4.1. Kooperativə üzvlük könüllüdür və onun nizamnaməsi ilə müəyyən olunmuş öhdəlikləri qəbul edən hər kəs üçün açıqdır.
4.2. Kooperativ demokratik əsaslarla idarə olunur və onun fəaliyyətinə üzvləri nəzarət edir. Kooperativ üzvlərinin hər biri eyni səs hüququna (bir üzv - bir səs) malikdir.
4.3. Kooperativ üzvləri onun iqtisadi fəaliyyətində, pay fondunun və kapitalının formalaşmasında, gəlirlərin bölünməsində eyni əsaslarla iştirak edirlər.
4.4. Kooperativlər sərbəst və müstəqil fəaliyyət göstərirlər, onlar kooperativin inkişafı və iştirakçılarının mənafeyi naminə dövlət, bələdiyyə, özəl və qeyri-hökumət təşkilatları ilə müxtəlif əqdlər bağlaya bilərlər.
4.5. Kooperativin səmərəli inkişafını təmin etmək məqsədi ilə kooperativlər öz üzvlərinin və işçilərinin təhsil almasına, təlimlər keçməsinə imkan yaradır, onların sosial müdafiəsinə köməklik və qayğı göstərirlər.
4.6. Kooperativ üzvlərinin kooperativin fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulan qaydada məlumatlar almaq hüququ vardır. Kooperativlər fəaliyyətləri barədə dövri olaraq öz üzvlərini məlumatlandırırlar.
4.7. Kooperativlər onların səmərəli inkişafı, üzvlərinin mənafeyi naminə bir biri ilə, habelə müxtəlif səviyyəli kooperativ ittifaqlarında geniş əməkdaşlıq işləri aparırlar.
4.8. Kooperativlər təsisçilərinin vəsaiti hesabına yaradılır, fəaliyyətlərini öz xərcini ödəmə və özünü maliyyələşdirmə prinsipləri əsasında qururlar.
4.9. Kooperativin yaradılması, kooperativə üzvlük, üzvlərin hüquq və vəzifələri, kooperativin əmlakı, üzvlərin pay haqları və kooperativin pay fondu, kooperativin mənfəəti və onun bölüşdürülməsi, kooperativin və onun üzvlərinin əmlak məsuliyyəti, kooperativdə idarəetmə, üzvlüyə xitam verilməsi və payın keçməsi, kooperativin yenidən təşkili və ləğvi, habelə kooperativin fəaliyyəti ilə bağlı bu Qanunda nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və kooperativin nizamnaməsi ilə tənzimlənir.