11.1. Kənd təsərrüfatı kooperasiyası sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
11.1.1. kooperativlərin yaradılması və inkişafı üçün əlverişli şərait yaratmaq;
11.1.2. kooperativlərin və onların üzvlərinin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinin və inkişafının dəstəklənməsini, onların fəaliyyətinin effektivliyinin artırılmasını, kooperativlərin təsərrüfat fəaliyyətinin və təşəbbüsünün məhdudlaşdırılmasının qarşısının alınmasını, habelə mallar, işlər və xidmətlər bazarında onların sərbəst və bərabər iştirakını təmin etmək;
11.1.3. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışı, maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya infrastrukturlarının formalaşmasına təkan vermək;
11.1.4. kənd təsərrüfatı kooperasiyası sahəsində normativ hüquqi aktlar qəbul etmək;
11.1.5. kənd təsərrüfatı kooperasiyasının inkişafı üzrə dövlət proqramını qəbul etmək;
11.1.6. kənd təsərrüfatı kooperasiyası üzrə orta ixtisas və ali təhsilli mütəxəssislərin hazırlanmasını, təkrar hazırlıq kurslarının keçirilməsini təşkil etmək, bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsini təmin etmək;
11.1.7. kooperativ üzvlərinin və digər kənd təsərrüfatı məhsulları istehsalçılarının, habelə aidiyyəti dövlət və bələdiyyə orqanlarının, müəssisə və təşkilatların işçilərinin maarifləndirilməsi üçün yerlərdə informasiya-məsləhət xidmətləri göstərmək;
11.1.8. kooperativlər və onların üzvləri arasında müqavilələrin bağlanması və icrası qaydalarına və kooperativlərdə uçot və hesabatın aparılmasına dair metodiki tövsiyələr, müqavilələrin və müxtəlif növ kooperativlərin nizamnamələrinin nümunəvi formalarına və kənd təsərrüfatı kooperasiyası sahəsində başqa məsələlərə dair tövsiyə xarakterli sənədlər hazırlamaq;
11.1.9. dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və qida məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək;
11.1.10. şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri və onların ittifaqları arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə əməkdaşlığın genişlənməsini təmin etmək;
11.1.11. kooperativlərə kooperativ bazarlar və digər satış şəbəkələrinin təşkili üçün torpaq sahələri ayırmaq, istifadəsiz və səmərəsiz istifadə olunan binaları və ya onların bir hissəsini icarəyə və ya istifadəyə vermək;
11.1.12. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kooperativlərin inkişaf və fəaliyyət göstəricilərinin statistik məlumat sisteminin işlənib hazırlanmasını təşkil etmək.
11.2. Bu Qanunun 11.1.5-ci maddəsində nəzərdə tutulmuş dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır.