Qanunvericilik › Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.04.2000) › Tam mətn

Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.04.2000)

Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.04.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması Qaydasının təsdiq edilməsi haqqında

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 149 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

Bakı şəhəri, 17 aprel 2000-ci il

1. Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılmasını tənzimləyən sənəddir.

1-1. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

2. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramına uyğun olaraq kənd rayonlarında məskunlaşmış məcburi köçkünlərə müvəqqəti istifadə və icarə məqsədi ilə dövlət torpaqları hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada sahələr ayrılır.

3. Məcburi köçkünlərə müvəqqəti istifadəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə və ərizə ilə müraciət edirlər. Ərizədə ayrılacaq torpaq sahəsinin yeri, növü, həcmi və istifadə məqsədi göstərilməlidir.

4. Yerli icra hakimiyyətləri 7 gün müddətində həmin ərizəni tələb edilən sahənin ayrılmasının mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin hazırlanması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) yerli bölməsinə göndərirlər.

5. Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölməsi 10 gün müddətində ərizədə göstərilmiş torpaq sahəsinə baxış keçirir və dövlət torpaq kadastrının məlumatları əsasında tələb edilən sahənin digər hüquqi və fiziki şəxslərin istifadəsinə verilmədiyi halda həmin torpağın 1:10000 və ya 1:25000 miqyasında xəritəsini hazırlayır (tələb edilən sahə şəhər və qəsəbələrin hüdudlarında yerləşdiyi halda memarlıq xidmətinin rəyini almaqla) və öz rəyi ilə birlikdə müvafiq icra hakimiyyətinə qaytarır.

6. Yerli icra hakimiyyətləri 10 gün müddətində Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölməsindən daxil olan sənədlərə baxır, kənd təsərrüfatı məhsulları istehsal etmək üçün məcburi köçkünlərə müvəqqəti istifadəyə torpaq sahəsi ayrılması barədə (yerli şəraiti, torpaq ehtiyatının miqdarını, əhalinin sıxlığını nəzərə almaqla) müvafiq qərar qəbul edirlər.

7. Yerli icra hakimiyyətləri məcburi köçkünlərə müvəqqəti istifadəyə torpaq sahəsi ayrılması barədə qərarı və ayrılan sahənin planını (ölçüsünü) hazırlamaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərirlər.

8. Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti bu Qaydanın 7-ci hissəsində qeyd olunan sənədləri 10 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına torpaq sahəsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin hazırlanması və məcburi köçkünlərə təqdim edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq yerli bölməsinə göndərir.

Müvəqqəti məskunlaşmış məcburi köçkünlərə və icarəyə bələdiyyələr tərəfindən onların mülkiyyətində olan torpaqların ayrılması bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarına uyğun həyata keçirilir.

9. Məcburi köçkünlər torpaq sahələrindən istifadə edərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada güzəşt və imtiyazlar şamil edilir.

10. Məcburi köçkünlərə müvəqqəti istifadə üçün ayrılmış torpaq sahələrində əsaslı tikinti işlərinin aparılmasına, habelə təyinatdan kənar istifadə hallarına yol verilmir.

11. Şəhər və rayon mərkəzlərində məskunlaşmış məcburi köçkünlərə torpaq sahələri qanunvericiliyə uyğun olaraq müvafiq rayonların ərazisindən növbəlilik əsasında verilir.

1. 8 iyul 2002-ci il tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 07, maddə 445)

2. 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994)

3. 17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 152)

4. 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1418)

5. 28 fevral 2019-cu il tarixli 67 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 363)

6. 19 noyabr 2021-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-cu il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1284)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver