Nazir _____________ Fikrət Məmmədov
Nazir _________ Kəmaləddin Heydərov
1.1. Hazırkı qaydalar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"yə və 2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə"yə müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasının daxili sularında üzən kiçik həcmli gəmilərin istismarına nəzarət qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasında kiçik həcmli gəmilərin təhlükəsiz istismarı və idarə olunmasının təmin edilməsi üzrə tələblərə riayət olunmasına nəzarəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi (bundan sonra Müfəttişlik) həyata keçirir.
1.3. Daxili sularda və çayların mənsəblərində yalnız Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilər hərəkət edə bilərlər.
1.4. Bütün gəmilər sərhəd, gömrük, hərbi-dəniz və hərbi-hava qüvvələrinin ilk göstərişlərinə əsasən hərəkətini dayandırmalı və tələb olunan yerə hərəkət etməlidirlər.
1.5. Sərhəd sularında balıq ovu ilə məşğul olmaq və digər işləri yerinə yetirməyə yalnız günün işıqlı vaxtı icazə verilir.
1.6. Gəmi sənədlərində qeyd edilmiş yükgötürmə qabiliyyətinə və gəminin yük nişanına əsasən yüklənə bilər.
1.7. Gəmi sənədlərində göstərilmiş saydan artıq sərnişin daşınması qəti qadağandır.
1.8. Kiçik həcmli gəmilər Müfəttişlikdə dövlət qeydiyyatına alınmalıdırlar. Qeydiyyata alınmış kiçik həcmli gəmi sahibinə, müəyyən olunmuş qaydada gəmi bileti və tanınma (bort nömrəsi) nömrəsi verilir.
1.9. Kiçik həcmli gəmi sahibləri mülkiyyətində olan gəmiləri texniki vəziyyətinin qiymətləndirilməsi və üzmə müddətinin uzadılması üçün hər il texniki baxışdan keçirməlidirlər.
1.10. Kiçik həcmli gəmiləri idarə etmək üçün sürücülər Müfəttişlik tərəfindən verilmiş, kiçik həcmli gəmilərin idarə edilməsi hüququnu verən sürücülük vəsiqəsinə malik olmalıdırlar.
1.11. Kiçik həcmli gəmilərin sahibləri və sürücüləri gəmiləri idarə etmək hüququnu əldə etmək məqsədi ilə "Dənizdə İnsan Həyatının Mühafizəsinə dair" 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq sudaxilasetmə üzrə müvafiq şəhadətnamələrə malik olmalıdırlar.
1.12. Kiçik həcmli gəmilər baza və körpülərin akvatoriyasında üzərkən Ultra Qısa Dalğa (UQD) Radiostansiya vasitəsi ilə rabitə əlaqəsinə malik olmalıdırlar. UQD radiostansiyaya malik olmayan gəmilərin üzməsi qadağandır.
2.1. İstismar zamanı gəmi sürücülərində aşağıda göstərilən sənədlər olmalıdır:
- gəmi bileti və ya gəmi biletinin müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
- sürücülük vəsiqəsi;
- texniki baxışdan keçməsini təsdiq edən sənəd;
- sürücünün şəxsiyyətini təsdiq edən sənəd;
- gəmini idarə etmək üçün mülkiyyətçi tərəfindən verilmiş etibarnamə.
3.1. Kiçik həcmli gəmilərin istismarı aşağıdakı hallarda qadağan edilir:
- gəmi dövlət qeydiyyatından keçmədikdə;
- gəmi texniki baxışdan keçmədikdə;
- gəminin bort nömrəsi olmadıqda;
- gəmidə yük və sərnişingötürmə normaları pozulduqda;
- gəmini idarə edən şəxsin sürücülük vəsiqəsi olmadıqda;
- gəmini idarə edən şəxs sərxoş olduqda;
- qəbul edilmiş sürət qaydaları pozulduqda;
- səs siqnalları, fərqləndirici işıqlandırma və manevretmə qaydaları pozulduqda;
- icazə olmadan qadağan olunmuş ərazilərdə gəmini idarə etdikdə;
- insanların kütləvi istirahət etdiyi ərazilərdə gəmini idarə etdikdə;
- su motosikl və hidrosiklərin hərəkəti vaxtı ona yaxınlaşdıqda;
- gəmidə azyaşlı uşaqlar valideynlər tərəfindən müşayiət edilmədikdə;
- gəmi təyinatından kənar sahə üzrə istismar olunduqda;
- hərəkət vaxtı insanların bir gəmidən başqa gəmiyə keçmək halları müşahidə edildikdə;
- yanacaq doldurma vaxtı yanğından mühafizə qaydaları pozulduqda;
- gəmi biletində qeyd olunmayan mühərrikdən istifadə edildikdə;
- görmə məsafəsi məhdud olduğu hallarda və dumanlı hava şəraitində idarə edildikdə;
- kanallarda, torpaqsovuran qurğuların işlədiyi yerlərdə və qəza təmir işləri aparılan yerlərdə keçmə qaydaları pozulduqda;
- üzmə qaydaları və sərnişinlərin təhlükəsizliyi təmin olunmadıqda.
4.1. Nasaz gəmilər aşağıdakı hallarda istismara buraxılmır:
- yerindən asılı olmayaraq gəminin bortunda açıq dəliklər olduğu halda;
- gəminin germetik bölmələri su və hava buraxdıqda;
- sükan qurğuları detallarının konstruksiyada nəzərdə tutulmuş qaydada bərkidilməməsi, zədələnməsi və ya onun etibarlı işləməsi təmin olunmadıqda;
- səsboğucu olmadıqda və ya nasaz olduqda, yanacaq borusu və ya çəndən yanacaq sızdıqda, uzaqdan idarəetmə sistemi zədələndikdə;
- gəmi biletində göstərilən normalarda avadanlıqlarla təchiz edilmədikdə.
5.1. Kiçik həcmli gəmi sürücüsünün vəzifələri aşağıdakılardır;
5.1.1. gəminin istismar qaydalarını bilməli, bu Qaydaların və beynəlxalq müqavilələrin tələblərinə əməl etməlidir.
5.1.2. səfərə çıxmazdan əvvəl gəminin sazlığını və müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqla təmin olunmasını yoxlamalıdır.
5.1.3. sərnişinləri gəmidə təhlükəsizlik qaydaları ilə təlimatlandırılmalı, gəmiyə təhlükəsiz minib-düşməni təmin etməlidir.
5.1.4. suda insanların təhlükəsizliyinə, gəminin qəzasız üzməsinə, ətraf mühitin qorunmasına əməl etməlidir.
5.1.5 suda qəzaya uğrayan insanlara yardım göstərməli və bu barədə Müfəttişliyin müvafiq qurumuna xəbər verməlidir.
5.1.6. Müfəttişliyin əməkdaşları və gəmini saxlamaq hüququna malik olan digər orqanların göstərişi ilə gəmini saxlamalı və onların tələblərinə əməl etməlidir.
5.1.7. dayanacaq üçün bazalardan istifadə edərkən müəyyən olunmuş normalara və qaydalara riayət etməlidir.
Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.