək, girov əqdləri bağlamaq;
təşkilati-hüquqi forması tam məsuliyyət nəzərdə tutan müəssisələrin qiymətli kağızlarına sərmayə qoymaq;
fondun təsisçiləri, müdiri, depozitarı, müstəqil auditoru və səhmlərinin 5 faizinə və ondan çoxuna malik olan səhmdarları, habelə bu şəxslərin nəzarəti altında olan vəya onlara nəzarət edən müəssisələr tərəfindən buraxılan səhmlərə sərmayə qoymaq;
özəlləşdirilən müəssisələrin və ya onların səhmlərinin (hissələrinin, paylarının) satışı zamanı satıcı, nümayəndə və vasitəçi kimi fəaliyyət göstərmək;
fondun afilə edilmiş şəxsləri ilə qiymətli kağızlar və digər əmlak alqı-satqısı aparmaq;
fondun vəsaitlərindən borc öhdəlikləri üçün istifadə etmək;
borc öhdəlikləri buraxmaq;
Azərbaycan Respublikasında buraxılan özəlləşdirmə çeklərinin 5 faizindən çoxunu almaq və öz aktivində saxlamaq;
digər investisiya fondlarının səhmlərini almaq və öz aktivlərində saxlamaq;
dövlət qeydiyyatına alınmayan və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən müəssisələrə sərmayə qoymaq;
investisiya fəaliyyəti ilə əlaqədar olmayan əqdlər bağlamaq, habelə hər cür fyuçers kontraktları və opsionlar əldə etmək (dövlət özəlləşdirmə opsionları nəzərdə tutulmur).
3. Çek investisiya fondu, yaxud fondun müdiri səhmlərin qiymətinin artırılmasına, geri alınmasına təminat verə bilməz, habelə səhmdarların gəlirlərinə dair zəmanət verə bilməz.
4. Çek investisiya fondu özəlləşdirmə çeklərinə dair bağladığı bütün əqdləri bağlandığı andan beş il ərzində özündə saxlamalı və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə vəkil edilmiş nümayəndəsinin birinci tələbi ilə təqdim etməlidir.
7. Çek investisiya fondunun idarə edilməsi və nəzarət
1. Çek investisiya fondunun idarə edilməsi və onun fəaliyyəti bu Əsasnamə ilə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səhmdar cəmiyyəti üçün müəyyən olunmuş qaydada həyata keçirilir.
2. “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununda səhmdarların ümumi yığıncağının müəyyən olunmuş müstəsna səlahiyyətləri müddəalarına uyğun olaraq (fondun xüsusiyyətləri nəzərə alınmaqla) çek investisiya fondunun investisiya bəyannaməsini, depozitar müqaviləsini və çek investisiya fondunun müdiri ilə bağlanan idarəetmə müqaviləsini, o cümlədən fondun müdirinə və depozitara verilən mükafatın məbləğinin müəyyən edilməsi qaydalarını, habelə onlara əlavələr və dəyişikliklər edilməsini fondun səhmdarlarının ümumi yığıncağı təsdiq edə bilər.
3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səhmdarların ümumi yığıncağında qanunla müəyyən olunmuş yetərsay təmin olunmadıqda onun vaxtı 15 təqvim günü təxirə salına bilər.
4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq depozitarın tələbi ilə onun nümayəndəsi müşahidə şurasının iclaslarına buraxılır.
5. Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq investisiyaların idarə edilməsi və qiymətli kağızlar portfelinin formalaşdırılması sahəsində çek investisiya fondunun cari fəaliyyətinə rəhbərlik çek investisiya fondu ilə idarəetməyə dair bağlanmış müqavilə əsasında çek investisiya fondunun müdiri tərəfindən həyata keçirilir.
6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun müdiri və onun afilə edilmiş şəxsi, yaxud müstəqil auditoru müşahidə şurasında çoxluq təşkil edə bilməzlər.
7. Çek investisiya fondu müdirinin öz fəaliyyətini həyata keçirməsi üçün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə verdiyi müvafiq lisenziyası olmalıdır. Çek investisiya fondu müdirinin fəaliyyətinin lisenziyalaşdırılması qaydalarını Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi müəyyən edir.
8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun investisiya bəyannaməsinin tələbi çek investisiya fondu müdiri tərəfindən icra edilməlidir. Çek investisiya fondu müdirinin fəaliyyətinə çek investisiya fondunun müşahidə şurası, depozitarı və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən nəzarət edilir.
9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun müdiri və vəzifəli şəxsləri, habelə depozitarın vəzifəli şəxsləri:
müsahibə şurasının icazəsi olmadan nizamnamə kapitalında çek investisiya fondunun payı olan müəssisənin qiymətli kağızları ilə həyata keçirilən əqdlərlə bağlı hər hansı üçüncü şəxsə məsləhət verə bilməzlər;
nizamnamə kapitalında çek investisiya fondunun payı olan müəssisələrlə hər hansı müqavilə bağlayarkən çek investisiya fondunun müşahidə şurasının razılığını almalıdırlar;
özlərinin iqtisadi maraqları olan müəssisə və ya başqa hüquqi şəxslərlə əqdlər bağlayarkən çek investisiya fondunun müşahidə şurasının razılığını almalıdırlar;
çek investisiya fondundan alınan məlumatların məxfi saxlanılmasını təmin etməlidirlər.
10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun müdirinə verilən illik mükafatın maksimum məbləği çek investisiya fondunun xalis aktivlərinin orta illik dəyərinin 10%-dən çox olmalıdır. Çek investisiya fondunun xalis aktivlərinin orta illik dəyəri il ərzində hər ayın axırına çek investisiya fondunun xalis balans aktivlərinin cəmini on ikiyə bölməklə hesablanır. Çek investisiya fondu müdirinin bütün xərcləri (işçilərin əmək haqqı və ezamiyyə xərcləri, yerləşdiyi binanın icarə haqqı, əmlak alınması və s.) onun üçün müəyyən edilmiş vəsait hesabına ödənilir.
11. Çek investisiya fondu müdirinin təqsiri üzündən çek investisiya fonduna və səhmdarlara dəyən zərərə görə, o, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
12. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun fəaliyyətini, onun müdirinin və depozitarının illik hesabatlarını və sənədlərini yoxlamaq üçün müstəqil auditor təyin edilir. Hər il müstəqil auditor məcburi qaydada bu yoxlamanı həyata keçirməlidir.
8. Çek investisiya fondunun xalis aktivlərinin qiymətləndirilməsi və gəlirin bölüşdürülməsi
1. Çek investisiya fondunun xalis aktivlərinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilən “İnvestisiya institutlarının xalis aktivlərinin qiymətləndirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq həyata keçirilir.
2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun gəlirləri səhmlər üzrə dividendlər fonda məxsus qiymətli kağızlardan əldə edilən faiz məbləğləri, qiymətli kağızlarla və özəlləşdirmə çekləri ilə aparılan əməliyyatlardan daxil olan vəsaitlər hesabına formalaşır.
3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun xalis gəlirinin bir hissəsi dividendlərin verilməsinə qədər səhmdarların ümumi yığıncağının qərarı ilə fondun nizamnaməsində və investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada nizamnamə kapitalının artırılmasına yönəldilə bilər.
Normativ-hüquqi aktlara müvafiq olaraq çek investisiya fondunun vergilərin və digər ödənişlərin ödənilməsindən, habelə çek investisiya fondunun müdirinin mükafatının ödənilməsindən sonra qalan gəliri və kapitalın artırılmasına yönəldilməyən hissəsi onun səhmdarları arasında dividend kimi bölüşdürülür.
4. Dividendlərin ödənilməsi şərtləri, qaydaları və dövriliyi çek investisiya fondunun nizamnaməsi ilə müəyyən edilir.
1. Çek investisiya fondu illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və təsisçiyə (təsisçilərə) təqdim etməli, habelə dövri mətbu nəşrdə və fondun internet səhifəsində (varsa) dərc etdirməlidir.
2. İllik maliyyə hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilməli, uçot siyasəti və izahlı qeydlərdə isə əlavə olaraq aşağıdakılar əks etdirilməlidir:
fondun investisiyalarının siyahısı və onun açıqlaması (səhmlərin sayı, növü və hesabat tarixinə bazar qiyməti);
hesabat dövrü ərzində ödənilmiş dividendlər;
hesabat dövrünün son gününə fondun xalis aktivlərinin məbləği, buraxılan səhmlərin sayı, bir səhmin nominal və cari bazar qiymətinə dair arayışı;
hesabat dövrü ərzində fond müdirinin və depozitarın xidmətlərinin ödəniş həcmi;
hesabat tarixinə istifadə olunmamış özəlləşdirmə çekləri haqqında arayışı;
çek investisiya fondunun müşahidə şurası üzvlərinin müdirin və depozitarın afilə edilmiş şəxslərinin tərkibində dəyişikliklər haqqında məlumatları.
3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondunun illik maliyyə hesabatı müstəqil auditor tərəfindən təsdiq edilir.
4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maliyyə ili bitdikdən sonra ən geci 90 gün ərzində çek investisiya fondunun səhmlərinin 10%-dən çoxuna malik olan səhmdarların tələbi ilə onlara illik hesabat, bağlanmış əqdlər və bütün ödənişlərlə tanış olmaq imkanı yaradılmalıdır.
5. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondu Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə fondun müdiri, depozitarı, müstəqil auditoru, müşahidə şurasının bütün üzvləri haqqında məlumat təqdim edir.
6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondu investorlara (səhmdarlara) yızılı şəkildə və ya reklam yolu ilə gəlir və səhmləri geri almaq barəsində zəmanət verə bilməz.
7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq çek investisiya fondu onun aktivlərinin dəyəri, o cümlədən istifadə olunmamış özəlləşdirmə çeklərinin sayı haqqında müstəqil auditor tərəfindən təsdiq olunmuş məlumatları hər rüb dərc etdirməlidir.
8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq auditor yoxlaması barədə akt çek investisiya fondunun illik fəaliyyəti haqqında hesabatın ayrılmaz hissəsidir.
10. Çek investisiya fondunun ləğvi və yenidən təşkili
1. Çek investisiya fondunun ləğvi və yenidən təşkil edilməsi Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
2. Çek investisiya fondları ilə fiziki və hüquqi şəxslər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən baxılır.
26 iyul 1999-cu il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 423)
23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844)
3. 27 may 2005-ci il tarixli 238 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 121)
4. 5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163)
5. 22 dekabr 2014-cü il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №12, maddə 1580)