Qanunvericilik › Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. İstehlak kooperativləri

Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. İstehlak kooperativləri aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:

7.1.1. emal kooperativləri – kənd təsərrüfatı məhsullarının emalı;

7.1.2. tədarük və satış (ticarət) kooperativləri – kənd təsərrüfatı məhsullarının tədarükü, topdan və pərakəndə satışı, həmçinin bu məhsulların saxlanması, çeşidləşdirilməsi, qurudulması, yuyulması, çəkilib bükülməsi, qablaşdırılması və daşınması, satış bazarının öyrənilməsi, məhsulun reklamı;

7.1.3. xidmət kooperativləri – aqroservis, baytarlıq və damazlıq, mexanikləşdirmə, elektrikləşdirmə, meliorasiya, nəqliyyat, təmir, tikinti, ekoloji bərpa işləri, telefonlaşdırma, sanatoriya-kurort, tibb, məsləhət, audit xidmətlərinin (işlərinin) həyata keçirilməsi;

7.1.4. təchizat kooperativləri – istehsal vasitələrinin, gübrələrin, yem məhsullarının, neft məhsullarının, avadanlıqların, ehtiyat hissələrinin, pestisidlərin, aqrokimyəvi maddələrin və kənd təsərrüfatı məhsulları istehsalı üçün lazım olan digər vasitələrin alınması, gətirilməsi və satışı;

7.1.5. kredit kooperativləri – kooperativ üzvlərinin sərbəst pul vəsaitlərinin birləşdirilməsi və öz üzvlərinə kredit verilməsi;

7.1.6. sığorta kooperativləri – kənd təsərrüfatı məhsulları istehsalçılarının şəxsi və tibbi sığorta xidmətlərinin, bitkilərin və heyvanların, əkinlərin və digər əmlakın sığortalanmasının həyata keçirilməsi.

7.2. Kredit və sığorta istehlak kooperativlərinin yaradılması və fəaliyyəti müvafiq qanunlarla tənzimlənir.

7.3. İstehlak kooperativləri bu Qanunun 7.1-ci maddəsində göstərilən fəaliyyət növlərinin birini və ya bir neçəsini yerinə yetirə bilərlər.

7.4. İstehlak kooperativləri beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxs tərəfindən yaradılır.

7.5. İstehlak kooperativinin üzvləri bu kooperativdə öz əməyi ilə deyil, kooperativin təsərrüfat fəaliyyətində iştirakı ilə təmsil olunurlar.

7.6. İstehlak kooperativlərinin yerinə yetirdikləri işlərin (xidmətlərin) həcminin pul ifadəsində ən azı 70 faizi kooperativ üzvləri üçün həyata keçirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver