32.1. Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III və IV hissələrində, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
32.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusuna Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində sorğu verilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir.
32.3. Bu qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş sorğu müvafiq məhkəmə aktının qüvvəyə mindiyi andan altı ay müddətində verilə bilər.
32.4. Sorğu Konstitusiya Məhkəməsinə yazılı şəkildə verilir. Sorğu səlahiyyətli şəxs tərəfindən, kollegial orqanın qərarı əsasında verildikdə isə onun rəhbəri tərəfindən imzalanır.
32.5. Sorğuda aşağıdakılar göstərilməlidir:
32.5.1. Konstitusiya Məhkəməsinin adı;
32.5.2. sorğuverənin adı, ünvanı;
32.5.3. nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna olmaqla, sorğuverənin nümayəndəsi və onun səlahiyyətləri haqqında lazımi məlumatlar;
32.5.4. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktını qəbul etmiş dövlət və ya yerli özünüidarə orqanının, yaxud səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrdə iştirak edən dövlət orqanının adı və ünvanı;
32.5.5. Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ verən və Konstitusiya Məhkəməsi tərəfindən həmin sorğuya baxılması səlahiyyətini təsdiq edən Azərbaycan Respublikası Konstitusiyasının maddələri;
32.5.6. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktının, həmçinin şərh edilməsi xahiş olunan normativ hüquqi aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digər məlumatlar;
32.5.7. məsələyə dair sorğuverənin mövqeyi və Azərbaycan Respublikası Konstitusiyasının və ya digər normativ hüquqi aktlarının müvafiq normalarına istinadla onun hüquqi əsaslandırılması;
32.5.8. Konstitusiya Məhkəməsinə sorğu ilə əlaqədar ünvanlanmış xahiş;
32.5.9. sorğuya qoşulmuş sənədlərin siyahısı.