Qanunvericilik › Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

kinematoqrafiya — kinematoqrafiya əsərlərinin yaradılmasına və istifadəsinə yönəldilmiş peşəkar, yaradıcı, istehsal, elmi, texniki və təhsil fəaliyyətinin məcmusundan ibarət mədəniyyət və incəsənət sahəsi;

film — yaradıcı ideya əsasında bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi, televiziya və başqa janrlarda yaradılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq qurğular vasitəsilə görmə və eşitmə qavrayışı üçün nəzərdə tutulan, kinolentə və başqa daşıyıcılara həkk olunan, mövzu bütövlüyü əsasında birləşdirilən təsvirlər silsiləsindən ibarət audiovizual əsər (tammetrajlı film — 52 dəqiqədən az olmayan, qısametrajlı film — 52 dəqiqədən az olan film);

milli film – xarici film hesab edilməyən və bu Qanunun 4-cü maddəsində göstərilən tələblərə cavab verən film;

xarici film – bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;

birgə istehsal filmi – yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film;

film istehsalı – film çəkilişinə hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması mərhələlərini özündə əhatə edən proses;

film çəkilişinə hazırlıq – filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin yazılması və film çəkilişi məqsədi ilə digər inzibati və texniki məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;

film çəkilişi – filmin bilavasitə kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən fəaliyyətləri əhatə edən proses;

filmin çəkilişinin tamamlanması – çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən proses;

kinosalnamə — audiovizual vasitələrlə dövrün səciyyəvi xüsusiyyətlərini və xalqın tarixini özündə əks etdirən və müntəzəm çəkilən sənədli süjetlər;

filmin yayımı — filmin müxtəlif forma və vasitələrlə yayılması;

filmin nümayişi — filmin kinozalda, peyk, kabel yayımları və başqa texniki vasitələrlə kütləvi nümayişi;

filmin quruluşçu rejissoru — filmin yaradılması ilə bağlı yaradıcılıq və istehsalat işini idarə edən və filmin bədii-ideya mənasını müəyyənləşdirən peşəkar yaradıcı şəxs;

filmin prodüseri — filmin maliyyələşdirilməsini, istehsalını və yayımını öhdəsinə götürən hüquqi və ya fiziki şəxs;

yerli prodüser – Azərbaycan Respublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan prodüser;

xarici prodüser – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser;

filmin çəkiliş qrupu — bilavasitə filmin istehsalı ilə məşğul olan yaradıcı, texniki və inzibati işçilərdən ibarət heyət;

kinozal — filmin nümayiş edildiyi yer;

kinematoqrafiya müəssisəsi — təşkilati-hüquqi formasından asılı olmayaraq, fəaliyyət növlərinə görə film istehsalı, kinosalnamə çəkilişi, filmin çoxaldılması, bərpası, yayımı və nümayişi, kinozala texniki xidmət, kino materiallarının və avadanlığının hazırlanması, film, kinosalnamə istehsalı üzrə işlərin görülməsi və xidmət göstərilməsi (kino avadanlığının kirayəyə verilməsi, pavilyonların, kino komplekslərinin icarəyə verilməsi, kostyumların tikilişi, dekorasiyaların qurulması, qrimin, parik məmulatının, rekvizitin, oyun texnikasının, xüsusi effektlərin hazırlanması, kinolentlərin emalı, filmin səs düzümü və s.), kinematoqrafiya sahəsində tədris, elmi, təbliğai, nəşriyyat, reklam-təbliğat və təchizat, filmin və kinosalnamənin yekun materiallarının mühafizəsi ilə məşğul olan müəssisə;

kinematoqrafiya ictimai birliyi — yaradıcılıq və sosial problemlərin həlli məqsədilə ittifaq, birlik, gildiya, assosiasiya və başqa qurumlarda kinematoqrafçıların birləşdikləri yaradıcı və ya peşəkar ictimai birlik;

filmin ilkin materialları — filmin çoxaldılması üçün lazım olan neqativ, kontratip, filmin nəzarət nüsxəsi, dialoq, monoloq, replika, səs və səs effektlərinin maqnit fonoqramlarının orijinalı;

filmin çoxaldılması — istənilən maddi formada (kinolent, video və digər daşıyıcılar üzərində) filmin bir və ya daha artıq nüsxəsinin hazırlanması;

debüt filmlər — kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçinin ilk yaradıcılıq işi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver