Qanunvericilik › Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin informasiya təminatı

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Öz fəaliyyətini təmin etmək məqsədi ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri informasiya, rabitə sistemləri, habelə kriptoqrafik və digər məlumat müdafiə sistemləri yarada və onlardan istifadə edə bilər. İnformasiyanı mühafizə vasitələrinin yaradılması, istehsalı, təmiri, idxalı, ixracı, satışı, istifadəsi, bu sahədə xidmətlər göstərilməsi, eləcə də onların yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

17.2. Xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının kəşfiyyat və digər fəaliyyətləri haqqında məlumatların, habelə ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının təhlükəsizliyinə zərər vurmağa yönəlmiş hüquqazidd əməlləri barədə məlumatların uçotu, saxlanılması və istifadə olunması qaydaları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin normativ hüquqi aktları ilə müəyyən edilir.

17.3. İnformasiya sistemlərində fiziki və hüquqi şəxslər barədə məlumatların olması kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə göstərilən şəxslərin hüquq və azadlıqlarını məhdudlaşdırmaq üçün tədbirlər görməyə əsas vermir.

17.4. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən rabitə müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün şərait yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə uyğun rabitə şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludurlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver