Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyul tarixli 156 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 yanvar 2025-ci il
Bu Qaydalar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq hazırlanmışdır və kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin (bundan sonra – parklanma yerləri) müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə edilməsi qaydalarını tənzimləyir.
2.1. Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerləri, park ərazilərində, yaşayış zonalarında, səkilərdə, velosiped yollarına bitişik hissədə digər hərəkət iştirakçılarına maneə yaratmamaq şərti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilir.
2.2. Parklanma yerləri müəyyən edilərkən aşağıdakı meyarlar nəzərə alınmalıdır:
2.2.1. cəlbetmə məntəqələrinin (ictimai iaşə obyektləri, iş yerləri, ticarət obyektləri, idman və əyləncə obyektləri, təhsil müəssisələri və s.) mövcudluğu;
2.2.2. nəqliyyat infrastrukturu obyektlərinin (metro və dəmiryol stansiyaları, avtobus dayanacaqları, nəqliyyat mübadilə məntəqələri) mövcudluğu;
2.2.3. insanların sıx məskunlaşdığı və gündəlik olaraq intensiv hərəkət etdiyi ərazilərdə bir-birindən ən azı 200-300 metr piyada gedişi məsafəsinin, digər ərazilərdə isə ən azı 300-400 metr piyada gedişi məsafəsinin mövcudluğu.
2.3. Parklanma yerləri elə təşkil olunmalıdır ki, parklanan kiçik elektrik nəqliyyat vasitələri skamyaların, yanğınsöndürmə hidrantlarının və küçədə mövcud olan digər qurğu və avadanlıqların istifadəsinə, habelə nəqliyyat vasitələrinin və yol hərəkəti iştirakçılarının hərəkətinə maneə törətməsin və onlara təhlükə yaratmasın.
2.4. Parklanma yerləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazilərdə, o cümlədən səkilərdə təşkil edildiyi halda, piyadalar üçün minimum 1,5 metr hərəkət hissəsi saxlanılmalıdır.
3.1. Parklanma yerləri ərazinin quruluşuna görə bucaq altında və ya paralel istiqamətdə düzbucaqlı formada təkcərgəli (1 nömrəli əlavə), çoxcərgəli (4 nömrəli əlavə), yarımdairəvi (2 nömrəli əlavə), dairəvi (3 nömrəli əlavə) və bitişik təkcərgəli parklanma yerləri olan çoxcərgəli (5 nömrəli əlavə) formada təşkil olunur.
3.2. Bitişik təkcərgəli parklanma yerləri olan çoxcərgəli parklanma yerləri təşkil edilərkən cərgələrarası məsafə ən azı 1,5 metr təşkil edir.
3.3. Parklanma yerləri hər kiçik elektrik nəqliyyat vasitəsi üçün ən azı 0,40 metr enində, 1,5 metr uzunluğunda təşkil edilir.
Kiçik elektrik nəqliyyat vasitələri parklanma yerlərində yerə uzadılmadan, parklanmış digər kiçik elektrik nəqliyyat vasitələrinə toxunmadan, parklanmış kiçik elektrik nəqliyyat vasitələrinin arasından istənilən kiçik elektrik nəqliyyat vasitəsinin asanlıqla çıxarılmasına imkan yaradılmaqla parklanmalıdır.
1. Bu sənəd “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq hazırlanmışdır və kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini müəyyən edir.
2. Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri aşağıdakı tələblərə uyğun olaraq müəyyən edilir:
2.1. Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərinin inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 6-dan çox olmamaqla;
2.2. Azərbaycan Respublikasının digər şəhər və rayonlarının inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 4-dən çox olmamaqla.