“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 263 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Köçürülmə planı və köçürülmə təlimatının hazırlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 24 fevral 2012-ci il
1.1. Bu Qayda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 263 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) tərəfindən müsabiqə yolu ilə dövlət və ya özəl qurumlardan, o cümlədən qeyri-hökumət təşkilatlarından seçilmiş, müvafiq sosial və texniki biliklərə və bacarığa malik olan şəxs və ya təşkilat (bundan sonra - planlaşdırıcı) tərəfindən köçürülmə planı və köçürülmə təlimatının hazırlanması qaydasını müəyyən edir.
1.2. Alınan torpağı tərk etmələri və həmin torpaqdan 100 (yüz) metrdən uzaq olan yerə köçmələri tələb olunan şəxslərin sayı 200 (iki yüz) nəfərdən artıq olduqda, alan orqan köçürülmə planını, digər hallarda isə köçürülmə təlimatını hazırlamaq öhdəliyi daşıyır.
1.3. Alan orqan alınan torpağı tərk etmələri tələb olunan şəxslərin sayını müəyyənləşdirərkən, layihənin hansı müddət və mərhələlərlə icra edilməsinin planlaşdırılmasından asılı olmayaraq, alınan torpağı tərk etmələri tələb olunan bütün şəxslərin sayını nəzərə almalıdır.
1.4. Planlaşdırıcı aşağıdakıları həyata keçirir:
1.4.1. köçürülmə planının hazırlanması üçün seçildiyi gündən 3 (üç) ay ərzində həmin planı hazırlayır;
1.4.2. köçürülmə təlimatının hazırlanması üçün seçildiyi gündən 2 (iki) ay ərzində həmin təlimatı hazırlayır.
1.5. Planlaşdırıcı hər köçürülmə ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərin və köçürülmə üçün istifadə edilə biləcək torpaqda məskunlaşmış şəxslərin (sakinlərin) şəraitini, şərtlərini və istəklərini müəyyən etmək üçün alınan torpağın, alınmanın təsirinə məruz qalan şəxslərin və köçürülmə məqsədləri üçün istifadə edilə biləcək hər hansı ərazinin müşahidəsini aparır.
1.6. Planlaşdırıcı alınmanın təsirinə məruz qalan şəxslərlə və köçürülmə üçün istifadə edilə biləcək ərazilərin sakinləri ilə onların şərtlərini və ehtiyaclarını anlamağa yardım edəcək ictimai iclaslar keçirməlidir.
1.7. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş müşahidənin nəticələri ictimai iclaslara dair hesabatla birlikdə baxılmaq üçün köçürülmə komissiyasına təqdim edilir.
1.8. Planlaşdırıcı aparılan müşahidələr, digər müvafiq məlumatlar, alan orqanın rəyləri və ictimai iclaslarda və köçürülmə komissiyası tərəfindən edilmiş qeydlər əsasında köçürülmə planının və ya təlimatının layihəsini hazırlayır.
1.9. Köçürülmə planının və ya təlimatının layihəsi ictimai iclaslarda münasibət bildirilməsi üçün alınmanın təsirinə məruz qalan şəxslərə təqdim edilir.
1.10. Köçürülmə planının və ya təlimatının layihəsi bu Qaydanın 1.8-ci bəndində qeyd edilən ictimai iclasa dair hesabatla birgə baxılmaq üçün köçürülmə komissiyasına təqdim edilir.
1.11. Planlaşdırıcı ictimai iclaslarda, o cümlədən köçürülmə komissiyası tərəfindən edilmiş qeydləri, köçürülmə planında və ya təlimatında dəyişikliklər edilməsi ilə bağlı təklifləri nəzərə alır və layihədə müvafiq dəyişikliklər edir.
1.12. Planlaşdırıcı köçürülmə planını və ya təlimatını alınmanın həyata keçirilməsinə nəzarət edən orqana (bundan sonra - nəzarət orqanı), habelə alan orqana təqdim edir.
1.13. Alan orqan köçürülmə planının və ya təlimatının icrası ilə bağlı köçürülmə komissiyası ilə mütəmadi iclaslar keçirir.
2.1. Köçürülmə planında və ya təlimatında alınmanın təsirinə məruz qalan şəxslər üçün aşağıdakıların təmin edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulmalıdır:
2.1.1. yerdəyişmə zamanı maliyyə və praktiki yardım;
2.1.2. alınmanın təsirinə məruz qalan şəxslərin ən azı tərk etdikləri yerin şəraitinə bərabər olan yaşayış yeri, yaşayış sahəsi, kənd təsərrüfatı yerləri və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qeyri-yaşayış sahələri;
2.1.3. tələb olunduqda, məbləği və (və ya) həcmi köçürülmədən sonra dolanışıq vasitəsi və yaşayış standartlarını bərpa etmək üçün tələb edilən keçid dövrünün müddəti nəzərə alınmaqla müəyyənləşdirilən maddi və digər yardım;
2.1.4. tələb olunduqda, köçürülmədən sonra dolanışıq vasitəsi və yaşayış standartlarını bərpa etmək üçün təlim və digər yardım.
2.2. Alınmanın təsirinə məruz qalan şəxslərin məskunlaşmış yerlərə (əraziyə) köçürülməsini nəzərdə tutan köçürülmə planında və ya təlimatında, bu Qaydanın 2.1-ci bəndində göstərilənlərə əlavə olaraq, həmin ərazinin sakinlərinin alınmanın təsirinə məruz qalan şəxslərin gəlişinə uyğunlaşmalarına yardım edilməsinin və əlverişsiz şəraitə düşmələrinin qarşısının alınmasının təmin edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulmalıdır.
2.3. Köçürülmə planına və ya təlimatına alınmanın təsirinə məruz qalan şəxslərin mərhələli yerdəyişməsi və köçürülməsi ilə bağlı ətraflı proqram daxil edilir.
2.4. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan tədbirlərlə yanaşı köçürülmə planında və ya təlimatında aşağıdakılar göstərilməlidir:
2.4.1. köçürüləcək şəxslərin və onların təsərrüfatlarının dəqiq və tam şəkildə siyahıya alınması barədə məlumat;
2.4.2. şəxslərin köçürüləcəyi yer (ərazi), həmin ərazidə onlara ayrılan torpaq sahələrinin, yaşayış və (və ya) qeyri-yaşayış sahələrinin ölçüsü və ünvanı barədə məlumat;
2.4.3. şəxslərin köçürüləcəyi yerdə (ərazidə) kommunal xidmətlərin təşkili və onların, habelə yol və digər infrastruktur obyektlərinin işlək vəziyyətdə olması ilə bağlı görüləcək tədbirlər və bu tədbirlərin başa çatmasına dair məlumat;
2.4.4. tikinti işlərinə podratçıların cəlb edilməsi;
2.4.5. şəxslərin köçürüləcəyi yerdə (ərazidə) həyata keçiriləcək tikinti işlərinin hansı müddətə başa çatmasına dair məlumat;
2.4.6. köçürülmə planının və ya təlimatının icrası ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində nəzərdə tutulan tədbirlər barədə məlumat;
2.4.7. köçürülmənin ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi üçün görüləcək tədbirlər.
3.1. Planlaşdırıcı köçürülmə planının və ya təlimatının icrası ilə bağlı həmin planın və ya təlimatın tərkib hissəsi olan və kompensasiyanın qiymətləndirilməsində (müəyyənləşdirilməsində) əsas sənəd kimi tanınan xərclər smetasını hazırlayır.
3.2. Kompensasiyanın qiymətləndirilməsinə (müəyyənləşdirilməsinə) aşağıdakılar daxildir:
3.2.1. torpaqla bağlı bütün sakinlərin malik olduqları və ya iddiasında olduqları hüquqlar, o cümlədən torpağın ümumi istifadəsi ilə bağlı hüquqlar və maraqlar;
3.2.2. köçürülərkən sakinlərin özləri ilə aparacağı mal-qara və digər daşınar əmlak;
3.2.3. sakinlərin üstünlük verdikləri kompensasiya növləri;
3.2.4. müəyyən edilmiş hər bir iddiaya uyğun gəlmək üçün tələb olunacaq kompensasiyanın məbləği və növü;
3.2.5. yerdəyişmə və köçürülmə ilə bağlı xərclər və bununla bağlı yardımın təmin edilməsi üçün digər xidmətlərin və vəsaitlərin xərclər smetası;
3.2.6. planlaşdırıcının rəyinə görə kompensasiyanın qiymətləndirilməsi (müəyyənləşdirilməsi) ilə bağlı digər məsələlər.
4.1. Köçürülmə planının və ya təlimatının hazırlanmasına nəzarəti nəzarət orqanı həyata keçirir.