“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyul tarixli 156 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 dekabr 2024-cü il
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-2-ci maddəsinin I hissəsinin 2-ci bəndinə uyğun olaraq, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sisteminə aşağıdakı məlumatlar ötürülür:
1. kiçik elektrik nəqliyyat vasitəsinin operatoru olan hüquqi şəxsin adı və VÖEN-i və ya fərdi sahibkarın soyadı, adı və atasının adı, VÖEN-i;
2. kiçik elektrik nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən olunmuş eyniləşdirmə məlumatı, habelə operatoru tərəfindən müəyyən olunmuş eyniləşdirmə nömrəsi;
3. kiçik elektrik nəqliyyat vasitəsilə səfərin eyniləşdirmə nömrəsi, səfərin başlanma və başa çatma yeri, tarixi və vaxtı, səfər üzrə hərəkət marşrutu və sürəti barədə məlumatlar.