Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
Kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və informasiya vasitələrindən istifadənin hamı üçün açıq olması;
milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fondların toxunulmazlığı və üstün maliyyələşdirilməsi.
Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
Kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi;
kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul və tətbiq edilməsi;
kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks olunması;
- milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması;
dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət kitabxanalarının milli və xarici ədəbiyyatla ardıcıl təchizatı sisteminin yaradılması;
xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan nadir kitabların və əlyazmaların (imkan olmadıqda surətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması;
dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət kitabxanalarının müasir avadanlıq və texniki vasitələrlə təchiz edilməsi;
kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi;
kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili;
təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana fondlarının mühafizəsinin təmin olunması;
qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması;
kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması;
kitabxana fondlarının statistik uçotunun aparılması.