Qanunvericilik › Kiçik həcmli gəmilərin dövlət qeydiyyatı qaydaları (Fövqəladə Hallar Nazirliyi, 16.07.2007) › Tam mətn

Kiçik həcmli gəmilərin dövlət qeydiyyatı qaydaları (Fövqəladə Hallar Nazirliyi, 16.07.2007)

Kiçik həcmli gəmilərin dövlət qeydiyyatı qaydaları (Fövqəladə Hallar Nazirliyi, 16.07.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Nazir ________________ Fikrət Məmmədov

Nazir _____________ Kəmaləddin Heydərov

1.1. Hazırkı qaydalar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə və 2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə”yə müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslərə məxsus kiçik həcmli gəmilərin (bundan sonra - gəmilər) dövlət qeydiyyatına alınması qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərə məxsus gəmilərin dövlət qeydiyyatı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi (bundan sonra - Müfəttişlik) tərəfindən həyata keçirilir.

1.3. Hüquqi və fiziki şəxslər onlara məxsus gəmiləri texniki vəziyyətindən asılı olmayaraq, satın aldıqları və ya gömrük qeydiyyatından keçdiyi andan, yaxud qeydiyyat zərurətinə səbəb olan vəziyyət yarandıqdan 10 gün müddətində dövlət qeydiyyatına alınmaq üçün Müfəttişliyin müvafiq şöbəsinə ərizə ilə müraciət etməlidirlər.

1.4. Hüquqi şəxslərə məxsus gəmilər onların hüquqi ünvanı və ya dayanacaq yeri üzrə, fiziki şəxslərin mülkiyyətində olan gəmilər isə onların sahiblərinin yaşadığı ünvan və ya dayanacaq yeri üzrə dövlət qeydiyyatına alınır.

1.5. Fərdi qaydada tikilmiş gəmilərin ilkin texniki sənədləri olmadıqda onlara lazımi sənədləri vermək səlahiyyəti olan təşkilatlardan texniki sənədlərin alınması prosedurundan və ilkin texniki müayinədən keçdikdən sonra dövlət qeydiyyatına alınır.

2.1. Gəmilərin dövlət qeydiyyatı onların sahibləri tərəfindən yaşayış yeri və ya gəminin dayanacaq yeri üzrə ərizə ilə müraciət olunduqda və zəruri sənədlər qeydiyyat orqanına daxil olduğu andan 10 gün müddətində həyata keçirilir.

2.2. Gəmi sahibləri və ya onların adından qanunvericiliyə müvafiq olaraq etibarnamə əsasında çıxış edən səlahiyyətli nümayəndələri tərəfindən gəmilərin dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər təqdim edilir:

- gəmi sahibi tərəfindən doldurulmuş ərizə kartı (əlavə 1);

- gəmi sahibinin şəxsiyyətini təsdiq edən sənəd;

- Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün gəmi sahibi və ya onu əvəz edən səlahiyyətli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsiyyətini təsdiq edən sənəd;

- gəminin və mühərriklərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənədlərin əsli və surəti (aşağıda göstərilən sənədlərdən ən azı biri təqdim olunmalıdır):

- alqı-satqı və ya bağışlanma müqaviləsi;

- vərəsəlik haqqında şəhadətnamə;

- xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənəd;

- Müfəttişlik tərəfindən gəminin istismara yararlı olması haqqında təqdim olunmuş texniki baxış aktı (əlavə 2);

- zavodda istehsal olunan gəmilərə, əsas və ya asma mühərriklərə aid olan texniki sənədlərin əsli və surəti;

- gəminin dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənəd;

- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquq müəyyən edən sənədlər.

2.2-1. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.3. Dövlət qeydiyyatına təqdim olunmuş bütün sənədlərdə aparılan qeydlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır (və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət dilinə tərcümə).

2.4. Qeydiyyat zamanı təqdim olunan rəsmi xarici sənədlər Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və ya konsulluqlarında müəyyən olunmuş qaydada təsdiq edilməlidir.

2.5. Hüquqi şəxsə məxsus olan gəminin dövlət qeydiyyatı üçün bu Qaydaların 2.2 bəndində göstərilənlərdən əlavə aşağıdakı sənədlər təqdim olunur:

- hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən şəhadətnamənin əsli və surəti;

- qeydiyyatdan keçirilən gəminin, müəssisənin balansında olması haqqında arayış;

- gəminin istismarına görə məsul şəxsin təyinatı haqqında, müəssisə rəhbəri tərəfindən verilmiş əmrin surəti;

- dövlət qeydiyyatı üçün lazım olan sənədləri Müfəttişliyə təqdim edən şəxsə verilmiş etibarnamə.

2.5-1. Bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.6. Azərbaycan Respublikasının ərazisində yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə məxsus olan gəmilərin dövlət qeydiyyatı ümumi əsaslarla həyata keçirilir.

2.7. Qeydiyyatdan keçmiş gəmiyə gəmi bileti təqdim edildikdən sonra qeydiyyat üçün təqdim edilmiş sənədlərin əsli qaytarılır.

2.8. Qeydə alınmış gəmiyə bort nömrəsi və gəmi sahibinə gəmi bileti verilir. (əlavə 3).

2.9. Ərizə kartı Müfəttişliyin arxivində saxlanılır.

2.10. Gəminin dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş sənədlərdə (bu Qaydaların 2.2-1-ci və 2.5-1-ci bəndlərinin tələbləri nəzərə alınmaqla) müəyyən olunmuş qaydada təsdiq edilməmiş qeydlər, silinmiş sözlər və digər düzəlişlər olduğu halda sənədlər icraya qəbul edilmir.

2.11. Vərəsəlik üzrə alınmış gəmilərdən başqa, gəmilərin qeydiyyatı 16 yaşına çatmış şəxslər üçün edilə bilər. Gəmi vərəsəlik hüquqi ilə 16 yaşına çatmamış şəxsin adına qeydə götürülərkən qeyd vərəqində valideynin və ya qəyyumun soyadı, adı, atasının adı yazılır və qeyd olunur ki, valideynlərin, himayədar orqanların və qəyyumun razılığı olmadan gəminin qeydiyyatdan çıxarılması qadağandır.

2.12. Qeydiyyata götürülməmiş gəmilərin istismarı qadağandır.

3.1. Gəmilər aşağıdakı hallarda təkrar dövlət qeydiyyatına alınırlar:

- gəmi sahibinin yaşayış yeri və ya gəmilərin daimi dayanacaq yeri dəyişdirildikdə;

- gəminin sahibi dəyişildiyi halda;

- gəmi biletinə daxil edilmiş göstəricilər dəyişdirildikdə - gəminin konstruksiyasında dəyişikliklər olduqda, mühərriklərin sayı dəyişdikdə, həmçinin mühərrik daha güclü mühərriklə əvəz olunduqda.

3.2. Gəminin təkrar dövlət qeydiyyatı aşağıda göstərilən sənədlər təqdim olunduğu halda həyata keçirilir:

- gəmi sahibinin ərizəsi;

- təkrar dövlət qeydiyyatının aparılması zərurətini təsdiq edən sənəd;

- gəmi sahibinin şəxsiyyətini təsdiq edən sənəd;

- təkrar dövlət qeydiyyatına görə müəyyən olunmuş haqqın ödənilməsini təsdiq edən sənəd;

- gəminin istismara yararlı olması haqqında texniki baxış aktı.

Gəmi təkrar dövlət qeydiyyatına alındıqda gəmi sahibinə yeni gəmi bileti verilir və ya mövcud olan gəmi biletində müvafiq düzəlişlər edilir.

3.2-1. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.3. Gəminin mühərriki daha zəif və ya eyni gücə malik mühərriklə əvəz olunduqda gəmi təkrar dövlət qeydiyyatına alınmadan qeydiyyat reyestr kitabında və gəmi biletində müvafiq düzəlişlər edilir.

4.1. Gəmi biletinin alınması faktı, gəmi mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin qeydiyyat reyestr kitabında imzası ilə təsdiq edilir.

4.2. Gəmi gəmi mülkiyyətçisinin adına qeydiyyata alınır.

4.3. Gəminin bir neçə mülkiyyətçisi varsa dövlət qeydiyyatı və mülkiyyət hüququ ərizə kartında göstərilmiş mülkiyyətçilərə ayrılmış pay göstərilməklə pay hüququna malik olan hüquqi və ya fiziki şəxslərin hər birinin adlarına ayrıca həyata keçirilir.

4.4. Gəmi dövlət qeydiyyatına alındıqdan sonra gəmiyə gəmi bileti verilir. Gəmi bileti gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu və sahibinə məxsusluğunu təsdiq edir.

4.5. Gəmi bileti gəminin qeydiyyatını təsdiq edən sənəd olmaqla qeydiyyat nömrəsinə malikdir. Gəmi biletləri müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə hazırlanır.

4.6. Gəmi bileti gəmi sahibinin sərəncamında olur. Gəmidə müəyyən olunmuş qaydada təsdiq edilmiş gəmi biletinin surəti saxlanılır.

4.7. Gəmi sahibinin mülkiyyətində bir neçə gəmi varsa onların dövlət qeydiyyatı zamanı hər bir gəmi üçün qeydiyyat sənədləri ayrılıqda tərtib olunaraq, gəmi bileti verilir.

4.8. Gəmi biletində gəminin təsnifatı və məxsusluğu haqqında qeydlər aparılır.

4.9. Gəmi biletinə aşağıda göstərilən məlumatlar daxil edilir:

- gəminin adı və tipi;

- yaxtalar üçün dərəcə nişanı;

- gəminin ölçüləri: uzunluğu, eni, bort hündürlüyü, suya oturumu, tutumu;

- gövdənin materialı;

- sərnişin götürmə qabiliyyəti;

- yük götürmə qabiliyyəti;

- tikildiyi il və yer;

- mühərriklərin adı, tipi, sayı, idarə olunması, zavod nömrəsi, gücü;

- ehtiyat mühərriklərin sayı, adı, gücü;

- xilasedici avadanlıqlarla təminatı;

- gəminin bort nömrəsi, seriyası, reyestr nömrəsi;

- gəmi sahibi və onun ünvanı.

4.10. Gəmi bileti 5 (beş) il müddətinə verilir.

4.11. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq gəmi bileti itdikdə və ya yararsız hala düşdükdə mülkiyyətçinin və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi əsasında gəmi yenidən texniki baxışdan keçirilir və gəmiyə gəmi biletinin dublikatı verilir. Gəmi biletində "DUBLİKAT" möhürü vurularaq, qeydiyyat kitabında müvafiq qeydlər aparılır.

5.1. Bu Qaydaların 5.3. bəndində göstərilən hallar istisna olmaqla, gəminin bort nömrəsi dörd rəqəmdən, seriyası isə Azərbaycan əlifbasının üç hərfindən ibarət olur.

5.2. Fiziki şəxslərə məxsus gəmilərdə seriya nömrədən əvvəl, hüquqi şəxslərə məxsus gəmilərdə isə seriya nömrədən sonra yazılır.

5.3. Xarici vətəndaşlara məxsus gəmilərdə seriya iki hərfdən ibarət olmaqla nömrə yazılışı 5.2.-ci bənddə göstərilən qaydada aparılır.

5.4. Bort nömrəsi yuyulmayan boya ilə gəminin hər iki bortuna gövdə uzunluğunun burun hissəsindən 1/4 aralıq məsafədə yazılır. Hərflərin və rəqəmlərin hündürlüyü 150 mm, eni 100 mm, xəttin qalınlığı isə 15-20 mm təşkil etməlidir.

5.5. Gəminin konstruktiv xüsusiyyətlərində göstərilən tələblərin yerinə yetirilməsi mümkün olmadıqda, nömrə Müfəttişliyin müəyyən etdiyi yerdə yazılır.

6.1. Gəmi sahibinin təqdim etdiyi ərizə-kartda göstərdiyi ad gəmiyə verilir.

6.2. Gəminin adı hər iki bortunda, gəminin burun hissəsində yazılır.

7.1. Gəminin dövlət qeydiyyat reyestr kitabına (əlavə 4) aşağıda göstərilən əsas məlumatlar daxil edilir:

- qeydiyyatın sıra nömrəsi, gəminin qeydiyyat nömrəsi və onun qeydiyyat tarixi;

- gəminin qeydiyyatda olduğu yer;

- gəminin adı (gəmi sahibinin ərizəsində qeyd olunan gəminin adı) və gəminin çağırış siqnalı;

- gəminin növü və təyinatı;

- gəmiqayırma tərsanəsinin adı, gəminin istehsal olunduğu yer və il;

- gəminin zavod nömrəsi, gövdənin materialı, onun əsas ölçüləri, tutumu, tam yükgötürmə qabiliyyəti, sərnişin götürmə qabiliyyəti, üzmə rayonu;

- əsas və asma mühərriklərin zavod nömrəsi və gücü;

- mülkiyyətçinin adı, vətəndaşlığı, ünvanı, hüquqi şəxs üçün isə dövlət qeydiyyatı barədə məlumatlar (gəminin bir neçə mülkiyyətçisi olduqda ümumi mülkiyyətdə pay bölgüsü göstərilməklə);

- gəmi sahibinin mülkiyyət hüququnu təsdiq edən sənəd;

- gəminin dövlət qeydiyyatını aparan vəzifəli şəxsin və gəmi sahibinin imzası;

- gəminin qeydiyyatdan çıxma səbəbi və tarixi.

8.1. Gəminin dövlət qeydiyyatından aşağıdakı hallarda imtina edilir:

- səlahiyyəti olmayan şəxs tərəfindən qeydiyyata alınmaq üçün müraciət olunduqda;

- gəminin əvvəlki reyestrindən çıxarılması ilə bağlı tələblərə riayət olunmadıqda;

- dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər (bu Qaydaların 2.2-1-ci, 2.5-1-ci və 3.2-1-ci bəndlərinin tələbləri nəzərə alınmaqla) Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda.

8.2. Gəmi dövlət qeydiyyatına götürülmədikdə imtina hallarının konkret səbəbləri Müfəttişliyin rəhbərliyi tərəfindən gəmi sahibinə yazılı şəkildə təqdim edilir.

8.3. Gəminin dövlət qeydiyyatı qanunvericiliyin və bu Qaydaların tələbləri pozularaq həyata keçirildikdə, həmçinin imtina üçün əsas olan hallar gələcəkdə müəyyən edildikdə dövlət qeydiyyatı etibarsız hesab olunur.

Bu halda gəmi bileti dövlət qeydiyyatı orqanına təhvil verilərək, üzərində "qeydiyyat etibarsızdır" qeydi aparılır. Bu cür qeydlər dövlət qeydiyyat reyestr kitabında və qeydiyyatdan çıxarılmış gəmilər üçün arxivdə saxlanılan ərizə kartında da aparılır.

8.4. Dövlət qeydiyyatından keçməyən gəminin istismara buraxılması qadağandır.

8.5. Müfəttişlik tərəfindən gəmiyə verilmiş ad və bort nömrəsi gəminin gövdəsində yazılmadan, gəminin istismara buraxılmasına icazə verilmir.

8.6. Gəmi biletinə daxil edilmiş məlumatlardan əlavə gəmidə hər hansı bir dəyişiklik edildiyi halda, gəmi mülkiyyətçisi Müfəttişliyə bu cür dəyişikliyin olduğu gündən etibarən 10 gün ərzində məlumat verməlidir.

8.7. Gəmi texniki cəhətdən tamamilə işlənib sıradan çıxdıqda, yaxud məhv olduqda texniki baxış zamanı bu hallar aktla təsdiq edildikdə gəminin silinməsi üçün Müfəttişlik tərəfindən qərar çıxarılır və dövlət reyestr kitabında müvafiq qeydlər edilir. Belə hallarda gəmi bileti alınır və Müfəttişliyin arxivində saxlanılır.

Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

1. 26 dekabr 2024-cü il tarixli 20/01-017 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202412261017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 yanvar 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver