Qanunvericilik › “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.09.2019) › Tam mətn

“Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.09.2019)

“Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.09.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 593 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 25 sentyabr 2019-cu il

1.1. Bu Qayda “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə əsasən hazırlanmışdır.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” və “Media haqqında” qanunlarında və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

1.3. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur.

1.4. Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatına nəzarəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir.

2.1. Aşağıdakı çap məhsulları bu Qaydanın məqsədləri üçün məcburi nüsxələr hesab edilir:

2.1.1. kitab, almanax və kitabçalar;

2.1.2. dövri mətbuat materialları, qəzet və jurnallar;

2.1.3. avtoreferat, monoqrafiya və dissertasiyalar;

2.1.4. not yazıları, albom və statistik materiallar;

2.1.5. xəritə, atlas və kartoqrafik materiallar;

2.1.6. afişa, plakat və bukletlər;

2.1.7. broşür, bülleten, açıqca və poçt markaları;

2.1.8. dərsliklər, dərs vəsaitləri və proqramlar;

2.1.9. özündə elmi, ədəbi və informativ məlumatları ehtiva edən digər nəşrlər.

2.2. Reklam və təbliğat məqsədilə çap edilən bütün növ nəşr məhsulları məcburi nüsxə hesab olunmur.

3.1. Kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər aşağıdakılardır:

3.1.1. dövlət nəşriyyatları;

3.1.2. qeyri-dövlət nəşriyyatları;

3.1.3. nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri;

3.1.4. qəzet və jurnal redaksiyaları;

3.1.5. nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər.

4.1. Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində Azərbaycan Milli Kitabxanasına və 2 pulsuz məcburi nüsxəsi Azərbaycan Respublikası Prezidentinin Kitabxanasına, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına, Azərbaycan Respublikasının Dövlət Elmi-Tibbi Kitabxanasına, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasına, Respublika Elmi-Pedaqoji Kitabxanasına, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına göndərilməlidir.

4.2. Qəzet və jurnal redaksiyalarının buraxdıqları qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsi tirajın ilk buraxılışı hazırlanan kimi, bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara göndərilməlidir.

4.3. Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda, məcburi nüsxələrin elektron variantları da bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara təqdim olunmalıdır.

4.4. Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir və sifarişçinin hesabına çap olunur.

5.1. Məcburi nüsxələr bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş subyektlər tərəfindən birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim olunur.

5.2. Bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan halda məcburi nüsxələrin elektron variantı kitabxanaların saytlarında qeyd olunan ünvana elektron poçt və ya elektron daşıyıcılar vasitəsilə təqdim edilir.

6.1. Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

6.2. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

20 mart 2020-ci il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 07 aprel 2020-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 364)

8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver