Qanunvericilik › Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir.

14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar.

14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər.

14.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdan çıxarılır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.

14.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xidməti vəsiqə verilir.

14.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququna malikdirlər.

14.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları dövlət və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatların xidməti otaqlarına və ərazilərinə onların rəhbərlərini qabaqcadan xəbərdar etməklə daxil olmaq hüququna malikdirlər.

14.8. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu subyektlərdə həqiqi hərbi xidmətdən buraxılaraq öz ehtiyatlarına keçirilmiş hərbi vəzifəlilər, habelə öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar təşkil edirlər.

14.9. Bu qanunun 14.8-ci maddəsində göstərilmiş şəxslər Azərbaycan Respublikası kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi qeydiyyata alınırlar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada toplanış keçirlər.

14.10. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının peşə hazırlığının artırılması və kadrların hazırlanması məqsədi ilə tədris müəssisələri yaradılır.

14.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver