Qanunvericilik › “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.08.2015) › Tam mətn

“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.08.2015)

“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 14.08.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 14 avqust 2015-ci il

1.1. “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası” (bundan sonra – Qayda) “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (bundan sonra – cəbhəboyu zona) akkreditasiyası, o cümlədən media nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir.

1.2. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər.

1.3. Dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradılır.

1.4. Media subyektinin idarəetmə orqanının rəhbərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığı müraciətdə adları göstərilən jurnalistlər akkreditə edilirlər.

2.1. Nümayəndələrinin akkreditə olunması üçün müraciət edən media subyekti aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edir:

2.1.1. yerli media subyekti:

2.1.1.1. Media subyektinin idarəetmə orqanının rəhbərinin rəsmi müraciətini (müraciət rəsmi möhürlə möhürlənməlidir);

2.1.1.2. təsisçi haqqında məlumatı;

2.1.1.3. akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını;

2.1.1.4. akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3x4);

2.1.1.5. akkreditə olunacaq əməkdaşların şəxsiyyət vəsiqələrinin və jurnalist vəsiqələrinin (jurnalist olmayan əməkdaşların xidməti vəsiqələrinin) surətini;

2.1.1.6. Media subyektinin ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı, rəhbərlərinin telefon nömrələri haqqında məlumatı;

2.1.2. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan xarici media subyekti:

2.1.2.1. daimi nümayəndəliyin rəhbərinin rəsmi müraciətini;

2.1.2.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını;

2.1.2.3. akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surətini;

2.1.2.4. akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3x4);

2.1.2.5. akkreditə üçün doldurulmuş anket formasını (1 nömrəli əlavə);

2.1.3. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici media subyektlərinin nümayəndələri:

2.1.3.1. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan media subyektinin rəhbərinin rəsmi müraciətini;

2.1.3.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını;

2.1.3.3. akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surəti;

2.1.3.4. akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3x4);

2.1.3.5. akkreditə üçün doldurulmuş anket formasını (1 nömrəli əlavə).

2.2. Akkreditə olunma üçün bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar media subyektindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi media subyektinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya media subyekti tərəfindən təmin edilir.

3.1. Media subyektlərinin Media Reyestrinə daxil edilmiş jurnalistləri, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici media subyektlərinin nümayəndələri akkreditə olunurlar.

3.2. Akkreditasiyanın müddəti 1 (bir) ildir.

3.3. Media subyektlərinin əməkdaşları aşağıda göstərilən sayda akkreditə oluna bilərlər:

3.3.1. televiziya - 2 çəkiliş qrupu (jurnalist, operator və texniki işçi);

3.3.2. radio - 2 jurnalist;

3.3.3. informasiya agentliyi - 2 jurnalist və 2 fotoqraf;

3.3.4. çap mediası subyekti - 2 jurnalist və 2 fotoqraf;

3.3.5. onlayn media subyekti - 1 jurnalist;

3.3.6. digər yayım formaları - 1 jurnalist.

3.4. Akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 (on beş) gündən artıq olmamaq şərtilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən, xarici media subyektlərinin nümayəndələrinə münasibətdə həmçinin Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir.

3.5. Akkreditə olunmuş jurnalistlərə akkreditə kartları verilir (2 nömrəli əlavə).

3.6. Akkreditə edildikdən və akkreditə kartı alındıqdan sonra müvafiq məlumatlarda hər hansı dəyişiklik olarsa, bu barədə 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məlumat verilir.

3.7. Akkreditasiya hər ilin dekabr ayında həyata keçirilir. Media subyektinin müraciətinə əsasən, akkreditəolunma ilin digər vaxtlarında da keçirilə bilər.

3.8. Akkreditə kartları verilmiş Media subyektlərinin nümayəndələrinin qeydiyyatı müəyyənləşdirilmiş forma üzrə aparılır (3 nömrəli əlavə).

4.1. Aşağıdakı hallar akkreditədən imtina edilməsi üçün əsasdır:

4.1.1. dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, kütləvi iğtişaşlara çağırışlar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə), milli, dini, dil, irqi, sosial ədalətsizliyi, yaxud dözülməzliyi təbliğ etdikdə;

4.1.2. mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, habelə akkreditə edən təşkilatın işgüzar nüfuzunu ləkələyən, yaxud onun haqqında yalan və qərəzli yazılar, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yaydıqda və bu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edildikdə;

4.1.3. Media subyekti məhkəmənin qərarı ilə qərəzli yazılara görə son 1 (bir) il məsuliyyətə cəlb olunduqda;

4.1.4. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini yerinə yetirmədikdə;

4.1.5. əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə;

4.1.6. kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə son 1 (bir) il müddətində inzibati məsuliyyətə cəlb edildikdə;

4.1.7. Media subyektinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanunazidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə.

4.2. Media subyektlərinin nümayəndələrinin akkreditəsi aşağıdakı hallarda ləğv olunur:

4.2.1. bu Qaydanın 4.1-ci bəndində göstərilən hallara (hala) yol verdikdə;

4.2.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərini pozduqda;

4.2.3. nümayəndənin akkreditə edilmiş media subyekti ilə olan əmək münasibətlərinə xitam verildikdə;

4.2.4. Media subyektinin fəaliyyəti dayandırıldıqda və ya xitam verildikdə.

4.3. Akkreditə edən təşkilat akkreditəni ləğv etmədən akkreditə edilmiş nümayəndənin digər şəxslə əvəz olunmasını tələb edə bilər.

4.4. Media subyektinin idarəetmə orqanının rəhbərinə yazılı məktub göndərilməklə akkreditə ləğv olunur.

4.5. Bu Qaydanın 2-ci hissəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə çatışmazlıqlar olduqda onların aradan qaldırılması (bu Qaydanın 2.2-ci bəndinin tələbləri nəzərə alınmaqla) üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 7 (yeddi) gün müddətində təyin edilir. Təyin olunmuş müddət ərzində müvafiq sənədlər təqdim edilmədikdə və ya çatışmazlıqlar aradan qaldırılmadıqda akkreditədən imtina edilir.

5.1. Akkreditə edilmiş Media subyektlərinin nümayəndələrinin cəbhəboyu zonaya ezam edilməsi üçün müvafiq media subyektinin idarəetmə orqanının rəhbəri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə hər ezamiyyət üçün ayrıca yazılı müraciət edir. Müraciətlərə 5 (beş) gün müddətində baxılır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərini öz təşəbbüsü ilə də təşkil edə bilər.

5.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən media subyektinin nümayəndəsinin ezam olunmasına icazə verilməsi barədə qərar qəbul edildikdən sonra media subyekti ilə səfərin tarixi, mövzusu, ezam olunacaq nümayəndənin soyadı, adı və atasının adı, əlaqə telefonları və digər məlumatlar bir daha dəqiqləşdirilir.

5.3. Media subyektinin nümayəndəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin akkreditə kartı və icazə məktubu əsasında cəbhəboyu zonaya buraxılır.

5.4. Media subyektlərinin nümayəndələri hərbi hissənin səlahiyyətli şəxsinin müşayiəti ilə hərbi hissə komandiri (rəis) tərəfindən qəbul edilir. Komandir (rəis) komanda üzrə aidiyyəti olan şəxsləri məlumatlandırıb onların jurnalistlərlə görüşünü təşkil edir və foto-video çəkilişlərinin aparılması üçün lazımi şəraitin yaradılması ilə əlaqədar tapşırıqlar verir.

5.5. Komandir (rəis) çəkilişlər zamanı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi, dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər həssas informasiyanın yayılmasının yolverilməzliyini media subyektlərinin nümayəndələrinin diqqətinə çatdırır.

5.6. Hərbi obyektdə olarkən media subyektinin nümayəndəsini müşayiət edən səlahiyyətli şəxs çəkilişlər zamanı media subyektinin nümayəndəsi tərəfindən bu Qaydanın 5.5-ci bəndinin tələblərinə və məxfilik rejiminə riayət olunmasına nəzarət edir.

5.7. Bu Qaydanın 5.5-ci bəndinin tələblərini pozan media subyektlərinin nümayəndələrinin xidməti ezamiyyətləri dayandırılır, onların cəbhəboyu zonanı tərk etməsi təşkil olunur və akkreditəsi ləğv edilir.

MÜRACİƏT EDƏN XARİCİ MEDİA SUBYEKTİNİN NÜMAYƏNDƏSİ:

REPRESENTATIVES OF FOREIGN MEDIA:

2. DOĞULDUĞU YER VƏ TARİX

Place & date of birth:

4. ŞƏXSİYYƏT VƏSİQƏSİNİN / PASPORTUN NÖMRƏSİ VƏ TARİXİ

Number & date of ID card/passport:

7. AZƏRBAYCANDAKI ÜNVAN

Address in Azerbaijan:

8. MEDİA SUBYEKTİNDƏ VƏZİFƏSİ

9. VARSA, AKKREDİTƏ KARTININ NÖMRƏSİ

Number of previous accreditation card:

10. BİLDİYİ XARİCİ DİL

11. ƏLAQƏ TELEFONLARI

Contact telephone numbers:

13. AZƏRBAYCANDA BAŞQA

Another business in Azerbaijan:

Network of broadcast:

Language of publication:

6. TİRAJI / Circulation:

8. E-MAİL ÜNVANI/E-mail address:

* Kartlar qalın kağızdan hazırlanır və laminasiya edilir.

AKKREDİTƏ KARTININ NÖMRƏSİ

SOYADI, ADI, ATASININ ADI

MEDİA SUBYEKTİNİN NÖVÜ

DOĞULDUĞU YER VƏ TARİX

QEYDİYYATDA OLDUĞU ÜNVAN

ŞƏXSİYYƏT VƏSİQƏSİNİN (PASPORTUN) NÖMRƏSİ

ŞƏXSİYYƏT VƏSİQƏSİ (PASPORT) KİM TƏRƏFİNDƏN VERİLİB VƏ TARİX

KİM TƏRƏFİNDƏN VERİLİB VƏ TARİX

1. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

2. 26 fevral 2024-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 fevral 2024-cü il, “Xalq” qəzeti, 1 mart 2024-cü il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 237)

3. 29 iyul 2024-cü il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2024-cü il, “Xalq” qəzeti, 2 avqust 2024-cü il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 925)

4. 29 aprel 2025-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 aprel 2025-ci il, “Xalq” qəzeti, 3 may 2025-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, II kitab, maddə 429)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver